The Economist: İlham Əliyev yeraltı sərvətlərdən yerüstünə keçib

The Economist: İlham Əliyev yeraltı sərvətlərdən yerüstünə keçib
13 Aprel 2018
Mətni dəyiş

“2013-cü ildə Azərbaycanda prezident seçkisi keçiriləndə Mərkəzi Seçkisi Komissiyası nəticələri səsvermədən bir gün öncə açıqlamışdı. Xəcalət təri basmış məmurlar bunun texniki səhv olduğunu dedilər. Bu dəfə isə, yəni aprelin 11-də məmurlar nəticələri səsvermədən dörd saat sonra açıqlamaqla, azından, demokratiya görüntüsü yaratmağa çalışdılar. Di gəl, nəticə heç kəsdə şübhə doğurmurdu. 2003-cü ildə hakimiyyəti atasından miras almış İlham Əliyev səslərin 86%-ni toplamaqla dördüncü müddətə prezident postuna seçildi”.

“The Economist” dərgisindəki məqalədə əsas müxalifət partiyalarının seçkini boykot etməsindən söz açılır. Siyasi təhlilçi Şahin Rzayev digər yeddi namizədin “hamısının saxta” olduğunu deyib.

“KORRUPSİYA VƏ QOHUMBAZLIQ KÖK SALIB”

Dərgi İlham Əliyevin yerini yaxşıca möhkəmlətdiyini, konstitusiyaya dəyişikliklər etdiyini, prezidentlik müddətini beş ildən yeddi ilə qaldırdığını yazır. “Başına bir iş gələrsə, xanımı Mehriban Əliyeva birinci vitse-prezidentdir və onu əvəzləyəcək. İkinci vitse-prezident vəzifəsi hələ də boşdur və bəziləri bu yerin oğlu üçün saxlanmasından şübhələnir”, – məqalədə deyilir.

Hökumətin 2014-cü ildə Ukraynada Maydan hərəkatından təlaşa düşərək son illər ölkədə repressiyanı gücləndirdiyi, müstəqil media orqanlarının qapadıldığı, araşdırmaçı jurnalistlərin saxlandığı, korrupsiya və qohumbazlığın kök saldığı vurğulanır.

“Ancaq bəzi sahələrdə Azərbaycanın işi yaxşı gedir. İqtisadiyyatı 2014-cü ilədək neft-qaz sərvəti hesabına ilə ortalama 13% artıb, üç il dalbadal dünyanın ən sürətlə artan ölkəsinə çevrilib. 2000-ci ildə yoxsulluq həddi 50 faiz idisə, bu gün 5 faizə düşüb. Bir çox azərbaycanlılar həyat səviyyələrinin yüksəlməsi, ölkədəki siyasi sabitlik üçün cənab Əliyevə minnətdardır. Dağlıq Qarabağ regionunu işğal etmiş Ermənistanla bağlı sərt danışığını da sevirlər. Ancaq sürətlə azalan karbohidrogen resurslarına arxalanmaq davamlı model sayılmır. Əvəzində cənab Əliyev Azərbaycanı Çinin İpək Yolu üzərində tranzit habına çevirməyə çalışır”, – məqalədə vurğulanır.

“Ötən oktyabrda Bakını Türkiyənin Qars şəhəri, daha sonra Balkanlarla birləşdirən yeni dəmiryolunun açılması Çinlə Avropa arasında ən qısa marşrutun Azərbaycandan keçməsi deməkdir. 2016-cı ildə Çinlə Avropa Birliyi arasında ticarət dövriyyəsi 560 milyard dollar çatıb. Bu ticarətin 90 faizdən çoxu dənizlə gerçəkləşdirilir və bu yol iki dəfə uzundur. Daha bir “şimal-cənub” nəqliyyat dəhlizi Mumbayla Moskvanı dəmiryoluyla birləşdirəcək və Azərbaycandan keçəcək. Cənab Əliyev vəzifəyə yeraltı təbii sərvətlərin işlənməsi, pula çevrilməsiylə başladı. İndi isə ölkəsinin ən dəyərli yerüstü sərvətindən – coğrafi mövqeyindən ikiəlli yapışıb”, – “The Economist” belə yazır.

QƏRBLƏ MÜNASİBƏTLƏR

“Euronews” da Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisindən söz açır. Ölkə bundan sonra da Rusiya və Qərb arasında balans yaratmağa davam edəcəkmi?

“Neftin həcmi azalır, qaz sərvəti elə də böyük deyil. Məncə, növbəti illər ərzində Azərbaycanla Qərbin münasibətlərin yenidən balanslaşdırıla bilər”, – Karnegi fondundan Thomas de Waal belə deyir.

“Düşünürəm ki, Azərbaycan enerjisinə ehtiyac duyan Qərb Azərbaycana bəzi sərt suallar da verə bilər”, – ekspert sözlərinə əlavə edib.

Azərbaycanın enerji ehtiyatları və strateji mövqeyi onun Avropadan ötrü Rusiyadan gələn neft-qaza alternativə çevrilməsi deməkdir. Ancaq ekspertlərin fikrincə, bu ölkə AB-nin xarici siyasət siyahısının başında gəlmir.

De Waal-ın fikrincə, AB üçün regionda prioritet ölkələr Gürcüstan və Ukraynadır: “Təəssüf ki, Azərbaycan AB-nin daha böyük xarici siyasət söhbətinin bir hissəsi deyil”.

Ölkənin aparıcı müxalifət qüvvələri 11 aprel seçkisini boykot edib. Beynəlxalq müşahidə missiyası seçkinin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyini bildirib. Ancaq hakimiyyət bu tənqidləri obyektiv saymır, ölkəyə təzyiq adlandırır, onlara boyun əyməyəcəyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun