Qiyas İbrahimov və Bayram Məmmədov... Bu iki gənc düz 2 il bundan əvvəl keçmiş prezident Heydər Əliyevin heykəlin üstünü yazmaqla tarixə düşdülər. Azərbaycanda hər il 10 may (Heydər Əliyevin ad günü) Gül Bayramı kimi qeyd olunurdu. Ölkəyə xaricdən tonlarla bahalı gül gətirilirdi və ildən ilə də xərclər artırdı. Lakin 2016-cı ilin mayın 9-dan 10-a keçən gecə iki gəncin etdiyi hərəkət bu ənənəyə son qoydu. Həmin gecə sosial şəbəkələri iki şəkil bürüdü: Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək!”, “F... the sistem” şüarlar yazılmışdır. Bir gün sonra yazıların müəllifləri – NİDA Vətəndaş Hərəkatın üzvləri Qiyas ibrahimov və Bayram Məmmədov həbs edildilər: Qiyas oxuduğu universitetdə imtahandan çıxanda, Bayram isə evinin yanında. Hər iki gəncə qarşı “narkotik” ittihamı irəli sürüldü, gənclər ağlasığmaz işgəncələrə məruz qaldı və 10 il müddətinə azadlıqdan məhrum edildilər.
Qiyas İbrahimovun anası Şura Əmiraslanova “Abzasa” bildirib ki, bu gün oğlu ilə 2 saylı Cəzaçəkmə müəssisəsində görüşdü. Onun sözlərinə görə, Qiyasın səhhəti qaydasındadır, heç bir problem yoxdur: "Həmişə gördüyüm Qiyasdır. Əhval-ruhiyyəsi isə yaxşı deyil, çünki Orxan Baxışlının (AXCP fəalı – red.) həbs olunmasını eşitdi. Qiyas hesab edir ki, hakimiyyət gəncləri məhv etməkdə israrlıdır və bu istiqamətdə hərəkətlərini gücləndirəcək”. Əmiraslanova deyir gənc fəalın saxlanılma şəraitindən şikayəti yoxdur. Qiyas ancaq ona kitab verilməməsindən narazıdır: "CÇM-nin işçiləri artıq 3 həftədir ki, “rəhbərlik icazə vermir” deyərək, Qiyasa gətirdiyim kitabları geri qaytarır. Bu, tamamilə qanunsuzdur, çünki məhbuslara 10 qədər kitabı göndərmək, gətirmək olar”. “Bayramın əhvla-ruhiyyəsi yaxşıdır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur”. Bu sözləri “Abzasa” Bayram Məmmədovun anası Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, bir neçə ay bundan əvvəl səhhətində yaranmış problemlər artıq yoxdur: “2-3 ay müalicəsi getdi. İndi hər şey qaydasındadır. Mən Bayramı keçən bazar günü görmüşəm. Avropa İnsan Haqları Məhkəməsində onun və Qiyasın işi ilə bağlı kommunikasiyanın başlanması xəbəri ona çox pozitiv təsir göstərdi və ədalətin bərpa olunmasına inamını artırdı. Bayram hər dəfə istəyir ki, biz ona təzə xəbər verək, ölkədəki vəziyyətlə maraqlanır, hər dəfə dostlara salam göndərir”. Gənc fəalların vəkili Elçin Sadıqovun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi Qiyas və Bayramın işini icraata götürdü. Azərbaycan hakimiyyətinə artıq sorğu göndərilib və hakimiyyət sentyabr ayına qədər ünvanlanmış suallara cavab verməlidir: "Məhkəmə gənclərin işinə prioritet qaydasında baxır və biz ümid edirik və tələbimiz bundan ibarətdir ki, Avropa Məhkəməsi onları birbaşa azdlığa buraxılması ilə bağlı qərar qəbul edəcək”. NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədlinin sözlərinə görə, təşkilat Qiyas və Bayramın, eləcə də bütün siyasi məhbusların azadlığa çıxması ilə bağlı daima iş aparır: “Biz, mütəmadi olaraq beynəlxalq təkilatları ilə danışıqlar aparırıq, məsələni gündəmdə saxlamaq üçün davamlı müzakirələr aparırıq. Ölkə daxilində isə sosial şəbəkələrdə müxtəlif kampaniyalar aparırıq, bir müddət əvvəl “azad et” kampaniya keçirildi və çox populyar oldu. Biz, əsasən Qiyas və Bayramın gördüyü işin mahiyyətini insanlara çatdırırıq, deyirik ki, bu gənclər müstəqillik tarixinin ən cəsarətli addımını atdılar”.
Xatırlatma
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
Daha sonra, Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək “balalarınızdan görəsiz…” deyib.
Bu, hakimə hörmətsizlik kimi qəbul edilib. Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.
“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.