Aprelin 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov mətbuat konfransında bəzi açıqlamalar verib.
AMB sədri bildirib ki, manatın ucuzlaşması üçün ciddi bir səbəb yoxdur:
"Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük. Mili valyutanın məzənnəsi bir ildən çoxdur ki sabitdir. Bu səbəbdən əhali və real sektorda məzənnə dəyişikliyi gözləntiləri azalıb".
Elman Rüstəmov həmçinin uçot dərəcəsinə də toxunub:
"Uçot dərəcəsi siqnal rolunu oynayır. Bu effektin iqtisadiyyata ötürüləcəyini gözləyirik. Bütövlükdə maliyyə vasitəçiliyinin bərpası istiqamətində problemlər var. Bu da təkcə pulun dəyəri ilə ölçülmür. Faizlərin azalmasını istəyiriksə, bu ekosistemdə problemləri həll etməliyik".
Bundan əlavə, AMB sədri ilin sonuna qədər valyuta ehtiyyatlarının artacağını bildirib:
"Büdcəyə transfertlər əhəmiyyətli dərəcədə azalıb. İdxal əhəmiyyətli dərəcədə azalıb. Bu da bizə imkan verir ki, nəzərdə tutulan layihələri yerinə yetirək. Bu ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyukturasından istifadə edərək neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatları artacaq"