Xaliq Bahadır
Az.politikanın (rejim saytı) yaydığı bilgiyə görə, “Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!” Dəhşət saçan bu açıqlama Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova məxsusdur. Cənab Həsənov bu barədə martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə danışıb. “Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik” – Prezidentin köməkçisi bəyan edib". "Bəzi" dövlətlər 25 ildən bəri Azərbaycanda nə baş verdiyini gözəl bilirlər. 25 ildir bir ailə - Əliyevlər ailəsi - Azərbaycanı İŞĞAL edib. Yeraltı-yerüstü resursları aşıb-daşan Azərbaycanın nəyi var bütünlüklə bu ailənin, Əli Həsənov başda olmaqla, bu ailəyə yaxın olan bir qrupun əlindədir. Onlar 25 ildir Azərbaycanı yağıcasına soyub-yağmalayırlar. Britaniya parlamentinə bağlı qurumun ortaya çıxardığı fakta görə, dədə-bala Əliyevlər yalnız 1993-2010-cu illər arasında Azərbaycandan ofşor zonaya 48 milyard dollar pul çıxarıblar. Soyub-yağmalama yoluyla oğurluq pulçıxarma sürəci indiyədək sürməkdədir. Bu qansız-acımasız sürəc üzündən bu gün Azərbaycan Qafqazın ən yoxsul ölkəsinə, Azərbaycan xalqı Qafqazın ən yoxsul xalqına çevrilib. Yaşayış-dolanışıq dözülməzliyindən bu gün Azərbaycanda özünüöldürmələr, didərginlik dünya birinciliyinə çevrilib. Bütün bunlarla yanaşı, hakimiyət başında olanlar artışı səngiməyən milyonar, milyardlar içində üzürlər. Ölkəni indiki öldürücü durumdan döndərmək yerinə, Ə. Həsənov başda olmaqla hakimiyət yalnız özünü qorumağa yönəlik çabalarda bulunur - özlərinin çoxillik suçlarını hansısa dövlətlərin üstünə atmaqla, müxalifəti SÖYÜŞ-TƏHQİR obyektinə çevirməklə. Azərbaycan jurnalistikasını reket-bazar jurnalistikasına döndərən, jurnalistləri pulla, evlə satın almaqla rejimin əlaltısına çevirən Əli Həsənovdan soruşmaq gərəkir: dünyanın hansı dövlət başçısı sizə satınalma yoluyla Azərbaycan mediasını KÜÇÜK mediasına çevirmək göstərişi verib? Eləcə də soruşmaq gərəkir: - dünyanın hansı dövləti, hansı dövlət başçısı sizə illərdən bəri ən dəyərsiz-gərəksiz kimsələrdən parlament formaşadırmaq göstərişi verib; - Artur Rəsizadə başçılığında yarımcan nazirlər kabineti formalaşdırmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib; - Azərbaycanın təhsil, sağlamlıq sistemlərini rüşvət-korrupsiya içində dağıtmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib; - rüşvətə brüdüyünüz gömrük sistemində Azərbaycan yurddaşlarıyla ermənisayaq-yağıcasına davranmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib; - Azərbaycanda rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi antidövlət faktorlarını DÖVLƏT POLİTİKASINA dönüşdürmək göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib; - ideyalı, passionar gəncliyi türməyə doldurmaqla, ölkədən didərgin salmaqla ölkəni GƏLƏCƏKSİZLƏŞDİRMƏK göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib; - hakimiyət olaraq başlanğıcdan bugünədək İŞĞALÇI rejim funksiyası daşımaq, BEŞİNCİ KOLON görəvlisi olmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib? Son olaraq: bir sıra yaxın-uzaq imperialist dövlət başçıları sizin Azərbaycan xalqından yağıcasına uzaq düşüb təkləndiyinizi gördüklərindən... getdikcə sizdən, sizin NEFT-QAZ başda olmaqla təkbaşına yiyələndiklərinizdən daha çox PAY istəyirlər. Bütün bunlardan sonra istər-istəməz ortaya ritorik bir sual çıxır: suçlu kimdir?! Tanrı sizə sel kimi axıb gələn çoxsaylı neft milyardlarından yararlanaraq demokratik, hüquq dövləti qurmaqla Azərbaycanı sağlam, güclü, durmadan yüksələn ölkəyə dönüşdürmək şansı vermişdi. Siz o şansdan dış güclərlə alver axarında yalnız özünüz üçün, korrupsioner hakimiyətinizi qoruyub saxlamaq üçün yararlandınız.
"Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik", - deyən Əli Həsənov, bu dediyin bütünlüklə yalandır: siz 25 ildi Azərbaycanın MİLLİ SƏRVƏTLƏRİNİ o SƏRVƏTLƏRİN başlıca yiyəsindən - Azərbaycan xalqından! - uzaq tutaraq onları - nefti, qazı, qızılı, gümüşü, balığı, kürünü... hamısını, hamısını sizi hakimiyətə gətirənlərə, sizi hakimiyətdə saxlayanlara PAY verirsiz: hakimiyət əvəzi olaraq! Sorun nədədir? Sizin xalqdan çox uzaqlaşdığınızı, üstəlik, Azərbaycandan Avropayadək xalqın sizə qarşı çıxmaqda olduğunu görən bəlli güclər, Putin başda olmaqla, indi sizdən daha artıq PAY qoparmağa çalışırlar! Gərək qabaqcadan biləydiz: dördüncü prezidentliyin XƏRCİ qabaqkılardan qat-qat artıq olacaq! Azərbaycandakı, Avropadakı antidiktatura çıxışlar-qarşıdurmalar XƏRC artımını istər-istəməz stimullaşdırmış olur - bütün bunları qabaqcadan düşünmək gərək idi...
“İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” kimi bir "tədbirə" gəlincə, bu, bütöv bir tragikomediyadır - rejim tragikomediyası! 25 il bu ölkədə MİLLİ -MƏNƏVİ DƏYƏRLƏRİN ANASINI AĞLADANLAR (təhsil sistemindən tutmuş, televiziyalaradək) indi dara düşdüklərindən onu "qorumağa" qalxırlar. P.S. Adam bir yandan özünün Xəzər TV-sinə "xod" verir, bir yandan Hafiz Hacıyev kimilərini öyrədib müxalifəti söydürür, o biri yandan... "milli-mənəvi dəyərləri qorumağa" qalxır - özü də Rauf Arifoğlu seriyasından olanları qabağa verməklə! Belə yerdə deyirlər: yoxun üzü qara olsun - çevrələrində başqaları yoxdur!