ReAl Partiyasının sədri İlqar Məmmədovun Cümhuriyyətin 100 illiyi ilə bağlı həbsxanadan bayram təbriki ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Bugünkü Azərbaycan hökuməti dövlətin sahibinin millət olduğu gerçəkliyini tanımır. Xarici imperialist havadarlarını təmin edən sülalə diktaturası xalqımızı qorxu mühitində saxlayaraq, onu dünyanın elmi, mədəni, ticari, sosial, texnoloji tərəqqisinin ön sıralarına keçməsinə imkan vermir. Yolunu azmış bu hakimiyyətin qorxduğu bir şey vardır. Bu da, “Millətlərə istiqlal, insanlara hürriyət” ideyasının işığıdır. Bu gün 100 rəqəmi həmin o cümhuriyyət işığının gücünü ifadə edir, 95 rəqəmi isə onun qarşısında hörülən neft, qaz və diktat divarının hündürlüyünü ifadə edən ölçü vahidləridir. O divar qanunsuzdur və sökülməlidir. Cümhuriyyət bayramınız mübarək!"
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.