Aprelin 3-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti jurnalistdən 63 min 138 manat 23 qəpik vergi borcunun tutulmasını tələb edir. Bu iddia ilə əlaqədar X.İsmayılın bank hesabının üzərinə həbs qoyulub.
İddiaçı tərəf Bakı Ağır Cinayətlər Məhkəməsinin X.İsmayıl haqqında hökmünə əsaslanır. Hökmə əsasən, X.İsmayıl 2008-ci ilin iyulundan 2010-cu il sentyabrın sonuna qədər Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin Bakı bürosuna rəhbərlik etdiyi dövrdə radionun 45 min 145 manat 63 qəpik mənfəət vergisindən yayınması, əməkdaşlara xidməti müqavilə ilə əməkhaqqı ödənişi nəticəsində də daha 19 min 992 manat 60 qəpik bülcədən israf edilməsində təqsirli bilinib.
Məhkəmədə jurnalistin nümayəndəsi Yalçın İmanov məhkəmədə Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb olunması, Ali Məhkəmənin X.İsmayıl haqqında hökmün dəyişdirilməsinə dair 25 may 2016-cı il tarixli qərarının bu işə əlavə olunması barədə vəsatətlər qaldırıb.
Y.İmanov bildirib ki, Vergilər Nazirliyi eyni iddianı Azadlıq Radiosuna qarşı da qaldırıb, nümayəndəlikdən də həmin vəsaiti tələb edir. Müdafiəçinin sözlərinə görə, Ali Məhkəmə 19 min 992 manat 60 qəpik israfetmə məsələsində X.İsmayıla bəraət versə də, vergi orqanı bunu nəzərə almayıb.
X.İsmayıl özü də məhkəmədə çıxış edib və vergi orqanının ona qarşı iddiasının da, ümumiyyətlə, bundan əvvəl vergidən yayınma, israf etmə ilə əlaqədar haqqında cinayət işi açılması, ittiham irəli sürülməsinin də absurd olduğunu bildirib. Deyib ki, vergidən yayınması barədə iddialar da, yazılan rəqəmlər də saxtadır. Məqsəd isə onu jurnalist fəaliyyətinə, araşdırmalarına görə cəzalandırmaqdır: “Bütün bunlar prezidentin qisasını almaq üçün bir nəfərə qarşı aparılan müharibənin tərkib hissəsidir”.
İddiaçının nümayəndəsi Azadlıq Radiosunun üçüncü şəxs qismində cəlb olunmasına etiraz edib. Ali Məhkəmənin qərarının əlavə olunması barədə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.
Məhkəmə aprelin 17-nə qədər təxirə salınıb.
Y.İmanov Meydan TV-yə açıqlamasında bildirib ki, vergi orqanının X.İsmayıla qarşı iddiası tam əsassızdır: “Azadlıq Radiosu qeyri-kommersiya şirkətidir və ABŞ Konqresi tərəfindən maliyyələşdirilir, yarandığı dövrdən də hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan qurum və ya şəxs də mənfəət vergisi verə bilməz. Bu baxımdan, 45 min 145 manat 63 qəpik mənfəət vergisindən yayınma məsələsi əsassızdır. 17 min 992 manat 60 qəpik israf olunması məsələsi ilə əlaqədar Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə irəli sürülmüş ittiham üzrə Ali Məhkəmə Xədicə İsmayıla bəraət verib. Yenə də həmin məbləği tələb edirlər. Tam absurd məsələdir”.