Ötən gün ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirilib.
Komissiyanın siyasi müşaviri Everet Prays qeyd edib ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.
Seçkilər ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, müstəqil jurnalistləri həbs edib.
2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.
Dinləmələrdə tarixçi Odri Alştadt, "Meydan" TV-nin direktoru Emin Milli, Freedom Now-nun icraçı direktoru Maran Turner çıxış ediblər.
Massaçusets Universitetinin professoru Odri Alştadt Azərbaycanda demokratiya və seçkilərin durumundan bəhs edib. O, Azərbaycanın getdikcə demokratiyadan uzaqlaşdığını deyib. Son illər bu proses daha da sürətlənib.
M.Tornerin fikrincə, Azərbaycan hökümətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına məhəl qoymamasına görə Avropa Şurasının ölkəyə qarşı prosedura başlaması AŞ praktikasında görünməmiş haldır.
Bu, Azərbaycana qarşı sanksiyaların tətbiqinə, hətta ölkənin təşkilatdan kənarlaşdırılmasına səbəb ola bilər.
"Meydan" TV-nin direktoru Emin Milli hakimiyyəti seçkiləri saxtalaşdırmaqda, insanlara işgəncə verməkdə, onları xaricdə oğurlatmaqda ittiham edib. Hakimiyyət xalqdan oğurlanan pullar ilə Qrəb siyasətçilərini ələ alır və onlar insan hüquqlarının pozulmasına göz yumurlar.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilib.