Ürək striptizi - Seymur Baycan

Ürək striptizi - Seymur Baycan
9 Aprel 2018
Mətni dəyiş

Seymur Baycan

Toyuğun uçuşu zibilliyə qədərdir.  (Atalar məsəli)

Dünən xətrini istədiyim bir gənci olduqca qəmgin gördüm. Səbəbini soruşdum. Adətən adamlar niyə qəmgin olduqlarının əsl səbəbini deyənə qədər xeyli boşboğazlıq edirlər. Söhbətə çox uzaqdan başlayırlar. Sanki niyə qəmgin olduqlarının səbəbini deməyə utanırlar. Adamın üstündə Allah var, bu gənc zəhləmi tökmədi, çərənçilik edərək məni yormadı, birbaşa mövzuya girdi, günün gönorta çağı açıq-aşkar cəsarət nümayiş etdirərək qısaca olaraq “sevgilimdən ayrılmışam” dedi və öz sevgi tarixçəsini danışdı. Onun sevgi tarixçəsində fövqəladə, xüsusi heç bir məqam yox idi. Adi, standart, hətta deyərdim ki, bir az da bayağı sevgi tarixçəsi idi. Tanış olublar, parklarda gəziblər, yorulanda skamyada oturublar, kinoya baxıblar, dondurma, hamburger yeyiblər, bir-birlərinə vədlər veriblər, arzular, xəyallar qurublar, gələcəyə nikbin baxıblar, hər şeyin yaxşı olacağına bir qram da şübhə etməyiblər və sairə və ilaxır... Lakin sevən adamın gözünə göydəki ay da təzə göründüyündən hər kəs öz sevgi tarixçəsini fövqəladə, xüsusi, qeyri-adi, standartdan uzaq sevgi tarixçəsi kimi qiymətləndirir, nəticədə avtomatik olaraq ayrılığını da faciələşdirir. Bu məqamda bir əhvalat yadıma düşdü. Mövzumuza tam uyğun gəldiyindən həmin əhvalatı qısaca olaraq mütləq yazmalıyam.

Dəqiq  yadımda deyil neçənci il idi, neçə yaşım vardı, amma həftənin şənbə günü olduğu dəqiq yadımdadır. Çünki hər həftənin şənbə günü mərkəzi televiziyada xarici film göstərirdilər. Həmin şənbə günü Pyer Rişarın baş rolda oynadığı "Oyuncaq" filmini göstərmişdilər. Film qurtardı, adamlar yatmağa hazırlaşırdılar. Əmimoğlu bizə qonaq gəlmişdi. Film qurtardıqdan sonra əmimoğlu mənə dedi: "Biz gedək bir az gəzək".

Küçədə sakitlik idi. İki əmioğlu qaranlıq, adamsız küçədə yanaşı addımlayırdıq. Zəhmətkeş vətəndaşların çoxu artıq yuxuya getmişdi, yatmayanlar isə yatmazdan əvvəl həyət-bacada gəzib hər şeyin qaydasında olub-olmamasını yoxlayırdılar ki, gecəni rahat yata bilsinlər. Bəzi evlərin həyətlərindən nevroz arvadların qarğışları eşidilirdi. Yaz gəlmişdi. Ağaclar çiçək açmışdı. Hasarların, çəpərlərin dibində əkilmiş ağacların budaqları yola daşmışdı.

Əmioğlu budaqları yola daşmış, çiçək açmış ağaclardan birinin altında dayanıb, bir müddət ağaca baxdı və dərindən nəfəs alıb dedi: "Hə, doğrudan da yaz gəlib”. Həmin anı çox canlı xatırlayıram. Sonralar, çox sonralar başa düşdüm ki, əmimoğlu o vaxt sevginin təsirindən həyatında ilk dəfə yazın gəlişini  hiss etmişdi. O vaxt əmimoğlu bizim  küçədə yaşayan dəlisov bir qıza vurulmuşdu. Ona görə də, tez-tez bizə qonaq gəlirdi. Bunu evdə hamı bilirdi, amma heç kim ona bu barədə heç nə demirdi. Utancaq gənc idi. Ona bu barədə nəsə desəydilər, utandığından yəqin ki, bir də bizə ayaq basmazdı.

İki əmioğlu dəlisov qızın yaşadığı evin qarşısında dayandıq. Həyətdə kimsə qab-qacaq yuyurdu. Gecənin qaranlığında yuyulan qab-qacağın səsi küçəyə qədər gəlirdi. Sevgidə bolluca mövhumat olur və sevən adam hər şeyi öz xeyrinə yozur. Qab-qacağı kimin yuduğu tam dəqiq olmasa da, yəqin ki, əmimoğlu qab-qacağı sevdiyi qızın yuduğunu güman edirdi. Diqqətlə yuyulan qab-qacağın səsinə qulaq asırdı. Bir az sonra qab-qacağın daha səsi gəlmədi.  Küçəyə tam sakitlik çökdü və biz, iki əmioğlu sakitcə heç nə danışmadan evə qayıtdıq...

Bəli, sevən adama göydəki ay da təzə göründüyünə görə biz tolerantlıq nümayiş etdirərək, hətta ən standart sevgi tarixçələrinə səbrlə qulaq asmağa, ən bayağı, səydəş, əttökən, düşük sevgi tarixçələrinə də hörmətlə yanaşmağa, ayrılıq səbəbindən sızlayan, ağrıyan, göynəyən ürəklərə bir insan kimi bacardığımız qədər müxtəlif vasitələrlə məlhəm sürtməyə məcburuq.

