Apellyasiya Məhkəməsi Gözəl Bayramlını həbsdə saxladı

Apellyasiya Məhkəməsi Gözəl Bayramlını həbsdə saxladı
20 Aprel 2018
Mətni dəyiş

Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının Qazax Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib və Qazax Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Bununla da, Gözəl Bayramlı barəsində olan 3 illik həbs qərarı qüvvəyə minib.

Daha öncə məhkəmə, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilməsi səbəbi ilə təxirə salınmışdı. Hakim bildirib ki, DSX bu işə DGK-nın baxdığını bildirib. Gömrük komitəsindən verilən açıqlamada isə, bu kameraların məlumatları yalnız 1 ay saxladığı qeyd olunub.

Gözəl Bayramlını vəkili Elçin Sadıqovun sözlərinə görə, əslində DGK-da görüntüləri uzun müddət saxlamaq qabiliyyətində olan avadanlıqlar olmalıdır:

"Biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, DSX 2012-ci ildə avadanlıq alıb. O avadanlıqlar görüntüləri saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib".

G.Bayramlı çıxış edərək həbsinin siyasi sifariş olduğunu bildirib:

"Heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq".

Xatırlatma

Gözəl Bayramlı 2017-ci il mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

2017-ci il mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu, pulların ona aid olmadığını, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun