Çərşənbə axşamı günü keçirilən iclasında, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaydalar komitəsi "qaydaları pozduqlarına görə" Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov daxil olmaqla, bir sıra deputatı 2 və 10 il müddətində cəzalandırmağa qərar verib, AŞPA rəsmən bəyan edib.
Qərara əsasən AŞPA-nın keçmiş sədri və Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt (İspaniya) 10 il, Səməd Seyidov, Cezar Florin Preda (Rumınya) və Jordi Xuclà (İspaniya) isə 2 il müddətinə bəzi hüquqlarından məhrum ediləcəklər.
Bu müddətdə adları çəkilən deputatlar məruzəçi təyin edilməkdən, seçki müşahidə missiyalarında iştirak etməkdən, hərhansı bir komitədə sədr müavini və ya müavin vəzifəsini tutmaqda və assambleyanın prezidentliyinə namizəd olmaqdan məhrum ediləcəklər, bəyanatda bildirilir.
Səməd Seyidov çərşənbə günü keçirdiyi mətbuat konfransında, sanksiyaların "Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət" etdiyini və "başdan ayağa" qərəzli olduğunu iddia edib.
Komitənin qərarı AŞPA-nın Müstəqil İstintaq Qurumunun (MİQ) korrupsiya iddialarına dair araşdırması nəticəsində aprel ayında qəbul olunan qətnamədən sonra atılan ilk addımlardan biridir.
Ötən ildən bəri, MİQ Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb.
Qətnamə qəbul olunan iclasda iştirak edən Səməd Seyidov MİQ-in hesabatını sərt etirazla qarşılamışdı.