Rəhman Məmmədli
Çox insan gəlib keçir həyatımızdan. Bir müddətlik gələnlər, bir ömürlük qalanlar, təsadüfən rastlaşdığımız, təvafüqən qarşımıza çıxanlar.
Nərgiz Yaqublu ilə tanışlığımız da başqa bir səbəbdən olmuşdu. Təsadüf deyildi, uzunmüddətli də olmadı. Tanış olmağımıza səbəb ortaq dəyərlərimiz, prinsiplərimiz idi. 2013-də şəxsən tanımışdım onu. İlk baxışdan pozitiv, gülərüz bir insan təsiri bağışlayırdı. Zamanla isə dürüst, cəsarətli, ağıllı biri olduğunu anlamışdım.
Amma təəssüf ki, bəzən cəsarətimiz həyatın hökmü qarşısında aciz qalır. Nərgizin ölüm xəbəri həyatım boyunca aldığım ən dəhşətli, ən kədərli 3-5 xəbərdən biri idi. Hər gün şad xəbər almaq ümidilə yatdığımız bir vaxtda bəd xəbərlə oyanmışdıq. Çox olub işıqlı insan itkisi yaşadığımız, amma bu, bir başqa ölüm idi. Uzun müddət təsirindən çıxa bilmədim. Sanki onun üçün yazılmış "Nərgizim" mahnısı idi şahidim. Heç cür təsəlli tapa bilməməyim bir neçə dəfə məzarını ziyarət etməyimə səbəb oldu.
Bir tərəfdən yoxluğunun yaratdığı acı, digər tərəfdən həyata keçməyən arzuları. Axı onu tanımağıma səbəb də elə ortaq arzularımız idi. Şəxsi həyatımda yaşadığım problemlər ictimai-siyasi fəaliyyətimə mənfi təsir etdiyi zaman düşündüyüm ilk şey həmin arzular oldu. Vəziyyət nə qədər çətin olur, olsun, geri çəkilmək olmazdı.
Övlad acısı yaşayan Tofiq Yaqublu yas mərasimindən siyasi fəaliyyətinə görə yaşadığı məhbəsə qayıtmışdı. Mənim geri çəkilməyə, verə biləcəyim faydanı yox etməyə haqqım yox idi. Nərgiz yaşasaydı, prinsiplərindən qətiyyən əl çəkməzdi, mən necə geri çəkilim? Axı mən yaşayıram. O zaman özümə söz verdim, məqsədlərə nail olmayana qədər bir addım belə geri çəkilməyəcəm. Ömür vəfa etdiyi müddətcə bizi birləşdirən dəyərlər uğrunda mübarizə aparacam. Ruhun şad olsun, dəyərli Nərgiz, arzuların həyata keçəndə daha da şad olacaq, əminəm.