Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Ukrayna hakimiyyətini azərbaycanlı jurnalistin Niderland pasportunu qaytarmağa çağırıb.
Aprelin 4-də yaydığı bəyanatda CPJ Kiyev Vilayət Prokurorluğunu çağırıb ki, Fikrət Hüseynlinin hərəkət azadlığına dair məhkəmənin qərarına əməl etsin.
“Ukrayna Azərbaycanın avtoritar rejiminin tələblərinə boyun əyməməlidir. Bu rejim ölkə daxilində və xaricindəki tənqidçilərini təqib etməkdə ad çıxarıb”, – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.
Aprelin 2-də Kiyev rayon məhkəməsi qərar çıxarıb ki, jurnalist Azərbaycana ekstradisiya olunmamalıdır, onun hərəkəti də məhdudlaşdırılmamalıdır.
Məhkəmə qərarından öncə Kiyevin prokuroru Serhiy Ostapets katibdən Hüseynlinin pasportunu alıb və qərarı gözləmədən zalı tərk edib. Bunu Ukrayna Helsinki İnsan Haqları Birliyi bildirib.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını bildirir.