Nemət Əliyev
İntiharlar Belarusda 5%, Rusiyada 13% azaldığı halda, Azərbaycanda 51% artıb... Bəs intiharlar daha nə qədər artmalıdır ki, prezident aparatının, hökumətin və parlamentin tükünü tərpədə bilsin?
Axı əhali sayına və coğrafiyasına görə kiçik bir ölkədə nə qədər intihar olar? “Qobustanda 32 yaşlı kişi özünü asıb”, “Hacıqabulda 23 yaşlı qadın intihar edib”, “Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda kanaldan tapılıb”, “Neftçala sakini intihar edib”, “Nişanlı gənc özünü asdı”,“ Lənkəranda 38 yaşlı kişi intihar edib”, “Bakıda asılmış kişi meyiti tapılıb”,“ Gəncədə 18 yaşlı gənc özünü yandırdı” kimi bitib-tükənməyən məlumatlar son səkkiz-on gündə bütün mətbuatı başına alıb. Amma baş verənlərə görə məsuliyyət daşıyanların birinin də səsi çıxmır.
Açıqlanan məlumatlardan məlum olur ki, arxada qoyduğumuz 2017-ci ildə intiharların (tamamlanmış suisid) sayı 2016-cı ilə nəzərən 51% artaraq 327 nəfərdən 495 nəfərə çatıb. Amma bu böyüklükdə artımın rəsmi dairələrə elə də təsiri olmayıb. Görünür, bu da bir analoqsuzluqdur. İntiharlarların nisbətən yüksək olduğu Rusiyada bu göstərici ötən il 13% (23,1 min nəfərdən 20,1 min nəfərə düşüb), Belarusda isə 5% (2 min nəfərdən 1,9 min nəfərə düşüb) azalıb. Lakin ölkəmiz bu arzuolunmaz göstərici üzrə 51% artımla “irəli” çıxıb.
Bu ilin əvvəlindən isə mətbuat səhifələrində intiharlar haqqında məlumatlar xeyli artıb. Çünki ölkədə intiharları şərtləndirən psixoloji, ictimai-siyasi, sosial-iqtisadi gərginliklər də günü-gündən böyüməkdə davam edir. Fikrimcə, bank soyğunçuluğunun, özbaşınalığın, qanunsuzluğun, ədalətsizliyin, ağır sosial-iqtisadi şəraitin burada payı xeyli çoxdur. Odur ki, İlham Əliyev başda olmaqla Arturundan tutmuş Səliminə, Hadısından tutmuş Bıdısına qədər vəzifə almış hər kəsi bu məsələ çox ciddi şəkildə düşündürməli, gərginliyə stimul yaradan səbəblər aradan qaldırılmalıdır.