Azərbaycan hakimiyyəti uzun müddətdir ki, Avropa Məhkəməsinin verdiyi qərarları yerinə yetirməkdən yayınır. Belə ki, AİHM-nin ayrı-ayrı qərarları üzrə ödənilməli olan kompensasiyalar ya ödənilmir, ya da yarımçıq ödənilir.
Abzas.net bu məsələ ilə bağlı hüquq müdafiəçisi, vəkil və təyin olunmuş kompensasiyanı ala bilməyən fəalların mövqeyini təqdim edir.
"Yaxın zamanlarda kütləvi məhkəmə prosesləri başlaya bilər"
Vəkil Əsabəli Mustafayev hesab edir ki, 2 ilə yaxın müddətdə kompensasiyaların ödənilməməsi, hökümətin üzərinə götürdüyü öhdəliyin icrasına biganə, saymazyana münasibətinin göstəricisidir. O, bunu Abzas.net-ə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının icrası üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:
[caption id="attachment_41806" align="aligncenter" width="1500"] Əsabəli Mustafayev[/caption]"Əlbəttə ki, buna səbəb büdcədə pulun çatışmaması deyil. Hər kəsə bəllidir ki, büdcədə lazım olan məbləğ var. Azərbaycan dövlət büdcəsində Avropa Məhkəməsinin qərarlarına görə kompensasiyaların ödənilməsi ilə bağlı xüsusi bölmə var. Bu il üçün həmin bölməyə 2 milyon manat ayrılıb. Mülki işlərlə bağlı şikayətləri də nəzərə alsaq, indiyə qədər ödənilən məbləğləri hesablayıb görərik ki, bunun ən uzağı 100 mini ödənilib. Yəni büdcədə pul ayırılıb, pul var faktiki. Ancaq, xüsusilə siyasi motivli işlərdə, seçki hüququnun pozulması ilə bağlı, gənc fəallara açılmış cinayət işləri ilə bağlı, işgəncələrlə bağlı işlərdə kompensasiyaların ödənilməməsi çox böyük biabırçılıqdır. Hesab edirəm ki Azərbaycanın imicinə böyük zərbədi. İndi durub deyə bilərlər ki, bir sıra ölkələr də var ki, onlar da ödəmir kompensasiyaları, Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmir. Bəli, belə hallar çox az olsa da, bəzi Avropa ölkələrində də var. Bu daha çox həmin ölkələrin kasıb olması ilə bağlıdır, məsələn, Albaniya. Biz indi Azərbaycanı gətirib Albaniyanın yanında qoyuruq bu məsələdə".
Ə.Mustafayev bildirib ki, bu cür hallar ölkənin imicinə zərbə vuru:
"Hadisələrin bu cür gedişatı, bizi məcbur edir ki, biz müxtəlif təşkilatlara, qurumlara, Avropa Şurası Nazirlər Kabinetinə şikayətlər göndərək, bildirək ki, Azərbaycan indi də kompensasiyalarla bağlı şikayətlərini yerinə yetirmir. Bu da ki, Azərbaycanın nüfuzuna zərər gətirir. O qurumlar ki, o şəxslər ki, bu işə məsuldurlar, gərək bu məsələdə diqqətli olsunlar, ölkənin imicini qorusunlar. Onu da qeyd edim ki, hökümət bu gecikmələrə görə faiz ödəməli olacaq".
Vəkil yaxın zamanda kütləvi məhkəmə proseslərinin başlayacağını anonusunu verib:
"Kompensasiyaların ödənilməsinə məsul qurum Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəliyidir, Prezident Aparatının bir strukturudur. Artıq gözləməkdən yorulan bir çox ərizəçilər nümayəndələrə müraciət edirlər və bu işdən məsul olan bu qurumu məhkəməyə vermək istəyirlər. Çünki kompensasiyaların ödənilməməsinə görə məsuliyyəti məhz bu qurum daşıyır. Yaxın zamanda ödənişlər edilməyəcəyi təqdirdə, ola bilsin bu quruma qarşı kütləvi məhkəmi prosesləri başlasın".
[caption id="attachment_29213" align="aligncenter" width="946"] Rəsul Cəfərov[/caption]"AŞ Nazirlər Kabinetinə geniş məktub yazılır, 60-dan artıq iş əlavə olunub"
Hüquq müdafiəçisi Rəsul Cəfərov Abzas.net-ə bildirib ki, Azərbaycan höküməti 2 ilə yaxın bir müddətdir ki, Avropa məhkəməsinin qərarları əsasında müəyyən edilmiş kompensasiyaların verilməsindən yayınır:
"Bu, faktiki olaraq Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən yayınma anlamına gəlir və təbii ki, çox ciddi narahatçılıq doğurur. Biz də hüquq müdafiəçiləri olaraq Avropa Şurasının (AŞ) Nazirlər Komitəsini (NK) bu barədə məlumatlandırmışıq".
