Gürcüstanda həbsdə olan cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlı yenidən müraciət yayıb.
O, müraciətində vurğulayıb ki, hələ həbsindən 6 ay əvvəl ona qarşı Gürcüstan və Azərbaycanda kompaniya başlayıb. Fərman Ceyranlının deməsinə görə, sifariş Bakıdan gəlib:
“İki nəfər ölən xəstənin qohumlarını bu prosesə cəlb etmişdilər. Xəstələrin diaqnozu qaraciyər serrozu və 4-cü dərəcəli xərçəng idi. Durumları çox ağır, kritik idi. Ölümlərindən 7 ay keçdikdən sonra qohumları şikayətə təhrik edilmişdilər. Özü də eyni vaxtda. Baxmayaraq ki, biri Kutaisidən idi, biri də Tbilisidən. Eyni rayon prokurorluğuna şikayət etmişdilər. Meyitin yarılmasına isə razılıq verməmişdilər. Bütün bunlar mənə qarşı hazırlanan planlı aksiyadan xəbər verirdi”
Fərman Ceyranlı iddia edir ki, bütun bu proseslərin ssenarisi Bakıda hazırlanıb.Onun deməsinə görə, prosesdə hər iki ölkənin hüquq mühafizə orqanları iştirak edib.
Fərman Ceyranlı müraciətində vurğulayıb ki, prokurorluğun yaratdığı ekspert qrupunun və səhiyyə komisiyasının yoxlamalarına əsasən heç bir nöqsan aşkar edilməyib:
“Eyni zamanda maliyyə məsələlərində də pozuntu yox idi. Mənə verilən ittihamda vəzifəm bilərəkdən yanlış, klinikanın drektoru göstərilmişəm. Halbuki, director başqa adamdır, baş həkim də başqa adamdır. Mən iki təsisçidən biriyəm. İşdə qrup halında dələduzluqdan söhbət gedir.Nə qrup var, nə üzvləri. Axı heç olmasa məndən başqa biriləri olmalıdır ki, qrup olsun.Oarada yazılıb ki, cərrahın lisenziyası yoxdur.Bu da yalandır. Var sürəti də onlardadır. Bəs niyə belə edirdilər? Məni həbs etmək üçün. Beləliklə nə maddə var, nə də cinayət. Arxamda dövlətim dayanmalıdır. O isə məni sifariş verib”
Fərman Ceyranlının yaxın günlərdə yenidən məhkəməsi keçiriləcək. Gürcüstan Apellyasiya Məhkəməsi onun vəkillərinin aşağı məhkəmənin hökmündən verdiyi şikayətə baxacaq.
Vəkilləri F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər. Yuxarı məhkəmədən Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi cərrah barəsində bəraət hökmünün çıxarılması istənilib. Gürcüstan Apellyasiya Məhkəməsi şikayətə aprelin 19-da baxmalıdır.
F.Ceyranlının sifarişlə həbs edilməsi ilə bağlı bundan öncə də açıqlamalar olub. Ancaq Azərbaycan rəsmiləri bu fikirləri qəbul etməyiblər
Məhz bu müraciətə isə, hələlik, nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.
Fərman Ceyranlı bundan əvvəlki müraciətlərinin birində isə iddia edirdi ki, Azərbaycanın müxalif qüvvələri ilə münasibətlərinin olduğuna və onlara əlindən gələn köməyi etdiyinə görə, hakimiyyətinin sifarişi ilə həbs edilib.
Deputatın mülahizələri
“Mən hansısa hüquq-mühafizə orqanının funksiyasını üzərimə götürərək bu məsələyə cavab vermirəm. Amma Tbilisidə Azərbaycan əlehinə mərkəzinin formalaşması məlum idi”.
Bunu isə deputat Zahid Oruc Gürcüstanda həbsdə olan cərrah Fərman Ceyranlının son müraciətini dəyərləndirərkən bildirib.
Z.Oruc deyib ki, həmin mərkəzdən Azərbaycan əleyhinə daim addımlar atılır, təbliğat aparılırdı:
“Bu mərkəz heç də iddia etdiyi demokratiya, azad media, azad cəmiyyət uğrunda nübarizə aparmırdı. Çünki “kriminal donor”la qidalanırdı, məqsəd elə Azərbaycan əleyhinə təbliğat idi. Məqsəd Azərbaycan hakimiyyətini gözdən salmaq, qaralamaqi idi”.
Z.Oruc deyib ki, bu barədə materiallar var. Deputatın fikrincə, görünür, həmin materiallarda F.Ceyranlının da adı keçir.
Deputat hesab edir ki, F.Ceyranlı 2005-ci ilə kimi hakimiyyətdən narazı olmayıb:
“2005-ci ildən sonra bu narazılıq başlayıb, başqa düşərgəyə keçib, aktiv anti Azərbaycan şəbəkəyə qoşulub”
Zahid Orucun firkincə, F.Ceyranlının müraciətini indi yayması da təsadüfi deyil:
“Yaxşı başa düşür ki, indi Azərbaycanda seçki kimi bir həssas dövrdür. Beynəlxalq qurumlar Azərbaycana kilidlənib, ona görə də indi aktivləşib”
Z.Oruc vurğulayıb ki, F.Ceyranlının siyasi baxışına görə həbs edilməyib. Onun fikrincə, cərrahın bu yöndə dediyi fikirlərin heç bir əsası yoxdur.
Xatırlatma
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.
F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan dələduzluq təsdiqini tapıb.