Altay Göyüşov
Ən klassik misalı Şimali Koreyadır. Eyni xalqdır, iki yerə bölünüb.
Birində raket gədə camaatı hara istəyir göndərir, havayı işlədir, minir, çapır, o birində, gözümlə görmüşəm, paytaxtın hər yerində hökumətə cürbəcür etirazlar olur. Hansı necə yaşayır, özünüz bilirsiniz.
Əcəmoğlu və Robertson məşhur kitablarında ümumiyyətlə ABŞ-la, Meksika arasında bölünmüş bir şəhərin əhalisinin sistem fərqi nəticəsində necə bir-birindən fərqlənməsini izah edirlər.
Yaxud götürək elə hamımızın ağzı sulana-sulana danışdığı Almaniyanı. Hitler adında monstr, Heidelberq universitetində fəlsəfə doktoru olmuş Gebbels kimi gədə və sairələri almanları cəmi bir neçə ilin içində şimali koreyalıya döndərmişdilər.
Şərqi və Qərbi Almaniyanı götürək. 1990-cı ildə birləşiblər, neçə onillərdir kommunist totalitarizminin axırına çıxdığı şərqi almanları Qərbi Almaniya inteqrasiya edib, qurtara bilmir. Elə bilirsiniz bitib məsələ? Ay-hay, açın baxın qatı sağçı AFD ən çox səsi harada yığıb.
Pis sistem pis şeydir, toplumun ağlını, başını tarix üçün çox qısa zamanda əlindən alıb, meymuna döndərir. Alman, koreyalı, azərbaycanlı tanımır.
Mən bunu yaşamışam, camaat! Öz dərimdə hiss etmişəm. Ağlım, başım yox idi, elementar şeylər məni düşündürmürdü.
Klassik sovet adamı idim, elə bilirdim ki, dünyanın ən inkişaf etmiş ölkəsində yaşayıram, kapitalizm isə çürüyüb, bu gün sabah dağılacaq. Elə bilirdim ki, amerikalılara bu saat icazə versələr, hamısı köçüb gələcək SSRİ-yə xoşbəxt həyat sürməyə. Ağlıma gəlmirdi ki, rəhmətliyin oğlu, sərhəddi bağlanan, ölkədən xaricə çıxışı qeyri-mümkün hala gətirilən sənsən, onlar deyil.
SSRİ hokkeydə Amerikaya uduzanda ağlayırdım. Gözümüzün qabağında idi, amma fikirləşmirdik ki, bəs necə olur əynimizdəki paltardan tutmuş, çəkdiyimiz siqaretə qədər hamısı dağılmağını gözlədiyimiz, it günündə olduğunu düşündüyümüz, hər gün nümayişlər, etirazlar baş verən Qərb istehsalıdır. Adi məntiq başımıza girmirdi.
Heç inanmıram ki, iliyinə kimi sovet ziyalısı olan atamı dərindən düşünməyə vadar edə idi ki, gecələr xış-xış, fış-fış sədaları altında ona görə Amerikanın Səsinə qulaq asır ki, vətəndaşı olduğu SSRİ-nin televiziyalarında ancaq durmadan yalan danışılır, həqiqət gizlədilir. Yəni instinktiv olaraq bu adi həqiqəti bilirdi, ona görə də qulaq asırdı, amma əminəm ki, qətiyyən dərindən düşünməyə vadar etmirdi.
Mən 1960-cı illərdə anadan olmuşdum, ona qədər artıq sovet hökuməti kütlənin başını tamamilə çevirmiş, öz istədiyini yaratmışdı.
