Rövşən Ağayev
Eyni coğrafiyanı paylaşan Gürcüstan və Azərbaycanda demoqrafik stiusiyada xeyli fərqlər var. Bu xüsusilə özünü əhalinin uzunömürlülüyündə göstərir. Gürcüstanda əhalinin hər 1000 nəfəri hesabı ilə 80 və daha çox yaşı olan 34 nəfər, Azərbaycanda 13 nəfər yaşayır. Hər 2 ölkənin rəsmi statistikasının 2017-ci ilin əvvəlinə olan məlumata görə, 80 və daha çox yaşı olan ahılların sayı 3.7 mln. nəfər əhalisi olan Gürcüstanda 127 min nəfər, 9.8 mln. nəfər əhalisi olan Azərbaycanda 129 min nəfərdir. Uzunömürlülük ölkədə sağlam həyat tərzi (xüsusilə sosial-psixoloji mühit), təbii-iqlim amilləri, səhiyyə sisteminin keyfiyyəti, əmək və məşğulluq şəraiti kimi çoxsaylı faktorlardan asılıdır. Yadımdadır ki, SSRİ vaxtları rəsmi təbliğatda ölkəmizi "uzunömürlülər diyarı" adlandırmaq dəbdə idi. Amma bu ifadə deyəsən leksikonumuzdan çoxdan çıxıb. Yaşlı əhalinin sayının az olması ölkənin pensiya sistemini kəskin maliyyə risklərindən də sığortalayır. Məsələn, Gürcüstanın durumu çox ağırdı - əhalinin 15%-ə yaxını 64 yaşdan yuxarı yaşdadı. Bizdə bu göstərici 6.3%-dir...