Türkiyədə "FETÖ" (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarını "terror şəbəkəsi" sayır - red.) üzvü kimi təqdim olunub axtarışa verilən Mustafa Ceyhanın öz ölkəsinə ekstradisiyası ilə bağlı müraciətə Azərbaycan "yox" cavabı verdi.
Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində M.Ceyhanın Türkiyəyə təhvil verilməsi ilə bağlı Azərbaycanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Məhkəmədə dövlət ittihamçısı təqdimatdan imtina etdiklərini və M.Ceyhanın ekstradisiyasını istəmədiklərini bildirib.
"Görünür, əvvəlcədən gözləyirdilər"
M.Ceyhanın vəkilləri prokurorun dediyi ilə razılaşsalar da, hüquqlarını müdafiə etdikləri şəxsin azadlığa buraxılandan sonrakı taleyindən narahat olduqlarını bildiriblər. Çünki bir müddət öncə Nərimanov və Binəqədi rayon məhkəmələrində də eyni ittihamla ekstradisiyası istənilən iki nəfər Türkiyə vətəndaşı məhkəmədən buraxılıb və dərhal da ailələrindən xəbərsiz maşına mindirilərək naməlum istiqamətə aparılıb. Sonradan onların Türkiyəyə aparıldığı və orada həbsdə saxlandığı məlum olub.
M.Ceyhan 2017-ci ilin aprelindən Azərbaycanda həbsdədir. O, Gürcüstandan Azərbaycana sərhədi qanunsuz keçməkdə suçlanıb və Qazax Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu günlərdə başa çatıb.
M.Ceyhan nə FETÖ, nə də sərhədi qanunsuz keçmə ittihamını qəbul edir. M.Ceyhanın sözlərinə görə, onun Gürcüstanda yaşaması üçün icazə sənədi olub. Oradan Azərbaycana sığınacaq üçün gəlib:
"Sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm".
BMT-dən də qaçqın kimi sığınacaq aldığını deyən M.Ceyhan heç bir terror təşkilatının üzvü olmadığını, barəsindəki axtarış qərarının da əsassız olduğunu vurğulayıb.
Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası prokurorluğun imtinasını nəzərə alaraq, M.Ceyhanın azadlığa buraxılması barədə qərar qəbul edib. Ancaq vəkilinin Azadlıq Radiosuna bildirdiyinə görə, aprelin 26-da M.Ceyhan azadlığa buraxılan kimi onu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından tutub naməlum istiqamətə aparıblar:
"Görünür, onu əvvəlcədən gözləyirdilər. Çıxan kimi maşına basıb apardılar. Hara aparıldığını da bilmirik".