Beynəlxalq Jurnalistləri Müdafiə (CPJ) Komitəsi Azərbaycan hakimiyyətinin prezident seçkiləri ərəfəsində repressiyaları haqqında məqalə dərc edib.
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində müxalifətdən potensial namizədlər həbsə salınıb, yaxud qaçmaq imkanından məhrum edilib, siyasi landşaft isə fərqli düşüncənin ifadə edilməsinin bütün variantlarından təmizlənib", deyə məqalə müəllifi Gyulnoza Said yazır.
Jurnalistləri həbsə atmaq, xaricdə onları oğurlamaq, maliyyə cinayətlərində ittiham etmək, saytları bloklamaq, sosial şəbəkələrdə hesabları sındırmaq, səfərlərə qadağalar tətbiq etmək: bu, Azərbaycan hökumətinin müstəqil KİV-ləri, tənqidi səsləri susdurmaq məqsədilə gördüyü tədbirlərin natamam siyahısıdır.
Azərbaycan dünyada həbsdə olan jurnalistlərin sayının ən çox olduğu ölkələr sırasına daxildir, 2017-ci il dekabrın 1-nə olan məlumata görə, bu ölkədə 10 jurnalist həbsdə idi. Amma Bakıya qarşı beynəlxalq təzyiq müəyyən təsir göstərib.
Ölkənin sonuncu müstəqil KİV-i olan Turan agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, 2017-ci ilin avqustunda onun uydurma vergi ödənişindən yayınma ittihamı ilə həbsi ilə əlaqədar ABŞ-ın təzyiqi və beynəlxalq etirazlar onun azad edilməsində mühüm rol oynayıb.
Senator Riçard Durbin Mehman Əliyevin təqibində və həbsində təqsirli olan Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi haqqında, habelə bu ölkədə layihələrin xaricdən maliyyələşdirilməsini qadağan edən qanun layihəsi təqdim edib.
"Senator Durbinin qanun layihəsi, habelə digər senatorlar, o cümlədən Marko Rubio, Con Makkeyn və Patrik Lixi tərəfindən təzyiq mənim azad edilməyimdə birbaşa rol oynayıb", deyə Mehman Əliyev bildirib.
"Düzəliş sentyabrın 7-də qəbul edilib. Növbəti gün məhkəmə iclası təyin edilib. Hakimiyyət düzəliş haqqında öyrəndikdə, hakimiyyət nümayəndələri mənə dedilər ki, prezident Əliyev mənim başıma gələnləri yeni öyrənib və narahat olub", deyə M.Əliyev qeyd edib.
Bir çox jurnalistlər həbsdən və ya təqiblərdən qaçmaq üçün xaricə gedib orada işləməyə üstünlük verirlər. Amma Azərbaycan hakimiyyəti onları da susdurmağa çalışır.
Belə ki, 2017-ci ilin mayında Tbilisidə araşdırmaçı jurnalist Əfqan Muxtarlı yoxa çıxıb. O, orada ailəsi ilə birlikdə yaşayırdı. İki gün sonra o, Azərbaycanda ortaya çıxıb və onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər. Yanvarın 12-də məhkəmə Muxtarlını altı il müddətinə azadlıqdan məhrum edib.
Muxtarlının həyat yoldaşı və həmkarları iddia edirdilər ki, onu Gürcüstan polisi oğurlayıb və Azərbaycana təhvil verib. Jurnalist özü məhkəmədə bunu təsdiq edib.
Xaricdə fərqli düşünənlərin təqibi ilə bağlı daha bir hadisə Azərbaycan hakimiyyətinin sorğusu əsasında 2017-ci ilin oktyabrında Ukraynada saxlanılmış Fikrət Hüseynlinin işidir. Niderland vətəndaşlığı olan Hüseynli Azərbaycana deportasiya edilmək təhlükəsi ilə üz-üzədir. Yerli məhkəmənin qərarına baxmayaraq, onu Ukraynadan buraxmırlar, prokurorluq isə pasportunu qaytarmır.
Hakimiyyət iki ildir ki, Xədicə İsmayılovanı ölkədən buraxmır, skayp vasitəsilə beynəlxalq tədbirlərdə iştirak edərkən onun işığını və internetini kəsərək bloklayırlar. Hətta onu Türkiyədə can verən anası ilə vidalaşmağa getmək üçün buraxmayıblar.
Eyni zamanda, hakimiyyət loyal jurnalistləri ələ almaq üçün onlara mənzillər hədiyyə edir.
Mənzil verilməsi rüşvətə bərabərdir və peşə etikasına ziddir, Mehman Əliyev belə hesab edir. O, əlavə edir ki, hakimiyyət heç bir KİV-in dövlət subsidiyası olmadan ayaqda dura bilmədiyi şərait yaradıb. Reklam hesabına ayaqda duran KİV-lər zamanla ya özləri məhv olur, ya da hakimiyyət onların axırına çıxır.
"Beynəlxalq ictimaiyyət Əliyev rejiminə güclü təzyiq göstərməyi davam etdirməlidir, belə ki, onun 11 apreldən sonra da hakimiyyəti əlində saxlayacağına və beynəlxalq ictimaiyyətin fikrini daha az dinləyəcəyinə şübhə yoxdur", Vaşinqtonda yaşayan Azərbaycanlı jurnalist Ələkbər Raufoğlu belə hesab edir.