Aprelin 16-da Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun məhkəməsi keçirilib.
Məhkəmə iclası hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilib.
Məhkəmə T.Bağırovun 20 illik həbs cəzasının daha 5 ay artırılmasından verilən şikayətə baxıb.
Prosesdə çıxış edən Taleh Bağırov birbaşa İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib və məhkəmələrin müstəqil qərar vermək gücünün olmadığını vurğulayıb.
"Mən şəxsən (prezident) İlham Əliyevin sifarişi ilə həbs olunmuşam. Ona görə də mənim işimə birbaşa Prezident Administrasiyası baxmalıdır. Başda İlham Əliyev, sağ-solunda da (prezidentin köməkçisi) Əli Həsənovla (PA-da şöbə müdiri) Fuad Ələsgərov. İclas katibi (PA rəhbəri) Ramiz Mehdiyev, prokuror da Zakir Qaralov olmalıdır".
T.Bağırov CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirilir. İttihama əsasən, 2017-ci il iyulun 31-də Qobustan həbsxanasında onun üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib.
Vəkili Fariz Namazlı həmin kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.
Növbəti məhkəmə iclası aprelin 23-də baş tutacaq.
Qaradağ Rayon Məhkəməsi Taleh Bağırovun cəzasını 5 ay müddətinə artırıb. T.Bağırov özünü bu ittihamla da təqsirli bilmir. Onun sözlərinə görə, həmin yaddaş kartlarından məhkumların əksəriyyətində var və musiqi və s. dinləmək məqsədilə istifadə edilir. T.Bağırob bildirib ki, həmin kartlarda Quran ayələri, dini musiqilər, jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi haqda məlumatlar olub.
Xatırlatma
2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində güc strukturaları tərəfindən xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı iki polis əməkdaşı və daha dörd nəfər həlak olub.
Eyni tarixdə “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Hüquq müdafiəçiləri isə bu rəqəmin 87 olduğunu iddia edirlər.
Saxlanılanların bir hissəsi qanunsuz silah saxlama və iğtişaş salmaqda ittiham olunaraq, 1 il 6 aydan 6 il 6 ay müddətinə kimi azadlıqdan məhrum ediliblər.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17 həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Nardaran hadisələri ilə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə ittiham olunaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb.
Şərti adı “Nardaran işi-3” olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra "Nardaran işi" üzrə təqsirləndirilən son qrupa da hökm oxunub.
Ayrı-ayrılıqda “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 15 il, ilahiyyatçı Nahid Qəhrəmanova 13 il, ilahiyyatçı İsa İbrahimov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seyfəddin Şirvanovun hər birinə 12 il 6 ay, Əli Şahbazov, Seymur Aslanov, Ramil Əliyev və Əmirəli Əliyevə isə 12 il 3 ay həbs cəzası kəsilib.
“Nardaran məhbusları” məhkəmədə, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını deyiblər. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.