Yazar Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb. Bu qərarını onun fəaliyyətinə görə yaxınlarına qarşı təzyiqlərlə əlaqələndirən yazar geri çəkilməyəcəyini də vurğulayır.
"Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur. Şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə, ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qaldım. İndi baş verənlər, mənə olan basqılar geri addım atmağım üçün səbəb ola bilməz. Əgər sizə imtina etməyimi açıq şəkildə dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm. Bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyyəti yoxdur", – Z.Yağmur "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
"Nardaran məhbuslarının müdafiəsindən sonra basqılar da gücləndi"
Z.Yağmur AXCP sədrinin müavini, 2015-ci ildə Nardaran hadisələrindən sonra Facebook hesabında həmin olaylarla bağlı yazdığı fikirlərinə görə 10 il həbs cəzası almış Fuad Qəhrəmanlının həyat yoldaşıdır. Yazar xanım Azadlıq Radiosuna bildirib ki, onun özünə və doğmalarına qarşı təzyiqlərin də başlıca səbəblərdən biri Nardaran məhbuslarının hüquqlarının müdafiəsində aktiv iştirakıdır:
"Əvvəllər də müəyyən təzyiqlər olub, amma Nardaran hadisələri ilə bağlı məhkəmədən sonra mütəmadiləşdi. Bəzən bu haqda vəkillərə demişəm, amma ictimailəşdirməmişəm. İstəməmişəm ki, ətrafımda səs-küy qopsun, cəmiyyətdə qorxu tirajlansın. Öncə təzyiqlər özümə qarşı hədə-qorxu və s. ibarət idisə, məhkəmə bitəndən sonra artıq ailəmi də qoşdular. Amma son vaxtlar olduğu qədər güclü deyildi. Mən ictimai fəaliyyətimi gücləndirdikdən, Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzi qurulandan, Nardaran məhbuslarının müdafiəsindən, mitinqlərdə çıxışlarımdan sonra paralel olaraq təzyiqlər də gücləndi".
"Ailəm deyəndə Abıyevlər nəslini nəzərdə tutmuram"
Z.Yağmur deyir ki, ölkədəki mövcud şəraiti, ictimai-siyasi fəallara qarşı rəftarı nəzərə alaraq, özü də həmişə doğmaları ilə müəyyən məsafə saxlayıb. Çalışıb ki, yaxınları ona görə basqı altında qalmasın, həm də nəsə tələb etməsinlər:
"Çünki əks halda, münasibətlər ümumiyyətlə, korlana bilərdi. Mən «ailəm» deyəndə də bütövlükdə Abıyevlər nəslini yox, yalnız öz doğulub böyüdüyüm ailəni, bacı-qardaşımı nəzərdə tuturam. Bunu ona görə vurğulayıram ki, bir çox hallarda insanlar məni kiminləsə bağlamağa çalışırlar".
Z.Yağmur Daşkəsən rayonunun icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı qızıdır.
Yazar xanım deyir ki, doğmaları ilə məsafə saxlamasına baxmayaraq, yenə də onun fəaliyyətinə görə başqalarının basqı altında qalmasının qarşısını ala bilmədi. Ona görə də onlarla yollarını birdəfəlik ayırmaq qərarına gəlib:
"İki yolum vardı – ya ailəmlə olub, onların yolu ilə getmək, ya da öz yolumla. Mən ikincini tərcih etdim".
"Həyat yoldaşının azadlığı səndən asılıdır"
Z.Yağmur hələlik basqıların mənbəyi barədə danışmaq istəmir. Təzyiqlərin onun F.Qəhrəmanlının xanımı olmasıyla bağlı olduğunu da düşünmür. Deyir ki, əksinə, özünə xəbərdarlıq ediblər ki, onun fəaliyyəti həyat yoldaşının həbsdən buraxılmasının da qarşısını alır:
"Hətta bunu da deyiblər ki, "həyat yoldaşının azadlığı səndən asılıdır". Guya, azadlığa çıxa bilməməsinin səbəbkarı həm də mənəm. Hərçənd, mən onun azadlığının mənim əlimdə olduğunu düşünmürəm. Hətta olsaydı belə, məni susdurmaq üçün səbəb ola bilməz. Fuad Qəhrəmanlı özü bu yolu seçib, öz fəaliyyətinə görə həbsdədir və bundan sonra tutduğu mövqeyə görə də azadlığını əldə edəcək. Hesab edirəm ki, necə ləyaqətlə, şərəflə içəri giribsə, o şəkildə də azadlığını qazanacaq".
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların təmin olunduğunu, heç kəsin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.
Xatırlatma
"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımovda daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. T.Bağırov və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlarla birgə məhkəmə önünə çıxarılmış AXCP sədrinin müavini F.Qəhrəmanlı isə "Facebook" səhifəsində Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə 2015-ci il dekabrın 8-də saxlanılıb.
Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər. Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.