Xaliq Bahadır
Göz sorunu ilə bağlı üç ildir Gürcüstana gedib-gələsi oluram. Bugünlərdə yenə getmişdim. Jurnalist olasan, qonşu ölkədə gördüyün yenilikləri, xalqın demokratiya ortamında böyük, uğurlu gələcəyə gündəlik yürüşünü görəsən, yazmayasan – olası iş deyil. Başlıcası da sən özün uzun illərdən bəri xalqının demokratiyaya, çağdaş dünya düzəninə qovuşması uğrunda ardıcıl, prinsipial, dirənişli çarpışma aparırsansa.
Çox qalmağa çox da pul gərəkdiyindən mənim Gürcüstana gediş-gəlişim daha çox bir gün çəkir. Bir gün çəkir, ancaq o bir günü də mən klinika işləri içində olmaqla boş durmur, gərəkən bilgiləri toplamağa çalışıram. Klinika demişkən, elə klinikadan başlayaq. Bəlli olduğu kimi, mənim gözüm iki yol Fərman Ceyranlının “Lanset” klinikasında operasiya olunmuşdu. İndi üçüncü operasiya üçün getmişdim. Bu gedişimdə Fərman Ceyranlının klinikasında üç ildə görmədiklərimi gördüm...
Dördqat prezidentin minqat yamanlıqları
Azərbaycanın dördqat prezidenti İ.Əliyevin ürəkdən sevinib şadlanması üçün burada gerçəyi gizlətməyəcəm. Diasporla iş komitəsinin sədri Nazim İbrahimov sədrliyi boyunca dünyanın bu başından o başına onadək qurulmuş Azərbaycan diaspor qurumlarını darmadağın etdiyi kimi, İ.Əliyev də, demək olar, “Lanset” klinikasını darmadağın edib – klinikia az bir arada qazandığı böyük avtoriteti itirməkdədir. Bir çağlar istər həkim, istərsə də pasient kimi çoxlarını özünə çəkən klinikada indi tərsinə sürəc yaşanmaqdadır...
Gərəkən əkləmə. Birinci vitse prezidentin özünə gələcək üçün yeni , öz kadrlarından komanda düzəltdiyi çoxdan bəllidir. Sözsüz, bunu hamıdan yaxşı M.Əiyeva ilə barışmaz konfliktdə olan R.Mehdiyev bilir. Bilir, bildiyi kimi də bacardığı dirənişi göstərir. Burası ilginc bir görsənişdir: M.Əliyevanın bir-birinin ardınca baş görəvlərə gətirilən kadrlarının sunulması daha çox R.Mehdiyevə tapşırılır. Sizcə, R.Mehdiyevin görəv borçuna görə? Uzaqbaşı bir də buna görə. Başlıcası, ona görəv çevrəsini barmaqla göstərmək üçün!
R.Mehdiyev sunuş törənində Nazim İbrahimovun işdən uzaqlaşdırılma nədənindən də danışıb. Sən demə, N.İbrahimov “səriştəsiz” olduğu üçün diasporla işi düzgün qura bilməyib. Ağ yalandı! N.İbrahimov bütün bu hakimiyət dönəmi boyunca Diasporla iş komitəsinin sədri olub. O, gerçəkdən “səriştəsiz” idisə, nəyə görə indiyədək görəv başında saxlanırdı? Sözsüz, gerçək nədən bu deyil, N.İbrahimovun bunlara atması faktıdır. 2008-ci ildə Avropada olanda mənə N.İbrahimovun diaspor qurumlarını necə dağıtdığından danışmışdılar. Mən də eşidib-öyrəndiklərimi yazıb “Azadlıq”da işıqlandırmışdım. İ.Əliyevlə R.Mehdiyev onda da indiki görəvlərində idilər. Onda niyə N.İbrahimovu “səriştəsizlikdə” suçlayıb işdən götürmürdülər? N.İbrahimov o çağlar aldığı tapşırığa uyğun olaraq diaspor qurumlarını uğurla dağıdıb etkisiz duruma gətirdiyi üçün! Diaspor qurumları Rusiyada, Avropada, Amerikada darmadağın edildi. Uzun sürəli arxayınçılıq əldə etmək üçün ötən il İ.Əliyev “Xaricdə yaşayan aztəminatlı Azərbaycan ailələırinə yardım” adı altında çox ilginc bir “sərəncam” qolladı. Ölkə AZTƏMİNATLI ailələrlə aşıb-daşırkən “xaricdə”, Azərbaycandakılarla tutuşdurmada hamısı yüksək düzəydə yaşayan azərbaycanlılarla bağlı belə bir “sərəncəm” nə demək idi? Rejimin soyub-yağmalama yoluyla yaratdığı dolanışıq dözülməzliyindən ölkədən qaçıb gedənləri satın alıb susdurmağa, gərəkirkən rejim qulluqçusuna çevirmək üçün. N.İbrahimov bu yeni yönərgəni gərəyincə yerinə yetirə bilmədiyi üçün görəvdən atılmışdı. Görünür, N.İbrahimov özünü daha artıq “aztəminatlı” saydığı üçün aşırı ölçüdə pul mənimsəyib. Sözügedən “səriştəsizliyi” doğuran yalnız bu ola bilər: əliyevçi rejimdə belə “səriştəsizliklər” bağışlanmır!
