İlham Əliyev: "Antimilli ünsürlərin yeri tarixin zibilxanasıdır"

İlham Əliyev: "Antimilli ünsürlərin yeri tarixin zibilxanasıdır"
18 Aprel 2018
Mətni dəyiş

"Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib".

Bu fikirləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində söyləyib.

AZƏRTAC-ın xəbərinə görə, o, prezident seçkilərinin ədalətli və şəffaf şəkildə keçirildiyini bildirib.

Dövlət başçısı deyib ki, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatların keçirdiyi rəy sorğuları, seçkilər günü təşkil edilən "exit-poll"lar rəsmi nəticələr ilə üst-üstə düşür. Prezident bu göstəriciləri bir daha seçkilərin xalqın iradəsini, onun fikirlərini əks etdirməsi kimi dəyərləndirib.

İ.Əliyev hakimiyyətdə olduğu 15 ilin dəyərləndirməsini da aparıb:

"Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub".

Dövlət başçısı daha sonra deyib:

"Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir".

"Bu da tarixin zibilxanasıdır"

APA agentliyinin xəbərinə görə isə, dövlət başçısı çıxışında başqa namizədlərin çıxışlarına da toxunub:

"Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq".

Ancaq o, bəzi siyasi qüvvələrin ünvanına sərt fikirlər səsləndirib:

"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur".

İ.Əliyev andiçmə mərasimində daha sonra deyib:

"Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, xalq xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Aprelin 15-də Mərkəzi seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edib.

İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

MSK və Konstitusiya Məhkəməsindən fərqli olaraq, müxalif Müsavat Partiyası və Milli Şura seçkinin nəticəsini tanımadığını açıqlayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

Bu, İ.Əliyevin Azərbaycanda prezident seçkilərində 4-cü dəfə qələbə qazanmasıdır. O, bundan əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qələbə çalıb.

2009-cu ildə ölkə Konstitusiyasına edilən dəyişiklik onun müddətsiz prezident seçilməsinə imkan yaradıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun