Ələsgər Əhmədoğlu
ATƏT-in Müşahidə missiyasının mətbuat konfransında pozuculuq edənlərin davranışı bir neçə istiqamətdə düşündürücüdür:
1. Hadisə spontan (özlüyündən inkişaf edən) hadisəyə bənzəmir, öncədən bu şəxslər salonda öndə yer alıblar və bəlli hazırlıq olunduğu görünür. (Praktikada bənzər hadisə İTV mətbuat Aynasında kitabının təqdimatı zamanı olmuşdu və həmin təqdimat zamanı da ön yerlər öncədən tutulmuşdu və tədbir başlayan kimi indi olduğu kimi ara qarışmışdı...)
2. Bu şəxslərın hamısı siyasi kimlikdə olanlar yox, media kimliyində olanlardır və onların əsasən hamısı bir mərkəzlə kordinasiyalıdır. Deməli, hadisə öncədən birilərinin kordinasiyasında planlaşdırılmışdır. (Qeyd- Orda önə çıxanların hər biri (2013-cü il iyulun 22-də "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına əsasən mətbuat işçiləri üçün inşa edilmiş binada mənzillərin təqdimat mərasimində 3 otaqlı mənzil alan şəxslərdır: 118. Quliyev Bəhruz Vaqif oğlu "Səs” qəzeti 139. Rəhimzadə Vüqar Gəncəli oğlu "Iki sahil” qəzeti 36. İskəndərov Sahil Məmməd oğlu "Lider” TV 32. Bədəlov Əlqismət Əjdər oğlu "Xalq qəzeti”)
3. Bu hadisə nəyə, kimə xidmət edir? ilk növbədə bu davranışla ATƏT-in çətiri altında ölkəyə müşahidəyə gələn 50-dən çox ölkənin 80-dək deputatına daha praktik vəziyyəti görməyə imkan yaratdılar. Yəni, bu davranışları ilə dedilər ki, ölkədə ən xırda tənqidə belə keçid yoxdur, dərhal tənqid edənlər hədəf ola bilər, onları "ermənilərlə əlaqədə" günahlandıra bilərlər, hətta fiziki basqılara məruz qala bilərlər. Yəni, ATƏT müşahidəçiləri üçün yüz nəsihətdən bir müsibət daha aydın vəziyyəti ifadə etdi. Yaxşı, bu tablo ölkənin imicinə, onun rəhbərinin imicinə xidmət edə bilərmi, əlbəttə yox. Deməli biriləri qəsdən belə bir imic yaratmaq istəmiş ola bilər. Daxildə bunu sadiq xidmət göstəricisi kimi təqdim etsələr də, əslində işin altında ciddi təxribat görmək mümkündür...
4. Bu tədbirdə olanlardan sonra ATƏT-in təmsilçiləri indiyənə qədər onlara deyilən və onların həmişə şübhə ilə baxdığı digər faktlara sizcə yanaşması necə olacaq? Mənim fikrincə bütün şübhələri keçəcək və deyilən mənfi məqamlar artıq subyektiv şübhədən keçib, obyektiv fakta dönəcək. Qısacası, dünən 4-5 nəfər media mənsubu olan şəxsin etdiyini bütün seçki boyu müxalifət və müstəqil ekspertlər edə bilməmişdir. Bir də mənzərəyə bu pəncərədən baxın.