Az bir arada böyük ad-san qazanmış “Lanset”ə Qafqazın bütün bölgələrindən sağlamlıq dalınca gələnlər vardı. Ən böyük axın da Əliyevlərin soyub-yağmlama yoluyla yaman günə qoyduqları Sağlamlıq sistemini bütübnklüklə çökürtdükləri Azərbaycandan idi. F.Ceyranlı burada azərbaycanlılara ayrıca qayğı ilə yanaşır, çox yoxsul olan soydaşlarımıza gərəkən bütün yardımları edirdi. Azərbaycandan “Lanset”ə olan axın, bir də F.Ceyranlının orada azərbaycanlı müxalifət adamlarına ayrıca sayğısı, qayğısı Əliyevlər hakimiyətində kəskin qıcıq doğururdu. Belə bir qıcıq sonucu olaraq F.Ceyranlı 6 il iş aldı. F.Ceyranlı məhkəmədə onu İ.Əliyevin tutdurduğunu bildirdi. (Burasını da bildirmək gərəkir: F.Ceyranlının gündən-günə artıb genişlənən uğurları onun bir sıra gürcü kolleqalarını da qıcıqlandırıb onun düşmənlərinə çevirirdi).
“Lanset”in foyesini mən bütün gedişlərimdə adamla dolu görmüşdüm, indi o görsəniş yox idi. İstər bu, istərsə də jurnalist Əfqan Muxtarlının oğurlanıb Gürcüstandan Bakıya gətirilməsi faktı Azərbaycanda çox düzgün olaraq acıqla qarşılanmaqdadır. Çoxları bunu demokratik Gürcüstan hökumətinin demokratiya-qanunçuluq baxımından dönüklüyü sayır. Burası sözsüz belədir, ancaq ortada keçilməsi çətin bir faktor var: doğal resurslardan yoxsul Gürcüstanın doğal resursları bol Azərbaycandan asılılığı faktoru! Əliyevlər uzun illərdir bu iki faktoru balanslaşdırmaqla özləri üçün gərəkən uğurlar əldə edirlər. Bu üzdən də Elmar Hüseynovu öldürənlər Gürcüstanda arın-arxayın gəzirkən onları tutub gətirmək “olmur”, ancaq jurnalist Ə.Muxtarlını çox asanlılqla tutub gətirmək, doktor-professor F.Ceyranlını çox asanlıqla tutdurub yox yerdən 6 il iş verdirmək olur!
Bir daha vurğulayıram: “Lansetin” foyesini mən Tiflisə bütün gedişlərimdə adamla dolu görmüşdüm, indi o görsəniş yox idi. Bu gedişimdə Tiflisin özü də mənə Azərbaycanın demokratik varlığı baxımından boşalmış göründü: Tiflis daha Azərbaycanın müxalifətçi demokratları üçün sığınacaq yeri deyil. Bui fakt demokratik sayıb güvənlə yanaşdığımız qonşu Gürcüstana bütünlüklə başqa, uğursuz imic qazandırır.
Gürcüstanda demokratiya
Gürcüstanda gerçəkdən demokratiya var, ancaq bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, özü üçün – gürcülər üçün demokratiya. Düzəliş edəsi olsaq, başlıca olaraq gürcülər üçün! Buna görə bizim onları qınamağımız çox da düzgün deyil. Ən düzgünü bizim də çalışıb özümüzə demokratiya qurmağımız olardı! Demirikmi: “qonşuya umud olan şamsız qalar”- belədirsə, onda biryolluq bilməliyik: evimizdə ŞAM yandırmaq başqalarının deyil, bizim borcumuzdur!
Gürcüstanda o ŞAM 2003-cü ildən - M.Saakaşvilinin hakimiyətə gəlişindən yandırılıb. Saakaşvili çoxdan hakimiyətdən getsə də, onun Gürcüstana gətirdiyi DEMOKRATİYA, DEMOKRATİK QANUNÇULUQ bu gün də qalmaqda, qayımlaşmaqdadır. Demokratiyanın, demokratik qanunçuluğun getdikcə daha çox qayımlaşması üzündən gürcü xalqının özünə güvəni, özünə inamı da artır. Sözsüz, burada politik-yuridik, sosial-ekonomik qanunların uzlaşdırılıb demokratikləşdirilməsi olduqca önəmli rol oynayır. Dövlətin xırda biznesi dönməz qanunçuluq bazasında durmadan çiçəkləndirməsi güclü orta qat yaratmaqla Gürcüstan toplumunun damarlarına yeni qan – yeni enerji axıtmaqda, bu isə öz sırasında gürcü toplumunu durmadan sağlamlaşdırıb gücləndirməkdədir. Bütün bunların sonucu olaraq ortaya qabaqkından çox seçilən xoşgörülü, uyğar bir xalq çıxmaqdadır. Rüşvətin-korrupsiyanın, oğurluğun, soyğunçuluğun, dalaşqanlığın geniş yayıldığı Gürcüstandan indi bir iz belə qalmayıb. Bütün bunlara görə də indi Gürcüstanda, başlıcası da Tiflisdə polis az qala gərəksiz bir qurum görəvlisinə çevrilərək yoxa çıxıb. Bu polis gərəksizliyinin özü Gürcüstanda uyğar, yeni, çağdaş davranış kültürünə yiyələnən bir xalqın doğuluşunun ən tutarlı görsənişidir!
Son çağlar Gürcüstanda rüşvətlə bağlı söz-söhbətlər dolaşmağa başlayır. Gürcüstanda rüşvət başda olmaqla bir sıra neqativlərin yenidən baş qaldırmasında Əliyevlər hakimiyəti başlıca rol oynayır. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Qonşuluqda Gürcüstan kimi demokratik, qanunçuluğa söykənən bir dövlətin olması bütünlüklə korrupsiyaya bürünmüş Əliyevlər hakimiyətinə dinclik verməyən görsənişlərdəndir. Bu baxımdan doğal resurslardan yoxsul Gürcüstana soxulmaq, Gürcüstan hökumətini az-çox özündən asılı duruma salmaq Azərbaycanın aşıb-daşan resursları üzərində ailə monopoliyası yaratmılş əliyevçi hakimiyət üçün asandan da asandır. SOKAR başda olmaqla Gürcüstanda başlıca yanacaq-energetika monopolistinə çevrilmiş Əliyevlər hakimiyəti orada bizdəkindən bütünlüklə seçilən politika yürüdür. Bizdə soyğunçu xarakterilə tanınan Əliyevlər hakimiyəti Gürcüstanda özünü olduqca humanist, əliaçıq, yardımsevər bir hakimiyət olaraq göstərir: Gürcüstana qaz, yanacaq, ernerji bizdəkindən ucuz satılmaqla yanaşı, pulsuz da verilir. Buna görə (xalqının yaxşı yaşayışına görə!) Gürcüstan hökuməti əliyevçi hakimiyətin bir sıra istəklərini istər-istəməz yerinə yetirməli olur. SOKAR bir yana, bu gün bütün Gürcüstanı Əliyev-Paşayev birliyinin tikinti biznesi bürüyüb. Azərbaycanın dövlət resurslarına bağlı iki faktorun ikisindən də (SOKAR, Əliyev-Paşayev birliyinə bağlı geniş tikinti biznesi) itirən Azərbaycasn xalqı, qazanan Gürcüstanla Əliyevlər-Paşayevlər ailəsidir.