Sevgilisindən ayrıldığına görə ürəyi sızlayan gəncə dedim ki, sənə bir-iki söz deyəcəm. Dediyim sözləri eşidərsən eşitməzsən, ağlına batar batmaz, bu, sənin öz işindi. Ruslar bu kimi vəziyyətlərdə yaxşı, qəşəng bir söz işlədirlər; mənim işim banlamaqdır, ta səhər açılır-açılmır, bu, mənim işim deyil.

Ayrılıq səbəbindən ürəyi sızlayan gəncə dediyim sözlərin bəzilərini burda tirajlamaq fikrindəyəm. Niyə? Ona görə ki, hal-hazırda nə qədər gənc və təcrübəsiz, müdafiəsiz ürəklərin ayrılığa görə nahaq yerə sızladığına, göynədiyinə, ağrıdığına qəti əminəm. Nə bilmək olar, bəlkə indi yazacağım sözlər onlardan bəzilərinin dərdini az da olsa yüngülləşdirdi. İşimizin gücümüzün adı nədir? Tələsən yerimiz yoxdur. Beləliklə; Hörmətli gənclər, bilin və agah olun, duyduq duymadıq demeyin, gedəni heç vaxt geri qaytarmağa cəhdlər etməyin. Gedən bir də gedəcək. Ümumiyyətlə, bir çox məsələlərdə, həmçinin sevgi-məhəbbət məsələsində axırda ola biləcək hadisənin əvvəldə olmasına sevinin. Nəyə görə? Aydınlıq gətirim. Ona görə ki, hisslər daha da dərinləşə bilərdi, ona daha çox bağlana bilərdiniz, izdivac yaranardı, hətta uşaqlar doğulardı. Bütün bunlar vəziyyətin daha da mürəkkəbləşməsinə, qəlizləşməsinə gətirib çıxarardı və mürəkkəb, qəliz vəziyyətdən çıxmaq, çıxış yolları axtarmaq sizin üçün daha çətin olardı. İkincisi, heç zaman hisslərinizi ifadə etməyin. “Sənsiz yaşaya bilmərəm”, “səni heç kim əvəz edə bilməz”, “səndən sonra heç kimə bağlana bilmərəm”, “sən bir dənəsən”, “sən mələksən”, “sən mənim dovşanımsan” kimi qulağa xoş gələn sözləri dayanmadan söyləməklə, hər hansı adamı yanında saxlamağa çalışma. Heç vaxt özünün yaxşı tərəflərini dilə gətirmə. Demə ki, mən düz yolun yolçusuyam, səxavətli, ədalətli, mərifətli, gözütox adamam. Əgər sənin yaxşı tərəflərin varsa, qoy qarşı tərəf bunu özü görsün və qiymətləndirsin. Əgər o sənin yaxşı tərəflərini görmürsə və qiymətləndirmirsə, deməli, bu adam sənin yol gedəcəyin, ürək bağlayacağın adam deyil. Elə bəribaşdan gedib o öz tayını tapsa, həm sənin üçün, həm də onun üçün daha yaxşı olar. Necə deyərlər, taylı taylını tapmasa, günü ah-vahla keçər.

Tərəfimdən vacib hesab etdiyim daha bir məsləhət. Ey gənc, ayrılığa görə gic-gic qəmli mahnılara qulaq asıb, kədərli filmlərə baxıb manyakcasına ürəyinin qanını axıtma. Başa düşürəm, asan deyil. Ağsaqqallıq kimi çıxmasın, mən də gənc olmuşam. İndi belə yekə-yekə danışmağıma baxmayın, vaxtında mən də axmaq ayrılıqlara görə ürəyimə əbəs yerə çox əziyyətlər vermişəm, acqarnına və toxqarnına nə qədər siqaret çəkmişəm, nə qədər vaxt itirmişəm, nə gizlədim, gizlətməli ayıb bir şey də yoxdu, hətta dözməyib ağladığım, gözümün yaşını axıtdığım anlar da olub. Bəzən gecədən sübhə qədər yatmayıb, dərdli başımı gah yastığın altına soxmuşam, gah da yastığın üstünə qoymuşam. Bilməmişəm sağ böyrü üstə uzanım, yoxsa sol böyrü üstə. Halbuki o zamanlar daha bəşəri, daha əhəmiyyətli, daha vacib suallara cavab axtarmalı, daha faydalı işlərlə məşğul olmalı idim. Onu da nəzərə alın ki, indi sizin əlinizin altında sosial şəbəkələr var. Birindən çıxıb, o birisinə girə bilərsiniz. Mənim gənclik dövrümdə unutmaq daha çətin idi. Mənə isə başqaları ilə müqayisədə üç qat, dörd qat çətin idi. Atam rəhmətə gedib, doğulduğum, döşəməsində iməklədiyim, divarlarından tutub yeriməyi öyrəndiyim, dil açdığım ev yer üzündən silinib... Müharibə, kasıbçılıq, qıtlıq, özümü ifadə edə bilməməyimin ağır ruhi fəsadları, hər şey qeyri-müəyyən, gələcəkdən qorxmaq... Bütün bunlar azmış kimi bir tərəfdən də qız səni atıb.

