Ənnağı Hacıbəyli
Son çağlar gənc yazarların bir neçə bəyanatı gərgin mübahisə, müzakirə, təhdid və söyüşmələrə səbəb olub. Virtual soyuq müharibə qızışıb. “Müşfiq, Xəlil Rza şair deyil, Sabir satiraları ilə erməni dəyirmanına su tökür” kimi sərsəm deyimlər aranı qarışdırıb. Bilərəkdən fikir sözünü işlətmirəm, çünki bu absurd və zərərli deyimləri fikir adlandırmaq mümkünsüzdü. Bu qəfil bəyanatlarda sadəcə fikir yoxdu. Müşfiqi, Xəlil Rzanı, lap elə Sabiri tənqid eləmək olar, ancaq tənqid fikirlə ifadə olunmalıdı, əks halda sən özünü normal müdafiə arqumentlərindən də məhrum edirsən və ciddi adam kimi qəbul edilməyəcəksən. Heç söyülməyi demirəm. Mən bu yazını ifadə azadlığı kimi qəliz və sürüşkən müstəviyə daşımaq istəmirəm. Məni daha çox cəmiyyətin bəzən sərt, bəzən çətin qəbul edilən və ya heç qəbul edilməyən bəyanatlara reaksiyası düşündürür. Gənclər heçmi haqlı deyillər? Kəramətin son müsahibəsi məndə bəyanatlara məhz bu kontekstdə yanaşmaq istəyi doğurdu. İstənilən adamın danışmaq haqqı ilə yanaşı həm də dinlənilmək haqqı var. Sən onu dinləməsən də o, danışacaq. Haqlı deyilsə, müzakirə et, haqlıdısa, insafın olsun, adamın halal haqqını ver. Kəramət deyir: “İki insanı bir fikir ətrafında birləşdirmək olmur”, “İndi insanlar bir-birinə toxunanda cingilti səsi gəlir”, “Yazıçıya pulu nəşriyyat vermirsə, yazıq yazıçı nə etməlidi?”, “Bir televiziya verilişi ilə bu cəmiyyətin sevgisini də, nifrətini də qazanmaq olar”, “Mənim həyatımda maddi rahatlıq olmalıdı”, “Yasaq mövzular var – bilirsən ki, kimdən yazmaq olar, kimdən yox”. Nəhayət, “heç kim bir insanın özünü azad şəkildə ifadə etmək haqqından ucada dayanmır”. Bəlkə nəyisə düz demir? Onun müsahibələrini süngü ilə qarşılayanlar özləri mitinqdə, tində-bucaqda məhz narazılıqlarını bu sözlərlə bildirnirlərmi? Əyyaş və qumarbaz Dostoyevskini, diktatorların dostu Markesi, dələduz Stendalı (qızmayın, müqayisə üçün demirəm) danışıqsız dahi sayan adamlar kəramətlərdən hər yerdə, hər addımda, həyatın bütün sahələrində ideal olmağı tələb edirlər. Xəlil Rza ilə bağlı mübahisəli fikrinə görə onu və atasını zorla, təhdidlə üzr istəməyə məcbur edəndə yazmışdım ki, indi nəyə nail oldunuz? Axı bu üzr Kəramətin fikri deyil, onu zorla sözündən döndərmək nəyi dəyişir? İndi, emosiyalar soyuyanda Kəramət dedi ki, “guya mən üzr istəməklə anladım ki, Xəlil Rza böyük şair imiş? Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam. Onun 17 cildlik kitabında cəmi 17 şeir yoxdu”. İndi cəmiyyət Bəxtiyar Vahabzadənin müdafiəsinə qalxıb və Kəraməti daha bir küfrdən təmizləmək istəyirlər... Bu adam məcbur olub hamının içində boğulduğu situasiyanı izah edir: “Qələm adamlarında da hirs, emosiya hardansa vurub çıxmalıdı da. Harınları tənqid edə bilmirik, acığımızı klassiklərdən çıxırıq”. O deməsəydi