Məhkəmə Xədicə İsmayılın "Azadlıq Radiosu" ilə bağlı vəsatətinə baxıb

Məhkəmə Xədicə İsmayılın "Azadlıq Radiosu" ilə bağlı vəsatətinə baxıb
19 Aprel 2018
Mətni dəyiş

Vergilər Nazirliyinin məhkəməyə verib 63 min 138 manat pul tələb etdiyi araşdırmaçı-jurnalist Xədicə İsmayıl bu prosesə Azadlıq Radiosunun da üçüncü şəxs qismində cəlb olunmasını istəyirdi. Tələbini də belə əsaslandırırdı ki, nazirlik həmin pulu həm də Azadlıq Radiosundan istəyir və tərəflər arasında buna görə məhkəmə çəkişməsi gedir.

Aprelin 19-da 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Aidə Hüseyn jurnalistin bu vəsatəti ilə bağlı qərarını açıqlayıb. Bildirib ki, vəsatət təmin olunmur, indiki şəraitdə Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin prosesə cəlb olunmasına ehtiyac yoxdur.

X.İsmayıl hakimdən bu məsələ ilə bağlı qərarı yazılı qərardad şəklində istəsə də, ona verilməyib.

Vergilər Nazirliyinin X.İsmayıldan tələb etdiyi məbləğin 17 min 992 manatı ilə bağlı Ali Məhkəmənin qərarı var. O qərarda 17 min 992 manatlıq israf etmə (işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlanması nəticəsində yaranan 10 faizlik vergi fərqi) ittihamı üzrə jurnalistə bəraət verildiyi yazılıb. Ötən məhkəmə iclasında X.İsmayıl bu məsələdən danışanda Vergilər Nazirliyinin nümayəndəsi qərarla tanış olub münasibət bildirmək üçün vaxt istəmişdi.

Aprelin 19-da məhkəmədə cavabdeh məsələyə münasibət bildirib. Deyib ki, düzdür, Ali Məhkəmə həmin ittiham üzrə X.İsmayıla bəraət verib, amma Vergilər Nazirliyi o məbləğin jurnalistdən alınmasında israrlıdır, qurumun Əsasnaməsi də buna imkan verir:

"Biz bu məsələdə Xədicə İsmayılova haqqında cinayət işinə əsaslanmırıq".

X.İsmayılın vəkili Yalçın İmanov Azadlıq Radiosunun mənfəət vergisinin ödəyicisi olmadığını təsdiqləyən sənədləri təqdim edərək, onların iş materiallarına əlavə olunmasını istəyib. Bildirib ki, Vergilər Nazirliyi X.İsmayılı radionun Bakı bürosunun rəhbəri olduğu dövrdə mənfəət vergisindən yayınmaqda ittiham edib, ondan 45 min 145 manat tələb edir, halbuki, Azadlıq Radiosu mənfəət vergisi ödəyicisi deyil.

Vergilər Nazirliyinin nümayəndəsi bir qədər əvvəl söylədiyindən fərqli olaraq, indi X.İsmayıl haqqında cinayət işinə istinad edib. Bildirib ki, 45 min 145 manatlıq mənfəət vergisindən yayınma məsələsi onunla bağlı qüvvəyə minmiş məhkəmə hökmündə də qeyd olunub.

Məhkəmə aprelin 26-da davam edəcək.

"Məqsəd bank hesabımı həbs altında, özümü də gərgin saxlamaqdır"

"İddiaçı tərəf qarışıqlıq içindədir. Gah mənim haqqımda Ali Məhkəmənin qərarına istinad edir, gah da bu qərarın onların iddiasına aidiyyəti olmadığını deyir. Vergi məsələləri ilə bağlı hələ o zaman cinayət işi başlananda istinad yeri Azərbaycan qanunları yox, hökumətin qərəzi idi. Qərəz bu işdə də özünü göstərir. Azadlıq Radiosu da vergi mübahisəsinə görə Vergilər Nazirliyini məhkəməyə verib, amma o proses dondurulub. O qədər absurddur ki, qanunla bu işi bir nöqtəyə gətirib çıxara bilmirlər", - X.İsmayıl deyir.

Jurnalistin fikrincə, məqsəd vergilərin ödənilməsi deyil, onun bank hesabını həbs altında, özünü də gərgin saxlamaqdır.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

X.İsmayıl bütün ittihamları rədd edir, həbsinin prezident ailəsinin biznesini ortaya qoyan jurnalist araşdırmaları ilə bağlı olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun