Ənnağı Hacıbəyli
Cinayət işi və prokurorluq. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi (ACİİ) Cinayət Məcəlləsinin bir sıra maddələri ilə fakt üzrə cinayət işi qaldırıb. Cinayət işi ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökümət təşkilatlarının AR-də fəaliyyət göstərən nümayəndəliklərinin fəaliyyəti ilə əlaqədar olub. Baş Prokurorluğun 2014-cü il 07 iyul tarixli təqdimatına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2014-cü il 07 iyul tarixli qərarı ilə Azərbaycan Hüquqçular Assosiasiyası İctimai Birliyinin (bundan sonra AHA) və onun rəhbəri kimi mənim Azərbaycan Beynəlxalq Bankında və Bank Respublika ASC-də olan hesablarımın üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulub. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kolegiyasının 2014-cü il 04 avqust tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarından şikayətim təmin edilməyib və qərar qüvvəsində saxlanıb. AR Baş Prokurorluğunun ACİİ ölkədən çıxmaq hüququma qadağan qoyub. Bu cinayət işi çərçivəsində həmin vaxt rəhbəri olduğum AHA-nın fəaliyyəti araşdırılıb və mən şahid qismində dindirilmişəm. İstintaq orqanı 2015-ci il oktyabrın 2-də mənə istintaqın nəticələrinə dair ekspert və mütəxəssis rəyləri təqdim edib. Rəylərdə göstərilib ki, qrantlar üzrə bank əməliyyatları və mühasibat uçotu aparılarkən AHA-nın fəaliyyətində cinayət xarakterli qanun pozuntusu aşkar edilməyib. Həmin gün müstəntiq mənə bildirib ki, bu epizod üzrə istintaq yekunlaşıb. AHA-nın və mənim fəaliyyətimdə cinayət xarakterli hər hansı əməl müəyyən edilmədiyindən bu epizod üzrə cinayət işinin icraatına xitam verilir, yaxın günlərdə qoyulmuş məhdudiyyətlər, o sıradan xaricə çıxışa qadağan götürüləcək. 2015-ci ilin oktyabrından AHA və mənim barəmdə heç bir istintaq hərəkəti aparılmır. AHA-nın müstəntiqin qərarı ilə götürülmüş bütün mühasibat və başqa sənədləri 2015-ci il oktyabrın 2-də araşdırmanın başa çatması ilə bağlı mənə qaytarılıb. Ümumiyyətlə, AHA və mənim barəmdə cinayət işi başlanmayıb, mən təqsirləndirilən şəxs kimi cəlb edilməmişəm. Vergi yoxlaması nəticəsində AHA-ya tətbiq edilmiş cərimə sanksiyasını tam qanunsuz hesab etsəm də, qərardan məhkəməyə verdiyim şikayətlər məhkəmələrə verilən qanunsuz göstərişlər nəticəsində təmin olunmadığından 2015-ci ilin dekabrında cəriməni də tam məbləğdə ödəmişəm. Ölkədaxili məhkəmə qərarlarından şikayətim Avropa Məhkəməsinin icraatındadır və artıq bu iş üzrə kommunikasıya bitmək üzrədir. 2016-ci ilin əvvəllərindən indiyədək AR Baş Prokurorluğuna dəfələrlə müraciət edərək həbs və qadağanın götürülməsini xahiş etdim. Eyni əsasla mənə imtina cavabları verirlər – istintaq davam edir. Olmayan istintaq. Bu cavabdan məhkəməyə verdiyim şikayətə baxılarkən Cavabdehin nümayəndəsi Baş Prokurorun istintaq müddətinin 2017-ci il noyabrın 22-dək uzadılması barədə 2017-ci il 19 iyul tarixli qərarını məhkəməyə təqdim edərək bildirdi ki, guya mənə məhdudiyyət bu qərar əsasında qüvvədədir. Baş Prokurorun 2017-ci il 19 iyul tarixli “İbtidai istintaq müddətinin uzadılması haqqında” Qərarında qeyri-hökumət təşkilatlarının işi üzrə 2014-cü ilin aprelindən aparılan istintaqın müddəti daha 3 ay – 2017-ci il noyabrın 22-dək uzadılıb. Bu qərarda mənim və əvvəllər rəhbərlik etdiyim təşkilatın adı göstərilməməsinə baxmayaraq, prokurorluq məhz bu qərara