Ermənistan mətbuatı xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.
Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: "Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik".
***
Parlamentdə təmsil olunmayan İrs partiyası da “Xalqla birlikdə olmağa” çağırıb. Bu partiyanın lideri Raffi Hovannisian 2013-cü ilin prezident seçkisində ikinci yerə çıxıb.
Sosial demokrat Hunchakian partiyası da baş nazir vəzifəsini icra edən Karapetian-ı “istefa verməyə, parlament çoxluğunu xalqın namizədini baş nazir seçməyə məcbur etməyə çağırıb”
Parlamentdəki müxalif Yelk fraksiyasının üzvü Edmon Marukian isə deyib ki, Pashinian-ın baş nazirliyə namizədliyini irəli sürməyə parlamentdə yetərincə səs var.
105 yerlik parlamentdə baş nazirliyə namizədin irəli sürülməsindən ötrü azı 27 səs lazımdır. Yelk partiyasını parlamentdə doqquz deputat təmsil edir, müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının (BHK) isə 31 yeri var.
***
Minlərlə etirazçı "Azad, müstəqil Ermənistan", "ERP rədd ol!", "Bizik bu ölkənin sahibi", "Nikol - baş nazir" səsləyərək hakim Respublikaçılar Partiyası qərargahı istiqamətində hərəkət edir, BBC Azərbaycancanın müxbiri Alexey Manvelian bildirir.
Onuun sözlərinə görə, Yerevanda Serj Sarkisianın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının siyasi səhnədən çəkilməsi tələbilə etiraz hərəkatının lideri Nikol Paşinianın çağırışı ilə minlərlə insan yenə küçələrə çıxıb.
Ətraf küçələrə böyük sayda polis qüvvələri və zirehli texnika, tikanlı məftil yüklənmiş maşınlar gətirilib, Alexey Manvelyan deyir.
"Polis cərgələrinin yanından keçən nümayişçilər polisi çəpiklərlə salamlayır, hərəkata birləşməyə çağırırlar. Tələbə qızlar: "Polis bizimlədir! Polis bizimlədir!" - çağırırlar", o qeyd edir.
Ən nüfuzlu oliqarx etirazçılara dəstək bildirib
Ermənistan parlamentində sayca ikinci siyasi qüvvə - "Tsarukyan" parlament fraksiyasının rəhbəri, Firavan Ermənistan Partiyasının lideri, erməni oliqarxlarından biri Qaqik Tsarukian öz partiya üzvlərini "küçəyə çıxmağa, xalqın yanında olmağa" çağırıb.
"Partiyanın lideri Qaqik Tsarukianın ümumxalq etiraz dalğasına qatılmaq çağırışına və partiya liderinin xalqla bir olduğu haqda bəyanatını nəzərə alaraq, Yerevan və ölkənin bütün bölgələrində partiya üzvlərini səfərbər olub, küçəyə çıxıb xalqın yanında olmağa çağırırıq", - Firavan Ermənistan Partiya Siyasi Şurasının bəyanatında deyilir.
Ermənistanın ən varlı biznesmenlərindən olan Qaqik Tsarukyanın öz doğma Kotayk vilayətində böyük nüfuzu var. Tsarukian öz vilayəti və Ermənistanın müxtəlif bölgələrində xeyriyyəçiliyi ilə tanınır.
Nümayişçilər Yerevanın Respublika meydanına toplaşırlar. Tələbələr dərsləri boykot edib itaətsizlik aksiyalarına qoşulurlar.
Etiraz hərəkatının fəalları hamını yenidən axşamlar keçirilən mitinqlərə gəlməyə çağırırlar.
Bəzi küçələrdə polis texnikası, zirehli polis maşınları görünür.
***
Ermənistanın müxalifət lideri Nikol Pashinian tərəfdarlarını aprelin 25-də yenidən küçələrə çıxmağa çağırıb. Səbəb hakim Respublikaçı Partiyası (HHK) ilə planlaşdırılan danışıqların ertələnməsidir.