Cümhuriyyət və qurucuları düşmən idi. Böyük adlandırdığımız şair, yazıçının demək olar hamısı cümhuriyyət qurucularının lənətinə azı bir-iki sətir həsr ermişdi. Mənim ağlıma gəlmirdi ki, a kişi, mən özümə ona görə azərbaycanlı deyirəm ki, cümhuriyyət olub. Ona qədər buralarda Azərbaycan adında dövlət zad olmayıb, yer adı olub. Bilmək olmaz Azərbaycan Cümhuriyyəti olmasa idi, sovet hökuməti mənə nə adı qoyacaqdı. Odur qazaxa əvvəl qırğız adı qoymuşdu, sonra fikrini dəyişdirib qazax elədi. Yəni kütlənin özünə onun adını qoyanları düşmən kimi qəbul etdirmişdilər. 1918-ci ilin martında bu camaatı qırıb, qanına qəltan etmiş Şaumyanı isə qəhrəman kimi qəbul etdirmişdilər. Adına iki rayon var idi. Kütlə də qəbul etmişdi. Respublikanın başçısı Əliyev Şaumyanın 100 illiyində odlu-alovlu nitq söyləyib onu Azərbaycan xalqının böyük oğlu adlandırırdı. Tam tərs avand, əyrini düz, düzü əyri.
Qısası, sistem toplumun azadlığını alandan sonra başına hansı cəfəngiyyatı istəsə doldurub, istədiyi şeyi qayıra bilər, istədiyi günə qoya bilər.
ABŞ-da vətəndaş müharibəsində şimal cənubla quldarlıqdan imtina etdirmək üçün vuruşurdu. Qulların isə bir xeylisi quldarların tərəfində onlara azadlıq istəyənləri vurub öldürürdü. Çünki cənubdakı quldarlıq sistemi qulların huşunu-başını əlindən almışdı, nəyin düz, nəyin səhv olduğunu qanmırdılar.
Martin Lüter Kinqin dövründə isə artıq vətəndaş haqları uğrunda kütləvi şəkildə öz haqları uğrunda mübarizəyə qalxırdılar. Çünki bu artıq cənubdakı quldarlıq sistemindən qat-qat yumşaq, adamın ağlını tamamilə əlindən almayan, düşünmək imkanlarını yerli-dibli silməyən bir sistem idi. Camaat da tədricən ayılırdı. Sistem elə dəyişdi ki, dünənə kimi basketbol oynamasına icazə verilməyən, buna təbii baxan afro-amerikalı nəinki basketbolun aparıcı oyunçusuna çevrildi, hətta gəlib ölkənin prezidenti də seçildi.
Ona görə ay erməni, gürcü milləti belədir, biz başqa cürük deyən gözünün içinə kimi yalan deyir. Sizi qul vəziyyətində saxlamaq istəyənlərin dediyini deyir, bilərəkdən, ya bilməyərəkdən. Fərq Ermənistandakı, Gürcüstandakı indiki sistemlə, bizim sistem arasındadır. Sovet dövründə də Moskva bu fərqi yaratmışdı. Sovet hökuməti hamını həbsdə saxlayırdı. Amma bizləri qonşularla müqayisədə ibarəli desək, sərt rejimli islah müəssisəsinə salmışdl.
İndi də eyni siyasət davam edir. Erməni ilə aramızda bu neçə gündə gördüyünüz fərq bizim şüursuz, nə bilim qorxaq olmağımızda deyil. Bizim sistemin daha sərt olmasındadır, toplumu sındırıb türkmənə, şimali koreyalıya, afro-amerikalı qula oxşatmaq istəyində və niyyətindədir.
İndi bu hökumətin niyyəti aydındır. Türkmənbaşı, Kim Jong Un nə istəyirsə, bunlar da elə onu istəyir.
Məni başqa şey maraqlandırır ki, niyə ABŞ, Avropa bizim bu sistemin niyyətinin həyata keçirilməsinə açıq, gizli dəstək verdi? Nədir bunun səbəbi? Azadlıqdan, insan haqlarından, qanunun aliliyindən danışanların camaatı köləyə çevirmək istəyən sistemə belə canfəşanlıqla dəstək verməsinin arxasında nə dayanır?
Elə bil ki, hamı bu millətin azadlığa çıxmasından qorxur. Elə bil, qatı cinayətkarıq, mütləq həbsdə saxlanmalıyıq, azadlığa buraxılmağımız bəşəriyyət üçün təhlükəlidir...
P.S. Afro-amerikalı qul niyə ABŞ vətəndaş müharibəsində elə edirdi sualına cavab tapsanız, pambığa göndərilən müəllimin niyə gəlib mənim statuslarımın altında trolluq etməsinə də cavab tapacaqsınız.