ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycan mövzusunu qaldırıb.
Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda brifinq keçirir.
ABŞ-ın Helsinki Komitəsinın anonsunda deyilir ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.
Bu ilin aprelində keçirilən seçkilərdəki beynəlxalq müşahidəçilər “ölkənin siyasi mühitinin, həmçinin əsas hüquq və azadlıqların məhdudlaşdırıldığını” qeyd ediblər.
Seçki ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, müstəqil jurnalistləri həbs edib.
2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.
Brifinq zamanı tanınmış tarixçi, professor Odri Alştadt, “Meydan” TV-nin direktoru Emin Milli, Freedom Now-nun icraçı direktoru Maran Turner çıxış edir.
Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Bu seçki dövlət başçısının istəyindən asılı olaraq 6 ay önə çəkilib. Bəzi müxalifət qüvvələri ölkədə rəqabət mühitinin olmadığını bildirərək seçkini boykot edib.
Rəsmi məlumata görə, 2003-cü ildən hakimiyyətdə olan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizindən çoxunu qazanaraq rəqiblərini böyük üstünlüklə geridə qoyub.
Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların pozulması ilə bağlı deyilənləri, beynəlxalq müşahidə missiyasının seçkiyə dair tənqidi rəyini rədd edir.