Özüm də təcrübəsiz, heç nədən xəbərim yoxdu, bilmirəm nə baş verir, daxilimdəki təlatümlərə, hisslərimə və duyğularıma ad tapmaqda çətinlik çəkirəm. Bu həngamənin içində “Kimdir müqəssir?”, “Nə etməli?” suallarına cavab tapmaqdan əlavə həm də “necə unutmalı” sualına cavab tapmalı idim. Bir Allah bəndəsi də çıxıb demirdi ki, ey insan, niyə özünə zülm edirsən? Niyə bu gen dünyanı özünə dar etmisən? Niyə gedib bir xarici dil öyrənmirsən? Neyləyəsən, hər bir yaş dövrünün xüsusi cəhətləri olduğu kimi gənclik dövrünün də öz xüsusi cəhətləri var. Heç kim, əsas da hissiyyatlı adamlar gəncliyin xüsusi cəhətlərinin törətdiyi axmaqlıqlardan siğortalanmayıb. Bütün bunlar müəyyən mənada həm də təbiidir. Təcrübə isə təəssüf ki, şəxsi səhvlər bahasına yaranır. Milan Kundera demişkən, həyatda məşq yoxdur, birbaşa səhnəyə çıxırsan. Lakin təcrübənin paylaşılmasının əlbəttə hamı üçün deyil, bəzi insanlar üçün faydalı ola biləcəyinə də hardasa inanmaqdayam. Xülaseyi-kəlam, ey gənc, hər hansı səbəbdənsə sevgilindən ayrıldınsa, özünə zülm eləmə. Ayrılığı faciəyə çevirmə. Bir yerdə dayanma. Fəaliyyət göstər. Daha əzmkarlıqla, daha cəsarətlə həyata atıl. Əgər maddi vəziyyətin imkan verirsə, səyahətə çıx. Kitab oxu, biliyini artır, mütləq və mütləq ingilis, alman, fransız, ispan, italyan dillərindən birini, hətta imkan varsa, ikisini öyrən (niyə də yox, niyə də olmasın?). Ən böyük faciə insanın əlini-qolunu sallayıb, boş dayanmasıdır. Sən fəaliyyətdə ol, işlə, biliyini artır, dayanmadan öyrən, görəcəksən ki, hər şey sən düşündüyündən də tez bir zamanda öz qaydasına düşəcək. Xaraktercə naqis adamlar ayrıldıqları adamı miskin vəziyyətdə görmək istəyirlər. İstəyirlər ki, ayrıldığı adam pis vəziyyətə düşsün. Yəni mən sənin yanında olanda sən yaxşı idin, getdim, gördün nə günə qaldın. İndi özünüz deyin, naqis adamlara bu sevinci yaşatmağa imkan vermək olarmı? Əsla olmaz! Belə bir rəvayət edirlər ki, uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən əlli doqquz dəfə aşağı düşür (bəzi mənbələrdə yetmiş səkkiz dəfə), nəhayət altmışıncı cəhddə qarışqa dəni yuvasına apara bilir. Qarışqanın bu əzmkarlığını görən Teymurləng bərk utanır. Utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir. Belə. Görün hardan gəlib hara çıxdıq. Ayrılıqdan yazdığım yazıda məni Əmir Teymurun həyatından misal gətirməyə məcbur etdiniz...

Daha bir incə məqam; Əfsuslar olsun ki, insanların çoxu insan kimi ayrılmağı bacarmırlar. Ayrılarkən bir-birlərinin üstünə söyüş, lənət, qarğış yağdırırlar. Beləliklə, azdan-çoxdan keçirdikləri xoş anları da zibilləyirlər. Hətta ayrılarkən bıçağa, baltaya, ülgücə, kəndirə, odlu silahlara da əl atanlar olur. Ey gənc, adam kimi ayrılmağı öyrən! Böyük ol! Yüksəklikdə dayan! Xırdaçılıq eləmə! Qəzəblənmə! Kini-küdurəti ürəyinə yaxın buraxma! Çünki kin-küdurət sənin özünə daha çox zərər verəcək. Alicənablıq nümayiş etdir! Genişürəkli ol! Ayrıldığın adama həqiqi mənada xoş günlər, səadət, xoşbəxtlik arzula! Təmkinlə, ədəb-ərkanla, mərifətlə həyat yolunda addımla!

Ürəyim açılmışkən, fürsət düşmüşkən daha bir vacib məsələyə münasibət bildirmək istərdim. Dostluq etdiyim gənclər zaman-zaman bəndənizə belə bir sualla müraciət edirlər: Müəllim (bəziləri bəy deyir), necə qızla evlənmək lazımdır? Belə bir sualla bəndənizə müraciət etmək ən azından iki səbəbə görə bünövrəsindən səhvdir. Birincisi, keçəl dərman bilsə, öz başına sürtər. Qırx üç yaşlı subay kişiyə durub “müəllim, necə qızla evlənmək lazımdır?” sualı verən adamın ağlı tam yerində deyil. Bu sualı hətta zarafat kimi qəbul etmək də çətindir.

Ta uşaqlıqdan evlənməkdən qorxmuşam. Adamlar evlənəndə düşünmüşəm ki, bunlar necə evlənirlər? Rəsmən qurd ürəyi yeyiblər. Tam ciddi deyirəm, kimliyindən, peşəsindən, millətindən, irqindən, dinindən, yaşından  asılı olmayaraq hər evlənən adama qəhrəman kimi baxıram. Çünki mənim üçün bəy stolunda oturmaq elektrik stolunda oturmaqdan daha qorxuludur. Günlərin bir günü belə bir söz oxudum: “İnsan üçün ən təhlükəli qorxu qorxularından qorxmasıdır”. Sözün müəllifi yadımdan çıxıb. Yaddaşım məni aldatmırsa, Jan-Jak Russonun sözüdür. Ya da Deni Didronun. Ola bilsin, sözün müəllifi Volterdir. Qərəz, fransız mütəfəkkirlərinin birinin sözüdür. Bu söz bəndənizə çox təsir etdi. Düşündüm ki, belə olmaz, nə qədər çətin, nə qədər məşəqqətli görünsə də, nə yolla olur-olsun evlənmək qorxuma qalib gəlməliyəm. Həmin ərəfədə bir xanımla münasibətdə idim. Günəşli bir gündə gəzməyə çıxmışdıq. Hava, ovqatım, geyimin qaydasında idi. Cibimdə də romantik bir gün keçirməyə bəs edəcək qədər pulum vardı. Daha insana nə lazımdır? Qərara gəlmişdim ki, bu gün qıza evlilik təklif edəcəm. Biz gəzirdik və mən Dostoyevski ilə Tolstoyun yaradıclığındakı fərqlər haqqında danışırdım. Çənəm qızışmışdı. Çıxışımın ən qızğın yerində qız yoldan ötən retro bir maşını göstərib qışqırdı: “Ora bax! Mən istəyirəm mənim gəlin maşınım bu maşından olsun!”. Heç hənanın yeridi?! Mən Dostoyevski ilə Tolstoyun yaradıcılığındakı fərqdən danışıram, bunun söhbətə yersiz müdaxiləsinə bir bax. Axı bir təhər dözmək, səbr nümayiş etdirmək olardı. Bəla burasındadır ki, sualı da özü vermişdi. Bəlkə də məni dolayırmış. Adamın ağlına min cürə əcaib fikir girir. Heç biri də əsassız deyil. Bir dostumuzu bu üsulla asanlıqla qapazlamışdılar. Dostum rəssam idi. Qız gəlib bunun emalatxanasına. İşlərinə baxıb və bir az kədərlə, bir az qəzəblə, bir az da təəssüf hissi ilə deyib ki, sən dahisən, axı insanlar sənin yaradıcılığına niyə qiymət vermirlər, bayağılıq, zövqsüzlük baş alıb gedir. Üzeyir Mehdizadə, Bəhram Bağırzadə, Namiq Qaraçuxurlu, Faiq Ağayev, Pərviz Bülbüləli, Tolik yüz minlik maşında gəzir, sənin kimi bir dahi belə məşəqqət, belə ehtiyac içində yaşayır. Necə olacaq bu camaatın axırı? Eybi yox, səbrli ol, vaxt gələcək, sən öz həqiqi qiymətini alacaqsan. O qədər rəssamlar olub ki, sağlıqlarında qiymət almayıblar, ehtiyac içində yaşayıblar, öləndən sonra əsərləri milyonlara satılıb. O qədər rəssam olub ki, sağlıqlarında rəngləri, çərçivələri, fırçaları, kətanları, molbertləri çətinliklə alıblar, indi onların əsərləri dünyanın ən məşhur muzeylərində saxlanılır, bəziləri hətta satılmır, çünki qiyməti yoxdur, almaq istəsən də, ala bilməzsən, milli sərvət hesab olunur-zad... Dostum da bir az klassik rəssam söhbətlərinin təsiri altında idi. Qızın bu sözləri qarşısında əriyib, elə düşünüb ki, ağır həyat imtahanı artıq başa çatıb, o, bu imtahandan alnıaçıq, üzüağ çıxıb, tale nəhayət çəkdiyi əzabların əvəzinə ona həqiqi ilham pərisi, mənəvi dayaq, əsl sənətə qiymət verən, bayağılığa, zövqsüzlüyə nifrət edən bir mələk göndərib və nəticədə asanlıqla tələyə düşüb. Dostumu da qınamalı deyil. Pis yerindən vurublar onu. Bir dostum da vardı. Həmişə deyirdi ki,  hər səhər dizimi yerə atıb,  əlimi göyə açıb dua edirəm. Dua edirəm ki, ilahi, sən özün məni qadın hiyləsindən, qadın məkrindən, qadın şərindən qoru. Görünür, bildiyi bir şey varmış. Adam boş yerə hər gün səhər dizin yerə atıb, əlin göyə açıb bu məzmunda dua etməz. Nəsə, çox dərinə getməyək, davasız-şavasız, qansız-qadasız qayıdaq öz mövzumuza. Yəqin bu yazını oxuyanların arasında qadınlar da olacaq. Nitşe ise deyirdi ki, qadınlar haqqında ancaq kişilərlə söhbət etmək lazımdır. Bircə onu deyə bilərəm ki, bu mövzuda ciddi maariflənmək istəyən kəs “Min bir gecə nağılları”nı diqqətlə oxusun. Qiymətli mənbədir.

...Evlənmək qorxuma qalib gəlmək cəhdim uğursuzluqla nəticələndi. Düşündüm ki, Dostoyevskiylə Tolstoyun yaradıcılığındakı fərqlər haqqında danışdığım bir vaxt əlini yoldan ötən retro maşına uzadıb “ora bax, mən istəyirəm mənim gəlin maşınım bu maşından olsun” qışqıran bir qızdan mənə arvad olmaz. Bəlkə də bu cürə kateqorik düşünməyim bir az ədalətsizlik idi. Hər birimizin arzusu var. Bir çox hallarda arzularımızı həyata keçmək istəyi bizim təmkinimizi, həyat ahəngimizi pozur, özümüzü itiririk, daha kobud ifadə etsəm, özümüzü buraxırıq. Bunları başa düşməkdəyəm, amma olan olmuşdu, daha irəli gedə bilmədim, mövqeyimdən geri çəkildim və yuxarıda da qeyd etdiyim kimi evlənmək qorxuma qalib gəlmək cəhdim  uğursuzluqla nəticələndi. Aradan bir müddət keçdi. Məlum qorxuma qalib gəlməyə bir daha cəhd etmək qərarına gəldim. Bu cəhdim haqqında daha qısa yazacam. Təkcə onu deyə bilərəm ki, özümə münasib, məşğul olduğum sahəyə azdan-çoxdan bələd olan, hörmətlə yanaşan bir qıza rast gəldiyimi düşünməkdə idim və ən əlverişli bir şəriatdə ona evlilik təklif etməyə hazırlaşırdım. Bir payız günü axşama doğru biz ordan-burdan söhbət edə-edə parkda gəzirdik. Saralmış, nəmli yarpaqlar xüsusən skamyalara şairanə bir görkəm vermişdi. Biz müxtəlif mövzularda danışsaq da, paralel olaraq içimdə başqa bir mövzu barəsində, insan həyatının faniliyi barəsində düşünürdüm. Saralmış yarpaqla insan həyatı arasında paralellər aparırdım. İnsan da bir gün saralır, yerə yıxılır, çürüyür, torpağa qarışır. Bilirəm, bunlar çox da təzə və çox da dərin düşüncələr deyil. Amma həmin vaxt nədənsə bu düşüncələr yaxamdan əl çəkmirdi. Onu da düşünürdüm ki, görəsən bəs niyə bu vaxta qədər ilin fəsillərinin mənasını və gözəlliklərini belə dərindən hiss etməmişəm. Nə mane olub mənə? Niyə dağların əzəmətini, təpələrin poeziyasını görməmişəm? Gör nə qədər gözəlliklər, mənzərələr havayı yerə gözlərimin önündən ötüb keçib, nə qədər qiymətli emosiya itirmişəm. Kimdir günahkar? Özüm? Valideynlərim? Cəmiyyət? Yoxsa aldığım təhsil? Niyə bir insan başa salmayıb ki, bax  bu dəqiqələrin qədrini bil, bu ağaclara, bu dağlara, bu təpələrə diqqətlə bax, həyat qısadır, göz açıb yumunca hər şey qurtarır. Parkda gəzə-gəzə nəhəng ağaclara baxıram və düşünürəm. Bu nəhəng ağacların altında nə qədər insan bir-birinə vədlər veriblər, xəyallar qurublar, saysız-hesabsız arzular dilə gətiriblər, yalanlar danışıblar... Hanı o insanlar, hardadılar, nə qədəri ölüb, nə qədəri sağdı? Bu nəhəng ağacların altında dilə gətirilən nə qədər arzu həyata keçib? Ne qeder arzunu insanlar ürəklərində torpağın altına aparıblar? Parkdakı nəhəng, qollu-budaqlı ağaclara baxıram və Turgenyevin “Mənim ağaclarım” adlı kiçik bir essesi yadıma düşür. Essenin həcmi çox balacadı. Fürsətdən istifadə edib esseni burda tirajlayıram:

“Varlı mülkədar, zadəgan olan keçmiş universitet yoldaşımdan məktub aldım. O, məni öz malikanəsinə dəvət edirdi.

Bilirdim ki, o, xeyli vaxtdır xəstədir, gözləri tutulmuş, iflic olmuşdu, zorla yeriyirdi... Yanına getdim. Onu böyük parkın xiyabanlarından birində tapdım. Yay olduğuna baxmayaraq kürkə bürünmüşdü, sısqa, zəif idi, beli bükülmüşdü, gözlərinin üstünə yaşıl günlük taxmışdı, o, arxadan iki zəngin geyinmiş lakeyin itələyib sürdüyü kiçik arabada əyləşmişdi. Mənim gəldiyimi bildikdə sanki qəbirdən çıxan boğuq bir səslə dedi: - Mənim ata-baba torpağıma, mənim qocaman ağaclarımın kölgəsinə xoş gəlmisiniz! Onun başı üzərində min illik əzəmətli palıd öz budaqları ilə çadır kimi dayanmışdı. Mən fikirləşdim: “Ey min illik nəhəng, eşidirsənmi? Köklərinin yanında sürünən taqətsiz bir soxulcan səni öz ağacı adlandırır!” Xəfif meh nəhəng ağacın sıx yarpaqları arasından keçərək xışıltı saldı... Və mənə elə gəldi ki, div palıd mənim fikirlərimə də, xəstənin lovğalığına da nurani, əzəmətli bir qoca kimi yavaşca, səssiz-səmirsiz gülür”.

Nə başınızı ağrıdım, belə bir ovqatdayam. Parkda gəzdiyimiz vaxt birdən qızın çiyninə ağacdan bir yarpaq düşdü. Qız çiyninə düşmüş yarpağı çırtma ilə yerə saldı. Onun bu hərəkəti mənə çox qəddar göründü. Bəlkə burda da ədalətsizlik etməkdəyəm. Ola bilsin, hər şeyi şişirdirəm. Bunu istisna etmirəm. Amma hər halda onun bu hərəkəti, çiyninə düşmüş yarpağı çırtma ilə yerə salması məni vurdu. Demirəm ki, qız çiyninə düşmüş yarpağı bir müddət əlində gəzdirməli, sonra da çantasına qoymalı, ya da daha dərinə gedərək yarpağı yeməli idi. Yox, saralmış yarpaqla belə poetik davranışlar gözləmirdim. Amma o çiyninə düşmüş yarpağa elə bir tərzlə, elə bir sifətlə çırtma vurdu ki, sanki onun çiyninə ağacdan yarpaq yox, tarakan düşmüşdü. Daha dözə bilmədim, yenə də mövqeyimdən geri çəkildim, yenə də uğursuzluğa məruz qaldım.

Evlənmək qorxuma qalib gəlmək istiqamətində üçüncü cəhdim gülməli bir sonluqla nəticələndi. Etiraf edim ki, bu dəfə uğur qazana biləcəyim, qorxuma qalib gələcəyim əvvəlki cəhdlərimdən daha mümkün görünürdü. Çünki hadisələr küçədə, parkda deyil, artıq evdə, dörd divar arasında cərəyan edirdi. Hadisələrin parklardan, küçələrdən, kafelərdən evə köçməsi bir növ irəliləyiş demək idi. Bir axşam Deni Didronun həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxdığım yerdə evlənmək təklifi etməyə hazırlaşdığım qız başını ekranın qarşısına tutub, daha doğrusu, soxub nazla sual verdi: “Hansı daha çox yaraşır?”. Möhkəm əsəbləşsəm də, birtəhər özümü saxladım. Yersiz dava-dalaşa şərait yaratmaq istəmədim. Qızın əyninə-başına baxdım, nə ayağında, nə bədənində, nə də başında təzə, yeni heç nə görmədim. Bilmədim “hansı daha çox yaraşır?” sualı verməklə nəyi nəzərdə tutub. Ona görə suala sualla cavab verdim: “Nə daha çox yaraşır?” O da barmağını əvvəlcə sol, sonra da sağ gözünün üstünə qoydu. Gördüm ki, bir gözünə göy, o biri gözünə qara karandaş çəkib. Demə, “hansı daha çox yaraşır?” sualı bu qara və göy karandaşa görə verilibmiş. Necə əsəbləşdimsə, dedim heç biri yaraşmır. Araya qanqaraçılıq düşdü. Məni kobudluqda ittiham etdi. Sən demə, mən Deni Didronun həyat və yaradıcılığından filmə baxdığım yerdə onun başını ekranın qarşısına soxmasına, “hansı daha çox yaraşır” sualı verməsinə əslində sevinməli imişəm. Sevinməli imişəm ki, adam bir gözünə göy, o birinə qara karandaş çəkib və mənim fikrimi öyrənmək istəyib. Amma mən nəinki sevinməmişəm, Tanrıma şıllaq atmışam, qabırğamın qalın yerinə salıb kobud cavab qaytarmışam. Axı mən “Əhməd hardadır” filminə baxmırdım. Deni Didrodan bəhs edən filmə baxırdım. O Didro ki, fransız inqilabını yaradanlardan biri hesab olunur. Monarxiyanın qəbirqazanı adını qazanıb. Qalaq-qalaq əsərlər yazıb. Çox sadə bir həyat yaşayıb. O qədər sadə bir həyat yaşayıb ki, hətta qızın ərə verəndə cehiz almağa pul tapmırmış. Kitabxanasın satıb. Öləndə də vəsiyyət edib ki, məni basdırmayın, cəsədimi verin üstündə tibbi araşdırmalar aparsınlar. Adam nəinki zehni ilə, hətta cəsədi ilə də fayda verməyə çalışıb. Filmə baxdıqca öz həyatıma görə utanıram. Düşünürəm ki, gör necə böyük, mübariz, dərin, işgüzar adamlar olub. Gör nələr edib. Necə bir iz qoyub. Mənim həyatım isə doğum və ölüm tarixinin arasındakı defisdən ibarət olacaq. Belə bir vəziyyətdə gəlib başını soxasan ekranın qarşısına və sual verəsən: “Hansı daha çox yaraşır?”. Bəlkə Şopenhauer düz deyir: “Böyük iztirablar və böyük sevinclər qadınlar üçün deyil”. Bəlkə doğrudan da onları olduğu kimi qəbul etmək lazımdır. Bəlkə doğrudan da biz qadınlardan çox şey gözləməklə onlara qarşı haqsızlıq edirik. Belə başa düşürəm ki, nəinki Didro haqqında filmə baxdığım yerdə, hətta şəxsən Didronun özü ilə söhbət etsəydim belə (hərçənd heç bilmirəm onunla hansı mövzuda danışmaq olardı), qız yaxınlaşıb “Hansı daha çox yaraşır” sualı verəndə Didrodan çox-çox üzr istəyib söhbəti o saniyə saxlamalıydım. Didroya deməliydim ki, ey böyük mütəfəkkir, dahi insansan, özün daha dərindən bilərsən, necə bir işə, necə bir cəncələ düşmüşük, sən Allah məni bağışla, qoy buna bir cavab verim. Yoxsa hərlədib fırladıb bir bəhanə tapıb, qanımızı qaraldacaq. Sonra da üzümü çevirməliydim qıza tərəf. Üzünə diqqətlə baxıb əzizim, göy karandaş daha çox yaraşır, ümumiyyətlə, nə yaxşı ki, sən varsan kimi sözlər deməliydim...