Dəmir yolundakı dəmirürəklilər
Azərbaycanda demokratik hakimiyət olsaydı, Azərbaycanın geopolitik üstünlüklərindən yararalanmaqla istər Azərbaycandakı yurddaşlarımız istərsə də Gürcüstandakı çoxsaylı soydaşlarımız üçün Gürcüstanda çox böyük üstünılüklər yarada bilərdi. Ancaq Əliyevlər (Paşayevlər) ailəsi ölkəmizin geopolitik üstünlüklərindən yalnız özü üçün yararlandan yiurddaşlarımız da, soydaşlarımız da dışlanmış durumla üzlışməli olurlar.
Tiflis Dəmiryolu vağzalında bir azərbaycanı ilə tanış oldum. Dediyinə görə, o, Bakı-Qars dəmiryolunun Axalkələkdə tikilməkdə olan böyük qovşağında işləyir. Dediyinə görə, qovşağı azərbaycanlıların yaşadığı Qarsda da tikmək olarmış, ancaq nəyə görəsə onu başlıca olaraq ermənilərin yaşadığı Axalkələk bölgəsinə salıblar. Qovşağın tikintisində başlıca olaraq azərbaycanlılar işləyirmiş. Ədalət adında bir zəngilanlının Azərbaycan dəmiryolunun Gürcüstan srvisinə rəis gətirilməsindən sonra durum dəyişib. Ədalətin gəlişindən sonra işçilərin aylığı 1800 manatdan 1500 manata endirilib. Bu kəskin endirimə dözməyən azərbaycanlı işçilər işdən çıxarılıb, onların yerinə ermənilər işə götürülüb. Deyilənə göprə, indi Azərbaycana bağlı Axalkələk dəmiryolu qovşağında 3 minədək erməni işləyir. Onların arasında Ədaləti doğma yurdundan qovmuş çoxlu Qarabağ ermənisinin olduğu bildirilir. Ermənilər, deyir, bizə Qarabağda, başlıcası da, Qubadlıda, Laçında, Ağdamda çoxlu mal-qara saxladıqlarından danışırlar. Bir erməni Qubadlıda kökəltməyə 70 dana bağlayıb gəldiyindən danışır. Onlar mal-qaranı, başlıca olaraq bordaq danalarını Gürtcüstandan keçirməklə Azərbaycana satdıqlarını bildirirlər.
Gömrük gözəlləməsi
Gömrük komitəsiniun sədri dəyişdirildi, eləmi? Kim dəyişdi? Əliyevçi rejim başçısı İ.Əliyev. Nəsə dəyişmədi, dəyişə bilməz: korrupsiya rejimi dəyişmədikcə kadr dəyişikliyi yalnız kosmetik xarakter daşıya bilər. Gömrük isə korrupsiya rejiminin başlıca qazanc qaynaqlarındandır. Ötən yüzilliyin 70-ci illərində baş verənlər bu gün də baş verməkdədir: Azərbaycan xalqı ona yad-yağı soyğunçu-korrupsioner rejim üzündən dolanışıq baxımından qonşularından (batı bölgəsində “Ermənistan”la Gürcüstandan) asılı durumdadır. Gündəlik olaraq ən azı dörd rayonun (Qazax, Ağstafa, Tovuz, Şəmkir) adamı Qırmızı körpü göpmrüyündən keçməklə Azərbaycandan Gürcüstana yüksüz yürümədə, Gürcüstandan Azərbaycana yüklənib sürünmədədir. Əliyevlərin hüquqsuz duruma gətirib, diz çökdürdüyü sürünən xalq: mənim, sənin, bizim xalqımız!
Qadın-kişi, qız-oğlan: yüzlərlə adam gündəlik olaraq Qırmızı körpünü keçməklə alver yolundadır. Bu yandan o yana boşluq-yüksüzlük olduğundan yenə yaxşıdır, o yandan bu yana ağır yük altında adamlar bir də acıqla yüklənmiş olurlar: basabas, kişi-qadın bilməyən söyüş-təhqir... Rüşvət də öz yerində: yalnız gömrük işçiləri deyil, buradakı əsgərlər də böyük rüşvət mexanizminin xırdaca detalları-vintcikləri yerindədir. Beləcə, Demokratik hökumətin başçılığı ilə Gürcüstan qatarı durmadan irəliyə, əliyevçi korrupsioner klanın başçılıığı ilə Azərbaycan qatarı durmadasn geriyə getməkdədir...