Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu beynəlxalq görüşü keçirilir.
AZƏRTAC-ın məlumatına görə, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.
Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.
Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev Rusiya prezidenti Vladimir Putin-in təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.
Görüşdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edirlər.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev-lə görüşüb. N.Patrushev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. N.Patrushev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.