istinad edərək ölkədən çıxışa qadağanın və həbsin ləğv edilməsindən imtina edir. Məhkəmələr isə prokurorluq və onu qapazaltı eləmiş icra hakimiyyəti qarşısında acizlik edir. Bakı Apellyasiya Məhkəməsində işə məhkəmə nəzarəti qaydasında baxılarkən prokurorluğun nümayəndəsindən soruşuram: - Deyirsiniz ki, mənə qoyulmuş məhdudiyyətlər baş prokurorun bu qərarı əsasında qüvvədə saxlanır. Bu qərarda mənim və vaxtilə rəhbəri olduğum təşkilatın adı çəkilmir. Bunu necə izah edirsiniz? - Nə olsun ki, orada Sizin və təşkilatınızın adı yoxdur?! İstintaq müddətinin belə ölçüsüz (47 ay) uzadılması qanunsuzdur, faktiki olaraq bespredeldir, ölkə Konstitusiyası və qanunlarının, CPM-in, vətəndaşların və hüquqi şəxslərin qanunla qorunan hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Həmin qərarla uzadılmış müddət də keçən ilin noyabrında başa çatıb. Lakin məhkəmələr prokurorluqdan, prokurorluq isə daha yuxarıdan göstəriş gözləyir. Yuxarıda - Prezident Administrasiyasında isə CPM-i ayaqlar altına alaraq istintaq müddətini sonsuzluğa qədər uzadan adamı baş prokuror hesab edirlər. Baş prokuror... Baş...
Məhkəmələr. AHA-nın Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında səyyar vergi yoxlamasının nəticələrinə dair aktın etibarsız sayılması və 2014-cü il 15 oktyabr tarixli qərarın ləğv edilməsi barədə iddiası (mübahisələndirmə haqqında iddia) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 04 mart tarixli qərarı ilə (hakim Şərafət Məmmədova) təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 26 may tarixli qərarı ilə (hakimlər Sərvət Hüseynov, Vidadi Məmmədov və Səriyyə Seyidova) birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanıb. AR Ali Məhkəməsi də qərarı qüvvəsində saxlayıb (məruzəçi hakim Zakir Quliyev). Bu qərarlardan şikayət də AM-ə göndərilib.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Babək Pənahov) 2017-ci il 03 aprel tarixli qərarı ilə ölkədən getmək hüququmun məhdudlaşdırılmasının qanunsuz sayılması və məhdudiyyətin götürülməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyim şikayətin icraata qəbulundan imtina edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 24 aprel tarixli qərarı ilə (hakimlər Faiq Qasımov, Sahibxan Mirzəyev və Camal Ramazanov) birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanıb.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Babək Pənahov) 2017-ci il 04 avqust tarixli qərarı ilə ölkədən getmək hüququmun məhdudlaşdırılmasının qanunsuz sayılması və məhdudiyyətin götürülməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyim təkrar şikayətin icraata qəbulundan yenə də imtina edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 31 avqust tarixli qərarı ilə (hakimlər Sahibxan Mirzəyev, Faiq Qasımov və Elşad Şamayev) birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanıb.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Elman İsayev) 2018-ci il 05 yanvar tarixli qərarı ilə ölkədən getmək hüququmun məhdudlaşdırılmasının qanunsuz sayılması və məhdudiyyətin götürülməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyim şikayətin icraata qəbulundan bir daha imtina edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 16 yanvar tarixli qərarı ilə (hakimlər Abid Abdinbəyov, Mirpaşa Hüseynov, Qail Məmmədov) birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanıb.
