Avropa komissarının xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat xidməti Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı bəyanat yayıb.
"Seçkiləri müşahidə edən ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ( DTİHB) missiyası qeyd edib ki, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət göstərib və onlar sərbəst işləyə biliblər. Bu da konsruktiv addım sayılır. Missiyanın hesabatına görə, seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində keçirilib. Seçki günü müşahidəçilər şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların baş verdiyini bildiriblər”, bəyanatda vurğulanır.
Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətinin, ATƏT/DTİHB-nin bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacağını, yerinə yetirəcəyini gözlədiyini qeyd edib.
Aİ bu prosesdə yardım etməyə hazır olduğunu bildirib.
“Avropa İttifaqı, demokratiya, insan hüquqları məsələlərinin həlli məqsədilə yeni prezidentlik dövründə Azərbaycanla dialoqu və sıx əməkdaşlığı davam etdirəcəyini gözləyir ", - bəyanatda qeyd olunur.
ABŞ-ın Helsinki Komissiyası da Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı rəy açıqlamışdı.
“Azərbaycanda prezident seçkiləri azad seçim, azad media olmadan və 100-dən çox siyasi məhbusun azad edilmədiyi şəraitdə keçirilib”, deyə komissiya qeyd edirdi.