"Mən "bandotdel"də olanda iki yolum vardı - ya özümü öldürməliydim, ya da qol çəkməliydim. Məcbur olub qol çəkdim. Amma məhkəmə də ədalətsizliyi davam etdirsə, sözümü deyib, özümü öldürəcəm. Kişiyik, söz ağızdan bir dəfə çıxar. Sabah kimsə deməsin ki, Zöhrab xəstəlikdən öldü".
Bunu AzTV-nin rəhbəri Arif Alışanovu öldürməyə cəhddə suçlanan Zöhrab Şirinov məhkəmədə deyib.
Alışanovun özünü, qızı Nigarı və bacısı oğlu Dəyanət Cəfərovu öldürməyə cəhddə təqsirləndirilən dörd nəfərdən üçü – Şücaət Əkbərov, Qoçalı Əsgərov və Zöhrab Şirinov bu iş üzrə məhkəmənin gedişindən narazıdır. Onlar aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakimlərə – Əfqan Hacıyev, Rasim Sadıqov və Fikrət Qəribova yazılı şəkildə etiraz ediblər. Bildiriblər ki, onlar işə qərəzli baxır, proses ədalətli keçirilmir.
Etiraz baxılmamış saxlanılıb.
Bu üç nəfər özlərini təqsirli bilməsə də, yalnız Aqşin Hüseynov qismən təqsirini boynuna alıb. Məhkəmədə onunla digər təqsirləndirilən şəxslər arasında qalmaqal yaşanıb. Onlar A.Hüseynovun ələ alındığını və onlara qarşı ifadə vermək üçün istifadə edildiyini söyləyirlər.
"Elə vurublar, böyrəyim partlayıb"
Təqsirləndirilən Z.Şirinov məhkəmədə sualları cavablandırarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını, nəticədə səhhətində problemlər əmələ gəldiyini bildirib:
"Oradakı təzyiqlərin altını indi də çəkirəm. Onurğa sütunum nə gündədir! Onların dediklərinə qol çəkməsəydim, indi burada ayaq üstündə dura bilməzdim".
Təqsirləndirilən şəxs ona dövlət hesabına təyin olunan vəkildən də şikayətlənib. Deyib ki, vəkili onun əleyhinə olan, müstəntiqin dediyi bütün sənədləri onun xəbəri olmadan imzalayırdı.
Digər təqsirləndirilən Q.Əsgərov da söyləyir ki, verilən işgəncələrdən sonra yarımcan olub:
"Elə vurublar, böyrəyim partlayıb. Mənim həyat yoldaşımı onlar öldürdülər".
Təqsirləndirilən şəxslər bir daha məhkəmədən zərərçəkmiş A.Alışanovun özünün məhkəmədə iştirakının təmin olunmasını istəyiblər. Təqsirləndirilən Ş.Əkbərovun vəkili bu barədə vəsatət qaldırıb.
Hakim cavabında deyib ki, o biri zərərçəkmişlər dindiriləndən sonra qalanlarına da çağırış göndəriləcək. Gəlməsələr, bu məsələyə baxılacaq.
Sui-qəsd hazırlandığı iddia olunan zərərçəkənlər arasında A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərov da var. O, məhkəmədə iştirak edir.
Məhkəmə mayın 4-də davam edəcək.
İttihamda yazılıb ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər A.Alışanov üçün aldığı, 5 milyona yaxın dəyəri olan əmlakları, torpaq sahələrini ələ keçirmək üçün onu öldürmək planı hazırlayıb. Tanışları Musabi Namazovu, Qoçalı Cəbiyevi, Zöhrab Şirinovu bu işə cəlb edib. Sonradan M.Namazov bu işdən könüllü imtina edib və plan barədə hüquq-mühafizə orqanlarına xəbər verib.