Fəxrəddin Mehdiyev
Aprel ayında sosial şəbəkələrdə və mətbuatda müzakirə olunan aktual mövzularından biri də Ermənistanda baş verən müxalifətin “məxməri inqilab” adlandırdığı hadisələr oldu.
On gün davam edən inqilabi proses aprelin 22-23-də özünun kuliminasiya səviyyəsinə çatdı, şəhərin mərkəzinə yığışan yüz minlərlə vətəndaş müxalifətə dəstək nümayiş etdirdi, ordu nümayəndələri nümayişçilərin tərəfinə keçdi, on il ölkənin prezidenti olmuş, baş nazir kimi ölkəyə rəhbərliyi əlində saxlamaq üçün konstitusiya islahatı keçirən, 17 apreldə parlamentdə Baş nazir seçilən Serj Sarqsyan istefa verməyə məcbur oldu.
S.Sarqsiyan istefa müraciətində rejimin mahiyyətini və iflasını ifadə edən fikirləri belə səsləndirdi: “Nikol Paşinyan haqlı idi, mən səhv eləmişəm...” S.Sarqsyan təkcə özünün səhvini deyil, dolayısı ilə cinayətkarlığını da etiraf etdi. Qarabağ kartındən yararlanıb Ermənistanda hakimiyyətə gələn və bu kartdan istifadə edib Azərbaycan xalqına qarşı da cinayətlər törətmiş S.Sarqsyanın və onun klanının uzun illər davam edən manupilyasiya imkanları tükənmiş oldu. S.Sarqsyan və onun klanının Azərbaycan xalqına qarşı bəşəri cinayətlərə yol verməsi məlumdur.
Onun “Nikol Paşinyan haqlı idi” etirafı da təsadüfi deyil. Sarqsyan etiraf etdi ki, onun apardığı siyasət inkişaf prosesinin məntiqinə ziddir, avtoritar rejimin ölkəyə gətirdiyi korrupsiya, işsizlik, yoxsulluq, emiqrasiya və s. kütləvi narazılıqlar toplanaraq ölkədə vulkan püskürməsinə çevrildi, rejim qısa müddətdə, on günə süqut etdi. Əslində, avtoritar rejimlər eyni taleyi yaşayırlar - əmələ gəlir, inkişaf edir, kuliminasiya nöqtəsinə çatır və zahirən ən güclü vaxtında dağılır.
Avtoritar rejimlərin dağılması dünyada gedən qlobal demokratik proseslərlə də bağlıdır. Hazırda dünyada demokratiyanın yeni dalğası başlayıbr. Bu proses obyektiv və qarşısı alınmazdır. Nəticədə demokratik düşərgənin arealı genişlənir, avtoritar rejimlər süquta uğrayır. Dünyadakı proseslər qlobal xarakter daşıdığından ölkələrdə baş verən hadisələr dünyəvi demokratik proseslərin tərkib hissəsi kimi çıxış edir.
Qloballaşma və inteqrasiya, demokratiya və insan haqlarının təminatı, elmi-texniki inkişaf, insan kapitalının və informasiya texnologiyaları vasitələrinin bütün proseslərdə həlledici faktlara çevrilməsi dünyəvi proseslərin əsas tendensiya və vektorlarıdır. Ölkənin inkişafı və əhalisinin həyat səviyyəsi həmin tendensiyaya uyğun siyasət aparılmasından aslıdır, bu isə yalnız demokratik rejimlərdə reallaşır. Yalnız demokratik rejim insanlara azadlıq verir və onun potensialının reallaşmasına şərait yaradır, demokratiyanın dünyəvi xaraker almasının gücü də bundadır.
Avtoritar rejimlər inkişafın məntiqinə uyğun deyil. İnkişafın vektorları və tendensiyaları bu rejimi qəbul etmir.
Ona görə də tarix avtoritar rejimlərin məhv olması hökmünü çıxarıb. Lakin nəzərə almaq lazımdır ki, tarixin hökmü avtomatik icra olunmur. Tarix hər kəsə seçim azadlığı verir. İnsanlar demokratiyanı, azadlığı səmimiyyətlə, israrla istəməlidirlər. Əks halda tarix hökmün icrasını təxirə salır. Ermənistanda insanlar bunu istədilər. Və hökm qısa müddətdə icra olundu. Mitinq iştirakçılarından biri jurnalistə müsahibəsində insanların istək və tələblərini belə ifadə etdi: “Biz azad və inkişaf etmiş ölkədə yaşamaq istəyirik”.