“Beyləqanda tikilməkdə olan Olimpiya Kompleksində fəhlə işləyirdim. Bir müddət öncə tikintidən 5 ədəd boru yoxa çıxdı. Axşamı rayon icra başcısı Vaqif Abdullayev və Beyləqan Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxalıyev içkili vəziyyətdə tikintiyə gəldilər. İtən borulara görə məni təhqir etdilər, şərəf və layaqətimə toxundular, nəslimə söydülər və azmış kimi Vaqif Abdullayev məni döydü”.
Beyləqan sakini Rahil Əliyev belə deyir.
O, icra başçısı Vaqif Abdullayevin burnuna ağır xəsarət yetirdiyini söyləyir:
“Döyməyi azmış kimi polis rəisinə tapşırıq verdi ki, bu erməninin oğlunu içəri atın, cibinə narkotik qoyun, üstünə silah atın. Məni içəri atdılar, alkoqol testdən keçirdilər”.
Rahil Əliyev deyir ki, döyülməsi ilə bağlı Beyləqan və Füzuli rayonu ekspertlərinə müraciət edib. Ancaq onlardan döyülməsi ilə bağlı rəy ala bilməyib:
“Görünür, hamıya tapşırıq veriblər. Etdiklərinin üstünün açılmasını istəmirlər. Məni boruların yoxa çıxmasına görə ittiham etdilər, döydülər, təhqir etdilər. Axırda məlum oldu ki, boruları təmir məqsədilə şirkət işçiləri özləri götürüblər. Bu barədə icra başçısına məlumat da verildi. Nəticədə haqsızlığa uğrayan, döyülən, söyülən mən oldum”.
Meydan TV şikayətlə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən belə bir olaydan xəbərsiz olduqlarını söyləyiblər:
“Bilmədiyimiz bir şey haqda fikir bildirə bilmərik. Belə bir səlahiyyətimiz yoxdur. Ancaq araşdıracağıq görək nə məsələdir”.
Məsələ ilə bağlı Beyləqan Rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev “yenigundem.az”- a bildirib ki, icra başçısı ilə gözətçi Rahil Əliyev arasında deyilən problem yaşanmayıb:
“Ancaq o doğrudur ki, inşaatdan dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib icra hakimiyyətinə təhvil verdilər. Döyülmə ilə bağlı məlumat isə yalandır. Belə bir şey olmayıb”.
Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə bu ilin martından başlanıb. Bu, Azərbaycanda tikilən sayca 45-ci kompleksdir. Kompleksin tikintisinə prezident İlham Əliyevin 23 mart 2018-ci il tarixli sərəncamı ilə 15,5 milyon manat ayrılıb.
Komleksin layihələndirilməsi Azərbaycanın “Art Proje” şirkəti tərəfindən hazırlanır. Tikintisini isə “TAVV Construction” MMC-i icra edəcək. Ərazisi 2,61 ha olacaq.
İqtisadçılar dəfələrlə belə komplekslərin tikintisinin mənasız olduğunu bəyan ediblər. Bildirilir ki, adətən bu tip komplekslər sadə vətəndaşların üzünə açıq olmur və ayrılan vəsaitlər boş büdcə sərfindən başqa bir şey deyil. Olimpiya komplekslərinin saxlanılmasına da yüzminlərlə manta dövlət vəsaiti ayrılır.
Azərbaycanda OİK-lər 2002-ci ildən işə başlayıb. Naxçıvan OİK-in açılışında o vaxtkı prezident Heydər Əliyev hər bir kompleksin İlham Əliyevin xalqa hədiyyəsi olduğunu demişdi. Rəsmi sənədlərdə və hesabatlarda komplekslər İlham Əliyevin idmana qayğısı kimi qiymətləndirilir. Amma Azadlıq Radiosunun 2012-ci ildə apardığı araşdırma bəzi komplekslərin istifadəsiz, bəzilərininsə təyinatı üzrə fəaliyyət göstərmədiyini üzə çıxarmışdı. Araşdırmadan məlum olmuşdu ki, Şəki OİK “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaitilə inşa edib. “General Construction” 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur. O dövrdə Gənclər və İdman Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov demişdi ki, komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komistəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib. Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 200 milyon manata yaxın vəsait xərclənib.