"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində problem qalmaqdadır.
Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib. O, bu gün, aprelin 3-də 14 sayılı Cəza Çəkmə Müəssisəsində Ə.Orucovla görüşüb.
"Ötən aydan Əzizin səhhətində yaranmış ciddi problemlər qalır. Ürəyində ağrıları var. Öskürək içində boğulur. Deyir ki, hərarəti də düşmür, sərbəst hərəkət etməyə çətinlik çəkir.Müalicə alır, ancaq yaxşılaşma müşahidə olunmur", L.Orucova bildirib.
L.Orucova jurnalistin müalicə müəssisəsinə köçrülməsini vacib saydıqlarını deyib.
"Əzizin müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyik", o, bildirib.
Jurnalistin bağlı durumu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, eləcə də 14 sayılı Cəza Çəkmə Müəssisəsindən münasibət almaq mümkün olmayıb.
Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir. Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə, hökumətə qarşı etiraz aksiyalarında iştirakına görə Əzizi cəzalandırıblar.
Ancaq rəsmilər ölkədə kimsənin qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.