başa düşmürdünüz? Harınların əlində inləyən milyonların etiraz səsini çıxarmağa qeyrətləri çatmır, acıqlarını arvad-uşaqdan çıxırlar. Heç onları bu qədər qınayan yoxdu. Adam mövqeyini, düşüncələrini gör nəyin bahasına izah etməli olur: “Heç atamı da şair kimi qəbul etmirəm. Gələcəkdə imkanım olsa, atamın cild-cild kitablarını çap etdirməyəcəm”. Mağazaları ata-anasının makulaturası ilə dolduran Anara, Elçinə gücü çatmayanlar bu düşüncədə olan adamı necə ittiham edirlər?! Heç olmasa bu mövqe naminə bir az ədalətli olun: “Kimsə mənə pul verib sonra nəyisə diqtə edəcəksə, o pul mənə lazım deyil. Aldığın o pula mənəviyyatını, əxlaqını kirlədəcəksənsə, bəs romanı hansı içlə, hansı ürəklə yazacaqsan?” Bu mövqe şahlar, çarlar, prezidentlərin qarşısında parovoz kimi guruldayan neçə klassikin yaradıcılığından dəyərlidi?! Görünür, yazıçı ilə oxucusunun içində, ürəklərində sıx bağlılıq, bəlkə də eynilik var. “Ortada 5-6 istedad var, onları dəli eləməyin” tələbi artıq haykırtıya çevrilir. “Ehtiyatda gül kimi intiharım var” – bunumu istəyirdiniz? Mövludu o binanın başına cəmiyyət çıxarmışdı, məişət qayğıları yox. Əslində məişət qayğılarının da günahkarı cəmiyyət, ona layiq hakimiyyətdi. Bu qayğılar nə qədər çox və ağır olsa da, hərə bir yolla onları həll edir, amma cəmiyyətin laqeydliyi, haqsız münasibəti fərdin həll edəcəyi problem deyil. Belə məqamda fərdin gücü özünə çatır – kütləvi şəkil almış intiharlara... - Üsyanın kimədi? - Hamıya! Ayrı-ayrı adamların həyəcanlanmasına əsas yoxdu, üsyan hamıyadı – xəstə cəmiyyətə, günahkar hakimiyyətə, köhnə təfəkkürə, dar düşüncəli insanlara... Toplumun topa tutduğu, cəmiyyətdən haqqını ala bilməyən adamın gəldiyi sonuc, tapdığı çıxış yolu: “Mənim yerim çöldür, ucu-bucağı görünməyən, göz işlədikcə baxdığın çöl”. Bu, çox güman ki, cəmiyyəti sakitləşdirən, hətta arsızcasına gülümsədən yeganə çıxış yoludu. İndi çoxları rahat olacaq – cəmiyyəti kafirlərdən təmizləyirik. Az qalıb. Təxminən 15 il qabaq bir yazım çap olunmuşdu - “Çöl azadlığı”. Müxalifət rəhbərlərinin və QAT-çıların məhkəmə prosesləri barədə, hakimlərin və məhkumların azadlığı haqqında yazmışdım: şəhərin ən sıx yerində, əzəmətli binaların arasında, bahalı mənzillərdə, istənilən yerdə mühit çölü xatırladır. Çöl lap uşaqlıqdan yaddaşımda sahibsiz, ədəb-ərkanın, qayda-qanunun vacib bilinmədiyi ucsuz-bucaqsız yerlər kimi qalıb. Onun azadlığını heç vaxt – nə kolxoz uşaqlığım dövründə, nə də indi duya bilirəm. Təsəvvür edə bilmirəm ki, Böyük, Təmiz, Sərhədsiz ÇÖL də ola bilər. Çöldəki azadlıq içəridəki məhkumluğun, içəridəki azadlıq isə çöldəki məhkumluğun davamıdı. Bu zənciri qırmadan azadlığa şərtsiz çıxmaq və ya şərtsiz azadlığa çıxmaq mümkünsüzdü. Bu isə içimizdəki azadlığı öz əlimizlə çölə buraxmaq deməkdi. Öz əlimizlə - azad çölə.