Əbülfəz Qurbanlı
İşsizlik ağır xəstəlik kimidir. Sən bu problemi həll etmək istədikcə, o səndən daha bərk yapışır, səni təəccübləndirməkdə davam edir. Bircə bu zəhrimarın öhdəsindən asanlıqla gələn bizim hökumətdir. Yatıb dururlar, elan edirlər ki, iş yerləri Marsa qədərdir, işləməyən dişləməz. Təkcə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ildə 700 min yeni iş yeri “açırdı”. İstefaya göndəriləndən sonra özü yəqin bunların birində işləyər. Qismət.
Mən isə yaxın xaricdən - Dağıstandan vətənə döndükdən sonra işsizliyə son qoymaq üçün özəl sektora baş vurdum. Böhran öz sözünü dedi, iş yox idi. Çox cəhd elədim, hər dəfə sonda "iş yoxdur" cavabı aldım. Nəhayət, dostlardan biri ərzaq şirkətində satış nümayəndəsi işi olduğunu bildirdi. İldırım sürətilə şirkətə baş çəkdim, sənədləri topladım, iki gün təcrübəli işçi ilə ərazini dolaşdıq. “Sınaq müddəti”ni uğurla başa vurduqdan sonra mənə ayrıca bölgə ayrıldı və təhvil alıb işə başladım. Bir az əziyyətli iş olsa da, xoş idi. Dağıstandakı tikinti işindən ağır deyildi hər halda. İşim böyük və kiçik marketlərdən sifarişləri təmin etmək idi. Şirkətin reputasiyası bölgədə yaxşı deyildi, inamsızlıq var idi. Yerdəki problemləri çeşidləyib üst rəhbərliyə çatdırdım ki, bunları yoluna qoymaq lazımdır. Şirkətin nüfuzunu qaldırmaq üçün irəli sürdüyüm təkliflərə gülməli reaksiyalar verilirdi. Nəhayət, sonuncu dəfə etinasız halda menecerə yaxınlaşıb şirkətin enerji içkilərinin yay günündə soyuducusuz satışının mümkünsüzlüyünü izah etdim, bir neçə marketə soyuducu verilməsini təklif etdim. Cavab bilirsiniz nə oldu? "Soyuducu ilə 6 sinif uşaqları da sata bilər”. Mən buna "Hell"i misal gətirdim ki, hər yerdə reklam olunur, üstəlik mağazalara soyuducu da, stend də verirlər. Yoxsa müştərilər sizin enerjinizi isti-isti alıb suvenir kimi saxlamalıdır? Bu müzakirədən sonra bu “kolxoz evi”nin qapısını bağlayıb çıxdım. Bir az sonra eşitdim ki, həmin şirkət müflisləşib.
Bu yaxınlarda isə farmasept firmalarından birinin iş vakansiyaları ilə rastlaşdım. 2008-2010-ci illərdə bu sahədə uğurlu təcrübəm olduğu üçün sevinərək "axtardığım budur" deyib dərhal CV göndərdim. Bir gün keçdi e-mailə cavab gəlmədi. İki gün keçdi və yenə nəticə olmadı. Dözməyib zəng etdim:
- Salam, xanım. “Novatorfarm”a zəng etmişəm?
- Bəli.
- İş üçün CV göndərmişəm, cavab gəlməyib.
- Ofisə gəlin, zəhmət olmasa. Ünvan...
Gözümdə xilaskarlar evinin obrazı kimi görünən “Novatorfarm”a çatdım. Nəzakətli qarşılanma, ardınca bir anket. Anketi doldurdum. Adını unutduğum, sonrakı telefon danışığında mənə "cavan oğlan, sən..." deyə xitab edən şəxs gəldi. Otağa dəvət etdi, iş və əmək haqda müfəssəl məlumat verdi. Hətta bir qədər motivasiyalı danışdığını deyə bilərəm. Və bir preparatın annotasiyasını verdi ki, sabaha öyrənib gəlin. Açığını deyim ki, əhvalım çox yaxşı idi. Evə gəlib simbiotik qrupundan olan dərman (bağırsaq mikroflorasını normallaşdıran) haqda öyrənməyə başladım. Öyrəndim. Ertəsi gün “Novatorfarm”a getdim və təlim-dərs otağına daxil oldum. İçəridə iki nəfər gənc və bir təlimçi xanım əyləşmişdi. Salamlayıb stolun ətrafında yerimi tutdum. Üz-üzə oturan gənc bəy hansısa uroloji preparat haqda həyəcanla danışırdı. Necə həyacanlanmasın? Məmləkətdə iş asan məsələ deyil axı. Mən də öz dərmanımın annotasiyasını yenidən nəzərdən keçirdim. Arada başımı sağa döndərib sütundakı elan və tapşırıqları da oxudum. Xeyli rahat idim. Oturacağın söykənəcəyinə söykənib təkrar edirdim. Bu zaman başda oturan müəllimə mənə müraciət etdi: - Sizin adınız? - Əbülfəz - Düz oturun! - Necə oturmuşam ki? Aydın olmadı!? - Uşaqlar gərgindir, siz isə rahat söykənib oturmusuz… İzah etməyə çalışdım ki, mən gərgin deyiləm, oturuşumda da düz olmayan nəsə yoxdur. Bu an müəllimə əsəbi halda sözümü kəsib: - Narazılığınız varsa, çıxın. Əlbəttə ki, çıxdım. Durumu ilk dəfə məni qarşılayan şəxsə izah etmək istədim. O isə, “Mən təlimçinin işinə qarışmıram” deyə cavab verdi.
Çox pərt halda oranı tərk etdim və düşündüm, görəsən mənim yerimdə məmurun qohumu olsaydı, təlimçi onun oturuşuna fikir verərdi? Belədirsə, onda niyə hər gün televizorda xəbərlərdə rəsmi görüşlərə baxanda ordakıların oturuşuna irad tutulmur? Özəl sektorumuz hələ də sovet təfəkküründən çıxa bilməyib, oturub - durmaq qaydası təcrübədən və bacarıqdan üstün tutulur. Bəri başdan "rahat" işçiləri iradələrinə tabe etmək istəyirlər. Nəzərə alsaq ki, özəl sektorun böyük hissəsi məmurların əlindədir, dərhal bilinir niyə iş vaxtı metrolarda, küçələrdə o qədər adam var. İzahı çox sadədir: iş yoxdur, olanda da sadə insanlar üçün deyil.