Hüquq müdafiəçisinin sözlərinə görə, əvvəllər də AŞ Nazirlər kabinetinə məktublar yazılıb və problem həll olunub, ancaq bir müddətlik:
"Bundan öncəki müddətdə NK-nə məktbular göndərilib. Bundan əlavə həm də, hüquqşunaslar və vəkillər tərəfindən ayrı ayrılıqda məktublar göndərilib. Və məhz bu məktubların nəticəsində ötən ilin aprel-avqust ayları ərzində bir sıra ərizəçilərin kompensasiyalarının ödənilməsinə başlanıldı. Ancaq qeyd etdiyim kimi bu proses cəmi bir neçə ay davam etdi və nəzərdə tutulan kompensasiyalar tam şəkildə ödənilmədi. Məsələn mənim öz işimdə müəəyən edilmiş kompensasiya 25 min avrodu, mən isə almışam cəmi 8500 avro, bu da baş verib həmin aprel-avqust aylarında".
Rəsul Cəfərov kompensasiyaların ödənilməməsində xüsusi bir səbəb axtarmağa ehtiyac olmadığını, bunun sistematik pozuntu olduğunu vurğulayıb:
"Buna görə də, biz qərara aldıq ki, AŞ NK-nə daha geniş bir məktub yazaq və bu problemin ayrı-ayrı işlərdə hər-hansı texniki səbəblərlə bağlı olmadığını göstərək. Kompensasiyaların ödənilməməsinin, xüsusən də siyasi işlər üzrə çıxan qərarlarda kompensasiyanın ödənilmədiyinin sistematik pozuntu olduğunu göstərmək üçün daha geniş bir məktub hazırlayırıq".
Şikayətləri bir yerə cəmləşdirdikərini qeyd edən R.Cəfərov artıq 60-dan artıq işin vahid cədvəldə toplandığını bildirib:
"Məktubda ümumi məlumat olacaq, yəni biz qeyd edəcəyik ki, bu sitematik xarakter daşıyır, uzun müddətdir ki, kompensasiyalar ödənilmir, bir sıra kompensasiya alan şəxslər də, nəticə etibarilə yerdə qalan hissəni ala bilmirlər. Məktubdan əlavə, ora cədvəl əlavə edəcəyik. O cədvəldə işin nömrələri, müəyyən edilmiş kompensasiyanın ümumi məbləği, ödənilən və ödənilməyən hissələrinin məbləği. Hazırda həmin cədvələ 60-dan artıq iş əlavə olunub və bu işlərin sayı hər keçən gün artır.
[caption id="attachment_2073" align="aligncenter" width="768"] Turqut Qəmbər[/caption]"İndiyə qədər heç nə ödənilməyib"
NİDA Vətəndaş Hərəkatının fəalı Turqut Qəmbər Abzas.net-ə açıqlamasında indiyə qədər ona heç bir ödəniş olmadığını bildirib:
"Avropa məhkəməsi 2012-ci ildə aksiyada saxlanılıb 7 sutka həbsə məruz qalmağım, 2013-cü ilin 2 aksiyasında saxlanılaraq ümumən 3000 manat miqdarında cərimələnməyimlə bağlı 3 işimi birləşdirib, 2017-ci ilin yanvarında mənə kompensasiya ödənilməsi ilə bağlı qərar verib. Ancaq indiyə qədər heç nə ödənilməyib. Dəfələrlə söz verilməsinə baxmayaraq, kompensasiya ödənilmir".
Turqut Qəmbər qeyd edib ki, bu vəziyyətlə barışmaq fikrində deyil:
"Vəkillərimizlə ünsiyyətdəyik, digər kompensasiya alacaq şəxslərlə də həmçinin. Yaxın müddətdə ödəmə olmasa, məhkəməyə müraciət etmək ehtimalımız var, bu imkanı nəzərdən keçiririk".
[caption id="attachment_53718" align="aligncenter" width="860"] Əbülfəz Qurbanlı[/caption]"Faizi ilə birlikdə ödənilməsini tələb edirəm"
NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Əbülfəz Qurbanlı bildirib ki, ona verilməli olan kompensasiyanın bir hissəsi ödənilib, qalanından isə xəbər yoxdu:
"Qanunsuz həbslərlə bağlı Avropa Məhkəməsində işi udanlardan biri də mənəm. Ötən il məhkəmə qərarı üzrə kompensasiyaların bir hissəsi ödənilsə də, qalanı ödənilməyib. Gecikdirilmə ilə bağlı heç bir səbəb də yoxdur və ola bilməz. Bu qanunsuz addımdır. Azərbaycan hakimiyyətindən pulumu tələb edirəm. Gecikmə faizi ilə birlikdə hesablanıb ödənilməsini istəyirəm".
Mövzu ilə bağlı hakimiyyət nümayəndələrindən münasibət almaq mümkün olmayıb.