Məhkəmə qərarlarında izah edilib ki, haqqımda cinayət işi qaldırılmadığına görə CPM-in 253-cü maddəsinə əsasən, əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb edə bilərəm. Bu barədə iddia qaldırmışam və Səbail rayon Məhkəməsinin 2017-ci il 29 iyun tarixli qərarı ilə (hakim Elmar Rəhimov) iddia ərizəm iddianın yolverilməzliyinə görə geri qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2017-ci il 24 avqust tarixli qərarı ilə (hakimlər Xəyal Sarıyev, Məmməd Məmmədov və Elşən Kazımov) Səbail rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanıb. AR Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə (məruzəçi hakim Mehparə Əhmədova) bu iş üzrə məhkəmə qərarları ləğv edilib və iş mahiyyətcə baxılmaq üçün Səbail Rayon Məhkəməsinə qaytarılıb. AR Prezidenti Administrasiyasında hüquq mühafizə orqanlarına rəhbərlik edən Fuad Ələsgərova prokurorluq orqanlarının qanunsuz əməllərindən yazdığım şikayətə cavabı ondan yox, Baş Prokurordan yox, onun birinci müavinindən yox, qanunsuz hərəkətlərindən şikayət etdiyim idarə rəisi Eldar Əhmədovdan almışam. Eyni məzmunlu, əsassız, izahsız. Prokurorluğun “Ay müəllim, məhkəmə kimdir ki, ona bizdən şikayət edirsiniz” məsləhət-etirafı da hakimlərin ləyaqət hissini oyatmaqda acizdir. Yuxarı instansiya məhkəmələrinin izahına uyğun olaraq ölkədən çıxışa qadağadan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyim şikayəti hakim Miminat Hacıbəyova mümkünsüz sayıb və bunu onunla əsaslandırıb ki, işə məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Yəni apellyasiya məhkəmələri qələt eləyib səni bura göndəriblər. Yenə də yuxarı instansiya məhkəmələrinin, o sıradan Ali Məhkəmənin izahına uyğun olaraq hesablara həbsdən Səbail Rayon Məhkəməsinə ərizə vermişəm. Hakim Elmar Rəhimov ərizəni o əsasla təmin etməyib ki, “istintaq davam edir”. Soruşuram: - İstintaq hansı qərar əsasında davam edir və nə qədər davam edəcək? - Mən nə edim, prokurorluq məhkəməyə gəlmir, məktub göndərib ki, istintaq davam edir. - Axı məktub CPM-də göstərilən qaydanı – istintaq müddətinin uzadılması barədə qərarı əvəz edə bilməz, orada istintaqın müddəti 11 ayla məhdudlaşdırılıb, məktub əsasında necə qərar çıxaracaqsınız? - ...
Çox məhkəmələr görmüşük. Sadəcə ölkədə guya müstəqil hakimiyyət budağı olan məhkəmələrin durumu, hakimlərin məzlum, mağmın və məhkum görkəmi, hakim şərəfinə laqeydliyi bu ölkənin vətəndaşı kimi adamın ürəyini ağrıdır. Bir məhkəmə qərarı ilə həll ediləsi şikayətlə 18-ci məhkəməyə hazırlaşıram. Viktor Hüqo demişkən, hakim qabığı altından insan çıxarmağa çalışıram. Hələ ki, nəticə yoxdur. Utanın, özünüzə nə deyirsiniz deyin, amma prokuror və hakim deməyin. Ayıbdır! Məhkəmə-hüquq islahatlarından, hakimlərin müstəqilliyindən danışanda bir az ehtiyatlı olun, artıq bu ikrah doğuran nağıllara sizdən başqa heç kim inanmır. Heç siz də inanmırsınız, sadəcə gözümüzün içinə qıpqırmızı yalan danışmaqdan həzz alırsınız. Müstəsna həyasızlıqla. Bir də unutmayın ki, tarix heç kimə borclu qalmır.
P.S. Yazdım ki, qəhrəmanları siz də tanıyasınız.