Bu göy və qara krandaş əhvalatından sonra öz qorxuma qalib gəlmək üçün daha bir neçə cəhdlər etdim. Bu cəhdlərin də hərəsi bir cürə uğrusuz alındı və mövzunu bağladım. Başa düşdüm ki, mən heç vaxt öz qorxuma qalib gələ bilməyəcəm. Hərə bir cür bədbəxtdir, mən də belə bədbəxtəm. Necə deyərlər, bütün xoşbəxt insanlar bir-birinə bənzəyirlər, bədbəxt insanların isə hərəsi bir cür bədbəxtdir. Birinci səbəb haqqında kifayət qədər danışdıq. Keçək ikinci səbəbə.

Evlənən adama effektli məsləhətlər vermək o qədər də asan söhbət deyil. Ona görə ki, evlənmək bir proses, bir iş kimi olduqca fərdi yanaşma tələb edir. Hazır düstur, hazır resept yoxdur. Amma bəzi məqamları ümumiləşdirmək mümkündür. Hər şeydən əvvəl evlənmək istəyən gənc çalışmalıdır ki, aldığı qız acgöz olmasın. Gözü tox olsun. Aza qane olmağı, az pulla zövqlə geyinməyi, az pulla səyahət etməyi, müxtəlif vasitələrlə həyatına məna qatmağı bacarsın. Həyatın bütün mənasını maddiyyatda görməsin. Əgər qız acgöz olsa, gözü daima onun bunun əynində-başında, evində-eşiyində qalacaq. Dananı şaqqalayıb soyuducuya doldursan deyəcək ki, xaraba qalmış evdə yeməyə heç nə tapmıram. Əlli dəst paltar alsan da deyəcək ki, qalmışam lüt, geyinməyə bir paltarım da yoxdu. Daima başqaların yaxşı ər, yaxşı ailə başçısı kimi sənə nümunə göstərəcək. Xüsusən elm və sənətlə məşğul olan gənclər bu məsələdə çox ehtiyatlı olmalıdırlar. Acgöz adamı qane etmək çətin məsələdi. Həyatın mənasını ancaq maddiyyatda görənlər dəniz suyu içən adama bənzəyirlər. Nə qədər içsələr, bir o qədər də susuzlayırlar.

Sonra, çalışmaq lazımdır ki, evləndiyin qız pozitiv olsun. Hər şeyi faciəyə çevirməsin. Qaşınmayan yerdən qan çıxartmasın. Heç nədən qaş-qabağını sallayıb, dava-dalaş, qanqaraçılıq salmasın. Qarışqadan fil düzəltməsin. Evlənmək istədiyin qızı yaxından tanımaq üçün imkan varsa, ölkə xaricinə səfərə çıxmaq çox yaxşı olardı. İnsan yolda tanınar. Yol elə bir qəribə şeydir ki, insanın mahiyyətini, təbiətini ortaya çıxarır. Əlbəttə nüansları görmək üçün müşahidə qabiliyyəti də lazımdır. Əgər sən nüansları görməyi bacarmırsansa, yol sənə qızın təbiəti ilə tanış olmaqda heç bir kömək edə bilməyəcək.

Davam edək. Hətta maddi imkanın qaydasındadırsa, evlənmək istədiyin qızla arada ucuz kafelərə də baş çəkməlisən. Hər hansı məkana şəxsi maşınınla, taksiylə getmək imkanın varkən, arada avtobusdan da istifadə etməlisən. Həyatın yolları həmişə hamar, günəşli olmur. Həyat yolunda tufanlı, boranlı, şaxtalı havalarda dərəli-təpəli, çınqıllı, tikanlı, çala-çuxurlu, dolaşıq yerlərdən də keçməli olursan. Bir sözlə, Alı kişi Qıratla Düratı tikanlı, kollu-koslu, çınqıllı, dərəli-təpəli yerlərdə necə sınaqdan keçirirdisə, sən də evlənməzdən əvvəl evlənmək istədiyin qızı müxtəlif vasitələrlə sınaqdan keçirsən, pis olmaz. Amma lap da ağın, şitin-şorun çıxartma. Sınaqla olum və ya ölüm dilemmasını qarışdırma. Lap dərinə getsək, məsələni daha qəlizləşdirsək, ümumiyyətlə, qarşısına böyük hədəflər, böyük məqsədlər qoymuş insan tək qalmaqdan bir qram da qorxmamalıdır. Əgər bir adamın gətirdiyi su tökdüyü zir-zibili yuyub aparmırsa, həmin adam yerli-dibli olmasa daha yaxşıdı. Daha pafosla söyləsəm, yarımçıq xoşbəxtliklikdənsə, bütöv bədbəxtlik yaxşıdır. Deyəsən Herman Hessenin sözüdür: Dahilik həm də tək qalmaq istedadıdır. Təəssüf ki, hətta ən istedadlı adamlardan bəziləri belə bu imtahandan, tək qalmaq imtahanından keçə bilməyiblər. Məsələn, uzağa getməyək götürək Çexovu. Olqa adlı aktrisa ilə evlənib. Bu evliliyin səbəbləri barədə tarixçilər, araşdırmaçılar tərəfindən ən müxtəlif fikirlər səsləndirilir. Hətta belə bir əcaib versiya var ki, Stanislavki Çexovu bir drammaturq kimi tam özəlləşdirmək üçün Olqanı kobud dildə desəm, Çexova soxuşdurubdu. Belə hallar sənət, teatr tarixində olubdur. Rejissorlar, teatr rəhbərləri drammaturqları əldə saxlamaq, yazdıqları pyeslərə ilk sahib olmaq, başqa teatrlarla əlaqəsini kəsmək üçün onların tabeçiliyindəki aktrisalar ilə əlaqə yaratmalarına çalışıblar. Görəsən nəyinə lazım idi Çexova bu evlilik? Axı hər adamı yazdıqlarına, bioqrafiyana şərik etmək, axı hər adamın adının rəsmi surətdə adının yanında yazılmasına, dayanmasına imkan vermək olmaz. Bu həyatda hər kəs yalnız layiq olduğunu almalıdır. Nə baş verirsə versin, mirvariləri donuzların ayaqları altına səpələmək xəyanətdir, cinayətdir. Oxuduqlarımdan dəqiq hiss etmişəm ki, bu Olqa adlı aktrisa Çexovun istedadına, bioqrafiyasına, təbiətinə layiq bir qadın olmayıb. Səbəb nə olursa olsun, Olqa ilə evliliyi Çexovun məğlubiyyəti kimi qəbul edirəm.

Balzaka qarşı lap qəzəbliyəm. Mən niyə Balzakın yazdıqlarının, bioqrafiyanın hesabına Qanskaya kimi bir ifritəni tanımalıyam? Qanskaya kimi bir ifritənin adı niyə tarixdə qalmalı idi? Ay Balzak, axi sən özün deyirdin ki, elə adamlar var sıfıra bənzəyirlər, onların əhəmiyyət kəsb etməsi üçün qarşılarında ədəd dayanması vacibdir. Ne oldu, özün sıfırın qarşısında dayanıb onu mənalandırdın. Bu mənada Mopassana böyük hörmətim var. Düzdür, “Əziz dost” romanında Mopassanın mövqeyinin bir yerde zəiflədiyini görürük, amma sağ olsun, axıra qədər dayanmağı bacarıb. Heç bir adın rəsmi surətdə adının yanında dayanmasına imkan verməyib. Çoxlu memuarlar oxumuş bir adam kimi incə bir nüansa toxunmaq istərdim. Rəssamların, bəstəkarların, yazıçıların həyatında yaxşı mənada müstəsna rol oynamış qadınların adı əksər hallarda kölgədə qalıb. Sənətkarların hesabına adı tarixdə qalmış qadınların böyük əksəriyyəti, deyərdim ki, doxsan doqquz faizi bacarıqlı aktrisalar, mahir imitator-ifritələr olublar. Əlbəttə, bu da çox böyük bir tarixi ədalətsizlikdir!

Yekun.

Bu hadisə rayonlardan birində baş verib. Fizika müəllimi oğlan şagirdlərdən birinin saçının uzandığını görür. Şagirdi çıxarır yazı taxtasının qabağına. Əvvəlcə danlayır, sonra da saçın insana zərəri haqqında çıxış edir. Bu zaman diribaş şagirdlərdən biri divardakı məşhur fiziklərin portretlərini göstərərək sual verir: “Müəllim, əgər saç adama ziyandırsa, bəs onda niyə bu alimlərin hamısının saçı uzundu?”. Etiraf edək ki, maraqlı sualdır. Lakin yaşlı, koloritli, hazırcavab fizika müəllimi bu sual qarşısında çaşmır. Əksinə maraqlı bir cavab verir. Deyir ki, indi görün onlar saçların qırxsaydılar, nə olardılar.

Əziz gənclər, əmək meymunu insana çevirdi. İndi görün əmək insanı nəyə çevirə bilər. Həyatdakı, xüsusən məişətdəki bütün uğursuzluqlara işlə, zəhmətlə cavab vermək lazımdır. İnsan çiyinlərini, belini möhkəm bir divara söykəməlidir. Bu möhkəm divarı yalnız fədakarlıq, xeyriyyəçilik, təmənnasız yaxşılıq, sağlam düşüncə, salamat yol, qurmaq-yaratmaq adlı daşlardan tikmək mümkündür. Belə bir divara belini söykədikdə ayrılıq–mayrılıq, sevgi-məhəbbətdən yaranan problemlər, söhbətlər adama xırda-xuruş kimi görünür. Heç kim düşünməsin ki, onun yardım edə biləcəyi bir insan yoxdur. Hər bir insanın hər hansı bir formada yardım edə biləcəyi, köməklik göstərəcəyi, əlindən tutacağı başqa bir insan var. Həyatın da mənası çox vaxt elə bundan ibarət olur. Hər birinizə uğurlar arzulayıram və yazıdakı bəzi məqamları xoşniyyətli zarafat kimi qəbul etməyinizi təvəqqe edirəm.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun