“Diktatorun kitabçasındakı BİRİNCİ QAYDA: Sənə ciddi rəqabət yaradacaq heç kəsi seçkiyə buraxma. İKİNCİ QAYDA: Birinci qaydadan diqqəti yayındırmaqdan ötrü ölkənin sərvətindən qərbli musiqiçiyə xərclə. Atasından demokratiya xofunu miras almış prezident İlham Əliyev əvvəlcə Lady Gaga-nı, daha sonra Mariah Carey-ni konsert verməyə dəvət etdi. İndi də aprelin 28-də Formula 1 Azerbaijan Grand Prix-də çıxış üçün Christina Aguilera-nın vədəsi alınıb”. “The Washington Post” qəzetinin aprelin 11-də dərc etdiyi redaksiya məqaləsi belə adlanır: “Azərbaycan prezidentinin demokratiyanı deyil, pop ulduzları seçməkliyi”.
Məqalədə prezident seçkisi kampaniyasının tamamilə rəqabətsiz keçdiyi vurğulanır. İki müxalifət partiyası boykota çağırıb. İlham Əliyev seçkini altı ay qabağa çəkib. “Görünür, avtoyarışdan öncə seçkinin kitabını qatlayıb kənara qoymaq istəyir. Yarışın seçkidən daha rəqabətli keçəcəyi görünür”, – məqalədə deyilir.
CHRİSTİNA AGUİLERA-YA TÖVSİYƏLƏR
“Cənab Əliyev xarablamış reputasiyasını düzəltməyə pulları həmişə səxavətlə, tərəddüdsüz xərcləyib. O, ötən il yüzlərlə pulsuz mənzili azərbaycanlı jurnalistlərə payladı; bir aparıcı redaktor bunun rüşvətə bərabər olduğunu deyirdi”, – məqalədə deyilir. Müəlliflər daha sonra büdcə pulları hesabına avropalı siyasətçilərin satın alınması, dövlət neft şirkətinin bir qrup konqresmenin Azərbaycana səfərini təşkil etməsi, onlara bahalı hədiyyələr verilməsiylə bağlı ortaya qoyulan araşdırmalardan söz açırlar.
“Xanım Aguilera-nın vaxtı olsaydı, Azərbaycan həbsxanaları ətrafında dolaşardı. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycan dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sırasındadır, ötən dekabrda azı 10 jurnalistin həbs cəzası çəkdiyi bildirilirdi. İstəsəydi, Xədicə İsmayılova da canlı görüşə bilərdi. Bu cəsarətli jurnalist cənab Əliyevin ailə sərvəti barədə araşdırmalarına görə “cinayət”də təqsirli bilinərək həbs cəzası çəkib. Ya da ki xanım Aguilera cənab Əliyevə alternativ tanınmış səs hesab olunan İlqar Məmmədovu həbsdə yoluxa bilərdi. O, 2013-cü ildə prezident seçkisinə gedəcəyini açıqlayandan sonra, beş il öncə həbsə atılıb. Cənab Məmmədov qüsurlu keçən məhkəmə prosesində zorakılığı qızışdırmaqda suçlanıb, yeddi illik həbsə məhkum edilib. Avropa İnsan Haqları Məhkəməsi onun həbsini qanunsuz sayıb. Ancaq o, hələ də dəmir barmaqlıqlar arasındadır”, – məqalədə vurğulanır.
Hakimiyyət təmsilçiləri ölkədə bütün hüquq və azadlıqların tam təmin olunduğunu, heç kəsin siyasi motivlərlə təqib olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirirlər.
Aprelin 11-də keçirilən prezident seçkisinə 8 namizəd qatılıb. Əsas müxalifət partiyaları demokratik seçki üçün şərait olmadığını deyərək onu boykot edib. Hakimiyyətsə bu iddiaları qəbul etmir.