“Respublikaçı Partiyası Serzh Sarkisian-ın istefasından faydalanmağı, hakimiyyətini saxlamağı düşünür”, – Pashinian aprelin 24-də axşam Facebook səhifəsində yerləşdirdiyi videomüraciətdə deyir.
Qeyd edək ki, baş nazir Serzh Sarikisian aprelin 23-də, 11 günlük küçə etirazlarından sonra istefa verib.
“MƏXMƏRİ İNQİLABI BİTİRƏK”
“Bu partiya təmsilçisinin baş nazir təyin olunmasına razılaşa bilmərik, bu korrupsioner sistemin mövcudluğunu davam etdirməsinə imkan verə bilmərik”, – deyən lider tərəfdarlarını “meydana gəlməyə, məxməri inqilabı bitirməyə” səsləyib.
Baş nazir vəzifəsini icra edən Karen Karapetian-la danışıqlar aprelin 25-nə təyin olunmuşdu, ancaq Karapetian deyib ki, Pashinian-ın irəi sürdüyü ilkin şərtləri rədd edir və danışıqlar da təxirə salınır.
Pashinian bir daha tələb edib ki, HHK-nın üstünlük təşkil etdiyi parlament “xalqın namizədi”ni aralıq baş naziri təyin etsin və ondan sonra erkən parlament seçkisi çağırılsın. O, xalqın istəyi olarsa, bu rolu götürməyə hazır olduğunu da dilə gətirib.
“Serzh Sarkisian-ın istefasına nail olduqsa, Respublikaçı Partiyasını xalqın iradəsinə təslim olmağa da məcbur edə bilərik. Əks halda, daha geniş miqyasda hərəkətə keçəcəyik”, – o, aprelin 24-də axşam xarici media üçün düzənlənmiş mətbuat konfransında deyib.
Pashinian Karapetian-la danışıqlarında bunun “yeganə mövzu” olacağını deyib. Onun sözlərinə görə, HHK sədrinin birinci müavini olan Karapetian hətta hakim partiyadan çıxsa belə, vəzifədə qalmamalıdır.
42 yaşlı Pashinaian “erməni xalqı qadından danışdığını” söyləyib.
Pashinian bu tələbləri irəli sürüncə Karapetian planlaşdırılan görüşün ertələndiyini bildirib. O deyib ki, “Nikol Pashinian görüşün formatına, gündəminə, mediada işıqlandırılmasına aiddiyyatı olan yeni tələbləri birtərəfli şəkildə irəli sürüb”.
“BU FORMATDA DANIŞIQLAR GÖRMƏMİŞƏM”
Karapetian deyib ki, Pashinian yalnız özünün gündəminə uyğun danışıqlar istəyir. “Heç vaxt belə bir formatda danışıqlar barədə eşitməmişəm”, – Karapetian bəyanatında söyləyib.
Karapetian-ın sözlərinə görə, prezident Armen Sarkissian-dan xahiş edib ki, daha geniş siyasi qüvvələrlə alternativ danışıqlar təşəbbüsünü irəli sürsün, parlamentdəki qüvvələr də danışıqlara qatılsın. O, erkən seçkilərin də bir variant kimi müzakirə oluna biləcəyini söyləyib.
Pashinian Facebook videosunda Karapetian-la danışıqlarda parlamentin spikeri Ara Babloyan-ın, HHK-nln parlamentdəki lideri Vahram Baghdasarian-ın da iştirak etməsini tələb edib.
Aprelin 25-də səhər Yerevanın mərkəzindəki Respublika meydanında çıxış edən Pashinian deyib ki, o, tərəfdarlarıyla birlikdə “durumu müzakirə edəcək və gələcək hərəkətlərimizlə bağlı qərar verəcək”.
Bu arada Birləşmiş Ştatlar və Avropa Birliyi Ermənistanda siyasi dialoqa çağırıb.
“Hazırkı durumun tez və dinc yolla həll olunması vacibdir. Bütün siyasi tərəflərin iştirakıyla milli dialoq əsasdır”, – Yerevandakı AB təmsilçiliyinin və AB üzvləri səfirliklərinin birgə bəyanatında deyilir.