Rafiq Manaflı
Bir neçə gündən sonra seçki adlandırdıqları şəbədə ilə mənim, sənin və hamımızın məsxərəyə qoyulduğumuz balaqan sona çatır. 1998-ci ildən üzübəri bütün seçkilərdə seçki prinsiplərini hər dəfə öndəkindən daha artıq tapdaya-tapdaya seçki adlanan prosesi məhv etmişdilər. Bundan sonra daha teatr, tamaşa göstərmək qalırdı və bunlar hələlik komediya janrını seçdilər.
Biz Milli Şura olaraq bu komediyadan dərhal sonra, aprelin 14-də mitinq təşkil edəcəyimizi ərz etmək üçün müvafiq yerə müraciət etmişik.
Mən şəxsən o meydana seçki saxtakarlığına etiraz etmək üçün getməyəcəyəm. Seçkini saxtalaşdırmaq başqa məsələdir. Karusel təşkil edərsən, adamlara doldurulmuş bülleten verib boş bülleteni geri tələb edərsən, camaatın gözün oğurlayıb qutuya bülleten atarsan, səsləri sayanda juliklik edərsən. Ay kişi, qutunu oğurlayıb qaçarsan – bunlar olar saxtakarlıq. Belə saxtakarlıqlara etiraz da edərsən, onlarla mübarizə də apararsan. Hal-hazırda təşkil edilmiş bu komediyanın seçkiyə və onun saxtalaşdırılmasına nə dəxli.
Mən aprelin 14-də meydana tankların qarşısından keçərək min əzablarla qurduğumuz dövləti təmsil edən bir posta – Azərbaycan Dövlətinin Prezidenti postuna, elə həmin postu zəbt edənlər tərəfindən bu qədər həqarət edilməsinə, dövlətimizin təhqir olunmasına, özümün məsxərəyə qoyulmağıma etiraz etmək üçün gedəcəm. Məsxərəyə qoyulan isə tək mən deyiləm, bütün cəmiyyətdir. Ona görə ölkədə dəyişiklik istəyən bütün siyasi qüvvələri, güzəranını düzəltmək, insan kimi yaşamaq istəyən bütün insanları 14 aprel saat 15.00-da “Məhsul” stadionuna dəvət edirəm. Gəlin, bu gedişatı durduraq, yoxsa növbəti dəfə bu komediya tragediyaya çevriləcək.