Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının daha bir şikayəti üzrə kommunikasiyaya başlayıb.
Vəkil Fariz Namazlı Facebook səhifəsində yazır ki, 2 aprel 2011-ci ildə, o zaman fəaliyyət göstərən İctimai Palatanın Bakıda Fəvvarələr meydanında keçirdiyi mitinq zamanı Əfqan Muxtarlı saxlanılıb və ona xəbərdarlıq edilib. Həmin müddətdə o, Səbail rayon Polis İdarəsində 12 saat saxlanıldıqdan sonra azad buraxılıb. Bundan sonra jurnalist saxlanma şəraitindən, qanunsuz tutulmasından şikayət edib.
Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3 (saxlanma şəraiti) və 5.1, 5.4 (azadlıq hüququ) maddələrinin pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb.
"Saxlanma şəraiti ilə bağlı Azərbaycana qarşı 2 qərar mövcuddur. Əli İnsanov (İstintaq Təcridxanası və cəzaçəkmə müəssisəsi) və Rzaxanov (Qobustan həbsxanasındakı vəziyyət) işləri. Muxtarlının işi mitinqlər zamanı xeyli sayda insanın tutularaq darısqal otağa yerləşdirilməsi ilə bağlı verilən və araşdırılan ilk şikayətdir", vəkil qeyd edib.