İlqar Məmmədov
Avropa Şurasının iki təəssüf doğuran xüsusiyyəti – saxta seçkilərin nəticələrinin sürətlə tanınması və azadlığın siyasi motivlərlə itirilməsinin uzun müddət araşdırılması arasında ziddiyyəti qeyri-legitim etməklə bağlı verdiyim sözdən bir gün sonra Bakıda danışan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri cənab Mixail Lobov mənim sarsıdacağım aşağıdakı prinsipi formalaşdırmaqda kömək etdi:
“İnanırıq ki, Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi siyasi məsələ deyil, məhkəmə təcrübəsi məsələsidir".
Dörd seçkidən necə kənarda saxlandığımı aşağıdakı ardıcıllıqla göstərərək, bu inancın nə qədər yerində olub-olmadığına baxaq.
I. Seçkilərdən birinci dəfə kənarda saxlanmağım
2013-cü ilin oktyabr seçkilərində prezidentliyə namizəd olmaq istəyimi açıqladıqdan az sonra hökumət məni həbs etmək və beləliklə, əhəmiyyətli kampaniya aparmaq şansımı əlimdən almaq üçün bəhanələr axtarmağa başladı və bunu həmin fevralın 4-də etdi.
2013-cü ilin may ayında Avropa Şurası Parlament Assambleyasının Prezidenti Jan Klod Minyon Bakıda müavinim Natiq Cəfərli ilə yalnız ondan ötrü görüşdü ki, mənim cənab İlham Əliyev üçüncü dəfə prezident seçilməsini təmin etdikdən sonra ilin sonunda azad ediləcəyimi desin.
2013-cü ilin oktyabr ayında Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Robert Valter Bakıda bir qrup müxalifət nümayəndələri ilə görüşərkən mənim digər müavinim Azər Qasımlıya irad bildirmişdi ki, mənim görüşdə iştirak etməməyim hörmətsizlikdir. Azər Qasımlı mənim yoxluğumun səbəbini açıqlayanda onun nə hiss etdiyini bilmirəm. Görünür cənab Valter öz təqaüdü haqqında düşünürdü: 2013-cü il oktyabr seçkilərinin nəticələrini təsdiqlədikdən bir az sonra, o, siyasi vəzifəsindən təqaüdə çıxdı.
Minyon səsvermədən bir gün sonra Əliyevi "inamlı qələbəsi" münasibətilə təbrik etdi, hələ də ümid edirik ki, artıq Avropanın sevimli diktatoru ilə belə bir “flirt” mənim həbsdən çıxmağıma kömək edəcək.
Bütün bunlar hakimiyyət orqanlarının mənim qanuni əsaslarla və heç bir siyasi motiv olmadan həbs olunduğumu iddia etməsi fonunda baş verirdi.
22 may 2014-cü il tarixdə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının hüquqi tərəfinə cavabdeh olan qurum - Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimiyyətin iddiasının əksinin doğru olduğunu müəyyən etdi: saxlanma və davam edən həbs qanunsuzdur (Konvensiyanın 5-ci maddəsinin pozuntusu) və siyasi motivlidir (5.2 və 18-ci maddələrin pozuntusu).
II. Seçkilərdən ikinci dəfə kənarda saxlanmağım
AİHM qərarından iki ay əvvəl, 2014-cü il 17 mart tarixində hakimiyyət mənə 4 fevral 2020-ci ildə sona çatacaq yeddi illik azadlıqdan məhrumetmə cəzası verdi. Bu cəza Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) əsassız hesab etdiyi eyni ittihamlarla və eyni iş üzrə həyata keçirildi.
Vaxt qazandıran hay-küy taktikasının uğurlu olmasından ilhamlanan rejim yerli məhkəmənin qərarını mənim siyasi məhbus statusumu tanıyan hər bir beynəlxalq qurumda sözün əsl mənasında qışqırmaq üçün əsas kimi istifadə etməyə başladı.
Sadəcə cənab Əliyevin 24 iyun 2014-cü il tarixində AŞPA-nın Strasburqdakı sessiyasında sual-cavab bölümünün videosunu izləyin.
Vəziyyəti sakitləşdirmək məqsədi ilə 2014-cü ilin 11 avqustunda Avropa Şurasının baş katibi Turbyorn Yaqland cənab Əliyevlə telefonda söhbət edərək, uzun müddətdir ki, fəaliyyətini dayandırmış, keçmişdə siyasi məhbus məsələləri ilə məşğul olan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətini bərpa etmək haqqında razılığa gəldi.
Azərbaycan hakimiyyətinin Böyük Palataya verdiyi şikayət qəbul edilmədiyindən AİHM-nin qərarı 13 oktyabr 2014-cü il tarixdə qüvvəyə mindi.
Bundan dərhal sonra iki vəkilimdən biri olan Xalid Bağırov onun məhkəmə prosesində məhkəməyə qarşı hörmətsizlik etməsi iddia olunaraq, Vəkillər Kollegiyasından xaric edildi. X.Bağırovu cəzalandırmaqla yanaşı, hökumətin məqsədi digər vəkilim Fuad Ağayevi də qorxutmaq idi. Ağayev məhkəmə prosesini pozduğu iddiası ilə cəza alsa da təslim olmadı.
4 dekabr 2014-cü ildən etibarən Avropa Şurası Nazirlər Komitəsi (AŞNK), AİHM-nin barəmdə cinayət işi başlamaqda əsaslı pozuntular aşkar etməsini nəzərə alaraq, mənim azadlığımın və bütün hüquqlarımın bərpası üçün israrla çağırış edərək rüblük qərarlar almağa başladı.
13 yanvar 2015-ci ilə qədər, yəni AİHM-nin qərarının icra edilməli olduğu üç ay müddətində azadlığa buraxılmalı və 2015-ci ilin noyabr ayında parlament seçkilərində hərəkatımıza rəhbərlik etmək üçün hazırlıqlara başlamalı idim.
Hökumət AİHM qərarını nəzərə almadı. Bundan əlavə 2015-ci il seçkiləri üzrə AŞPA müşahidə missiyasını rəhbəri Jordi Yukla mənim seçkilərdən təcrid olunmağımı görməzdən gələrək, seçkilərin yaxşı keçdiyini vurğuladı.
III. Avropa Şurasının 2 illik səcdəsi
2015-ci ilin noyabrında Yaqland İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətini açıq və səs-küylü şəkildə şəkildə sonlandırdı. Beləki, hökumət mənim həbsimi davam etdirmək üçün "əməkdaşlıq" adı altında həmin qurumdan istifadə edirdi.
Növbəti ay Yaqland, Konvensiyanın 52-ci maddəsinə uyğun olaraq, hökumətdən mənim işimlə bağlı məhkəmənin qərarını necə icra ediləcəyini rəsmi şəkildə izah etməsini tələb edərək, heç vaxt baş verməmiş önəmli bir addım atdı.
Təəssüf ki, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru Filip Boylatın rəhbərlik etdiyi təşkilatın nizamnaməsinin 52-ci maddəsi əsasında yaradılan xüsusi missiya Bakıya yalnız 10 yanvar 2017-ci ildə gələ bildi.
Burada hökumətlə ölkənin cəza qanunvericiliyinə geniş dəyişikliklər etməklə mənim azadlığımın təmin olunaçağı razılığına gəlindi.
Anlayıram ki, o zaman təqaüdə çıxmağa hazırlaşan cənab Boylat hakimiyyətlə münasibətlərini korlamamaq üçün qanunvericiliyə ediləcək dəyişikliklərin dərinliyinə getməkdə istəksiz idi. Daha öncə, 2016-cı ildə cənab Boylatın 22 may 2015-ci il tarixli məktubu ilə bağlı narazılığımı artıq Avropa Şurasının diqqətinə çatdırmışdım, ədliyyə nazirinə göndərilən həmin məktubda o, azad edilməyimi təkid edən AŞNK-nin iki rüblük qərarının olmasına baxmayaraq, Azərbaycan ədliyyəsini tərifləmişdi.
Nəticədə, cəza qanunvericiliyinə 2017-ci ilin 20 oktyabr tarixində qəbul olunan və 1 dekabr tarixində qüvvəyə minən dəyişikliklər AŞNK-nin mənim işimlə bağlı 12 müxtəlif qərar və qətnamələrinin icrası ilə yekunlaşmadı.
Həmin iki il ərzində (2015-2017) hökumət Avropa Şurasından məhkəmə islahatı proqramlarına 4,7 milyon avro texniki yardım aldı. 2017-ci ilin payızında Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə hakimiyyətə Şotlandiyada Avropa Şurası tərəfindən "Ədliyyənin Kristal Tərəzisi" mükafatı verildi.
2017-ci ilin iyun ayında ədliyyə naziri Avropa Şurasının “CEPEJ” (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) rəsmi dövri nəşrində Azərbaycanın ədliyyə sisteminə də yer ayrılmasından xüsusi fərəh hissi ilə danışıb: "Avropalı ekspertlər qərara gəldi ki, Azərbaycan məhkəmə islahatları, unikal məhkəmə infrastrukturunun yaradılması və ən müasir informasiya texnologiyaları və innovasiyaların tətbiqi sahəsində bir çox Avropa ölkəsinə nümunə ola bilər".
IV. Üçüncü dəfə seçkilərdən kənarda saxlanmağım
Hökumət sadəcə Birgə İşçi Qrupunu istismar etməklə, 52-ci Maddə missiyasını aldatmaqla və ya məhkəmə islahatı sahəsində kritik əhəmiyyətli əməkdaşlığı təqlid etməklə deyil, eyni zamanda yerli məhkəmələrin səviyyəsinə uyğun olaraq mənim məhkəmə işimi ötür-ötür edərək AŞNK-nin işini uzunmüddətli gecikdirə bildi.
AŞNK isə həmişə saf bir şəkildə "bu dəfə" hər şeyin düzələcəyinə ümid edirdi. Nəticədə beş dəfə: bir dəfə rayon məhkəməsində, iki dəfə apelyasiya məhkəməsində, iki dəfə Ali Məhkəmədə mənim işimə baxıldı. Bu, Əliyevə çox vaxt qazandırdı!
Baxmayaraq ki, mən məhkəmə prosesini sürətləndirmək üçün onların fəndlərindən birini özlərinə qarşı istifadə edə bildim. 13 oktyabr 2015-ci ildə Ali Məhkəmə mənim işimi apelyasiya məhkəməsinə qaytardı. Apelyasiya Məhkəməsi o gündən etibarən müxtəlif bəhanələrlə dinləmələri təxirə salırdı.
Ancaq 2016-cı ilin aprel ayında hökumət ölkədə təkrar parlament seçkilərini planlaşdırdıqda dərhal namizəd kimi 125 seçki dairəsindən birində qeydiyyatdan keçdim (Azərbaycan qanunvericiliyinə görə işiniz apelyasiya məhkəməsində olarsa, namizəd ola bilərsiniz). Bundan sonra bir neçə gün ərzində Apelyasiya Məhkəməsi təkrar məhkəmə iclasını keçirdi, ikinci dəfə hökmü qüvvədə saxladı və Seçki Komissiyası mənim namizədliyimi ləğv etdi.
Buna baxmayaraq, seçkiləri müşahidə edən AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda 2016-cı ilin iyun ayında keçirilən seçkilərin yaxşı keçdiyini qeyd etdi.
Onlar bu işdə yeni olduqlarına görə hələ də rejimlə əməkdaşlıq etməklə mənim azadlığa qovuşa biləcəyimə inanırdılar. Bütün bunlar mənim üçüncü dəfə seçkilərdən kənarlaşdırılmağıma gətirib çıxardı.
İki aydan sonra, yəni 2016-cı ilin avqustunda Natiq Cəfərli barəsində saxta ittihamlarla dörd aylıq həbs-qətimkan tədbiri seçildi və Azər Qasımlının ölkədən çıxışına qadağa qoyuldu. Amerikanın sərt təzyiqi nəticəsində hökumət həmin ilin sentyabrında Natiq Cəfərlini azad etsə də, o, 2017-ci ilin payızına qədər ölkədən çıxa bilmədi. Azər Qasımlının çıxışına qoyulan qadağa isə hələ də götürülməyib.
V. Dördüncü dəfə seçkilərdən kənarda saxlanılmağım
AİHM mənim ədalətli mühakimə hüququndan məhrum edildiyimi (Konvensiyanın 6.1-ci maddəsinin pozuntusu) müəyyən edənə qədər proses heç bir əhəmiyyət daşımadan davam etdi.
Məhkəmə öz qərarında hakimiyyətin motivasiyası ilə bağlı məsələnin Böyük Palataya ünvanlanmasını tövsiyə etdi, çünki AİHM-nin presedent hüququ 18-ci maddə ilə bağlı halların keçmiş sovet ölkələrində tatbiqini təmin etmək üçün kifayət qədər formalaşmayıb. Mən öz vəkillərim –cənab Ağayevdən və yeni irlandiyalı/britaniyalı vəkilim cənab Ceremy McBrayddan bu müraciəti 16 fevral 2018-ci il tarixinə qədər etməyi xahiş etdim.
5 dekabr 2017-ci ildə, xəbərdarlıq illərindən sonra AŞNK, nəhayət, Konvensiyanın 46.4-cü maddəsinə istinad edərək mənim işim üzrə AİHM-nin qərarını icra etməkdən imtina etdiyi üçün Azərbaycanı Avropa Şurasından xaric etməklə təhdid etdi.
Mən həmişə 46.4-cü maddənin tətbiqinə şübhə ilə yanaşmışam. Hətta 8 aprel 2015-ci il tarixdə Baş katibə şübhələrimi ifadə edən bir məktub da yazmışdım. Düşünürdüm ki, Avropa Şurası daha etibarlı vasitələrə sahib olmalıdır. Lakin mövzunu araşdırmaq üçün bütün fürsətlərdən məhrum ediləndə, qərara gəldim ki, Avropa Şurası nə etdiyini bilir.
46.4-cü maddənin tətbiq edilməsi ilə məsələni araşdırmaq AİHM Böyük Palatasına həvalə edildi.
Böyük Palata AŞNK, hökumətdən və məndən öz mövqeyimizi 2018-ci il 1 mart tarixinədək təqdim etməyimizi istədi.
Texniki cəhətdən müəyyən edilmiş son tarix 2018-ci il oktyabr ayınındakı prezident seçkilərinə qədər Böyük Palata tərəfindən təsirli bir qərar veriləcəyiin mümkün olduğu anlamına gəlirdi. Buna görə də 5 fevral 2018-ci il tarixdə cənab Əliyev seçkilərin tarixini oktyabrın 17-dən aprelin 11-ə dəyişdi və məni dördüncü dəfə seçki yarışından kənarlaşdırdı.
VI. Blokada
5 dekabr 2017-ci il tarixindən etibarən AŞNK qərarı, Böyük Palatanın məktubları, vəkillərimin Böyük Palataya verdiyi sənədlər də daxil olmaqla işimlə bağlı heç bir sənəd mənə verilmir. Tamamilə “gözübağlı” vəziyyətdə qalmışam. Vəkillərimin nə etdiyindən xəbərsizəm, işlərinə kömək edə bilmirəm. Cənab Ağayevdən bu mövzuda ciddi hüquqi tədbirlər görməsini xahiş etsəm, o, işindən azad oluna bilər. 2017-ci ilin dekabrından sonra Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin vətəndaşları hətta mülki işlərdə müdafiə etməsinə belə icazə verilmədiyi üçün, bu addım, onun aclıqdan ölməsini istəməyim anlamına gələ bilər.
Bütün bunlar o zaman baş verir ki,14 fevral 2018-ci il tarixdə cənab Lobov Bakıda 400 min dollar dəyərində yeni bir məhkəmə mükəmməlliyi layihəsinin açılışını edir və çox güman ki, bu, Əliyev rejimi üçün başqa bir kristal mükafatın veriləcəyindən xəbər verir.