Samir Əsədli
Əvvəla onu deyim ki, son illərdə istər məmur kontingentinə, istərsə də parlament heyətinə aid şəxslərin xeyli “aforizmləri” olub və bu ifadələr yaşadığımız zamanı, bu zamanın personajlarını da cild-cild kitablardan daha yaxşı xarakterizə edəcək. İstər baş nazirin “Təzə xiyara pulları yoxdur, duzlu xiyar yesinlər”, istərsə də keçmiş nazirin “Konkret rədd ol!”, keçmiş deputatın “Jak Şirak qudurub!”, metro sahibinin “Nə burcudursan?”, bir müddət əvvəl deputatın rusiyadakı soydaşlarımıza “otxod” deməsi, yaxud digər bir deputatın xalqı “qanuni oğru”nun qədrini bilməyə çağırışı bu qəbildəndir.
Bu cəhətdən parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin və bu komitənin digər bir üzvü Musa Urudun son “quşlaması”, daha dəqiqi sosial siyasətə antisosial baxışları təəccüb doğurmamalıdır. Onlar sadəcə dövrümüzün siyasi gülməcələrinə tragikomik əlavələr ediblər. Hər iki deputat əslində Azərbaycan hakimiyyətinin sosial siyasətinin aynasıdır – olanları və adiləşənləri başqaları gizlədir, bu şəxslər isə isə birbaşa deyir. Motivi nədir? Bununla işimiz yox. Sadəcə, maraqlısı odur ki, onların söylədikləri tamamilə reallığı əks etdirir. Hansı reallığı? Hakimiyyətdə olanların xalqa münasibətini və dəyərlər kodeksini.
Ona görə də son günlər müzakirələri səngimyən, ən böyük narazılıqlarla şərh olunan o açıqlamalarda, adi vətəndaşlar konkret Rəcəblini, Musa Urudu və ya qeyrisini yox, hakimiyyətin davranış tərzini görürlər. Bu ümumiləşmə tamamilə təbiidir. Ancaq problem ondadır ki, bunu büdcə xərclərinin sosial yönümlü olduğunu vurğulamağı xoşlayan bir ölkə iqtidarının nümayəndəsi deyir, hansısa Pinoçet və Stressner dövrünün məmuru yox.