Elnur Musayev Bədəl
Qoy qiyamət gününə qədər bizim nadanlığımıza dəlalət edən və avropalıların nəzdində bizim ağıldan naqis olmağımıza şahid sayılan bu cür əsərlər birdəfəlik itib-batsınlar. Bizdə bəzi kitablar da vardır ki, onları ya gərək öz əlimizlə odlayıb yandıraq, ya da çaylara axıdaq (Mirzə Fətəli Axundzadə).
Bu ilin aprelin 30-da Meydan tv-də "Qiyas İbrahimovun anası: Oğluma gətirdiyim kitabları vermirlər” adlı bir yazı oxudum. Qiyas İbrahimovun anası Şura Əmiraslanova verdiyi məlumatda bildirib:
“Bu problem son bir aydır var. Təxminən bir ay bundan öncə Qiyasa kitab aparmışdım. Kitabları ora qoyub gəldim. Bilirəm ki, rəisin müavini yoxlayır, sonra verirlər. Növbəti dəfə Qiyasa sovqat aparanda kitabları mənə qaytardılar. Səbəbini soruşdum, dedilər ki, izin yoxdur. Qiyas bununla neçə dəfədir ki, telefonda məndən kitablarını soruşur. Deyirəm, qoymurlar, icazə yoxdur. Qiyas bunun səbəbini bilir. Sonuncu dəfə danışanda dedi ki, kitabları bir də gətir, danışacam, icazə verəcəklər. Ayın 25-də yenidən apardım. Bu dəfə də vermədilər. Dedilər onsuz da həbsxanada kitabxana var və oradan istədiyi kitabı götürüb, oxuya bilər. Həmin kitabların orada olmadığını desəm də, buraxmadılar. Heç bir əsas, səbəb göstərmədən onun kitabını vermədilər”.
Ş.Əmiraslanova deyir ki, o, son 2 ildə ilk dəfədir belə hadisə ilə rastlaşıb. Ana bunu oğluna qarşı təzyiq hesab edir. O, oğlunun kitab oxumağının nəyindən qorxduqlarını bilmədiyini söyləyir: “Heç olmasa məntiqli bir açıqlama versinlər. Biz də başa düşək niyə belə etdiklərini”.
Şura xanımın verdiyi məlumatı bir neçə dəfə diqqətlə oxudum. Gözlədim ki, bəlkə təyinatla seçilən deputatlardan kimsə bu mövzuya toxunar, Şura xanımın verdiyi müsahibəni Milli Məclisdə qaldırar. Ancaq deputat əhlindən bir xəbər çıxmadı. Əlbəttə, təyinatla seçilən deputatların missiyası orta əsr tairixindən danışmaq və bununla da gündəmdə olan mövzunu dəyişməkdir. Məsələ burasındadır ki, insanlar təyinatla seçilən deputatlara ciddi baxmadıqları kimi ədəbiyyatçılara, şairlərə, yazıçılara, filosoflara, tənqidçi professorlara, hüquq üzrə fəlsəfə doktorlarına, hüquqşünas filosoflara, özlərini görkəmli və hər şeyə qadir hesab edən iqtisadçılara, tarixçi alimlərə, elmlər namizədlərinə, həkimlərə, ziyalı adıyla ortaya çıxanlara, mentalitet keşikçilərinə, axundlara, şeyxülislamlara, jurnalistlərə, xalq artistlərinə, müəllimlərə, bir sözlə ciddi sənət, peşə sahiblərinə də artıq ciddi baxmırlar.
Yazıçılarımız Şura xanımın verdiyi bu məlumatı ictimailəşdirmək əvəzinə Üzeyir Mehdizadənin Türkiyə səfərini müzakirəyə çıxardılar. Məşhur saytın redaktoru dolmanın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini Azərbaycan xalqının misilsiz, böyük qələbəsi kimi xalqa sırımağa çalışdı. Sosial şəbəkələrdə isə Cəlil Məmmədquluzadənin qəhrəmanları – Elçin Əlibəyli, Maral Tahir qızı, Kəramət Böyükçöl, Sabir Rüstəmxanlı müzakirə olundu.
Anarın kitablarını yandırmaq məsələsində xal qazanan siyasətçilər, təyinatla seçilən deputatlar, yazıçılar, sayt redaktorları, jurnalistlər, özünü ağıllı kimi göstərənlər nədənsə özlərinə sual vermədilər ki, “Necə olur ki, Anarın, Elçinin kitablarını yandırmaq vandalizm sayılır, ancaq Qiyasa anası tərəfindən oxumağa aparılan kitabların verilməməsi normal qarşılanır?”. Belə adamların səmimiliyinə inanmaq olarmı?
Nədir kitab? Hələ XVI əsrdə görkəmli materialist filosof, ingilis alimi Frensis Bekon yazırdı: "Kitablar zamanın dalğalarında səyahətə çıxan və öz qiymətli yükünü nəsillərdən-nəsillərə çatdıran fikir gəmiləridir". Rus yazıçısı Maksim Qorki demişdir ki, kitab onun həyatında ana rolunu oynamışdır və bütün yaxşı keyfiyyətləri üçün kitablara borcludur. O, kitabı "bilik, xoşbəxtlik və səadət mənbəyi" adlandırmışdır. Bəllidir ki, yaxşı kitab oxucuya gözəl insani duyğular, yüksək əxlaqi keyfiyyətlər, insansevərlik və. s aşılayaraq onu pis əməllərdən, çirkin niyyətlərdən çəkindirir. M.Qorki bu mənada kitabı özünün müəllimi, məktəbi hesab etmiş və özündəki yaxşı cəhətlər üçün kitaba borclu olduğunu bildirmişdir. O, kitabı "möcüzələr möcüzəsi" adlandıraraq tövsiyyə edirdi: "Kitabı sevin - o, bilik mənbəyidir, ancaq bilik insana nicat verər, ancaq bilik bizi, insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdən bəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı bir adam edər". A.İ.Gertsen yazırdı: "...qəbilələr, insanlar, dövlətlər yer üzündən silinib getmiş, kitab isə qalmışdır. O, bəşəriyyətlə birlikdə yüksəlmiş, beyinləri təlatümə gətirən bütün təlimlər, ürəkləri təlatümə gətirən bütün ehtiraslar kitabla cilalanmışdır". V.Şekspir kitabı "tacdan qiymətli", A.S.Puşkin "qəlbə həmdəm", V.Q.Belinski "zəmanənin həyatı", Y.Komenski "müdrikliyi yayma vasitəsi", M.Siseron "kitabsız evi ürəksiz bədən" kimi təsvir etmişlər. Rus cərrahı N.İ.Piroqov adamların əxlaq və əqidəcə tərbiyə olunub yetişməsində kitabın rolunu yüksək qiymətləndirərək demişdir: "Hansı kitabları oxuduğunu mənə de, mən sənin kim olduğunu söyləyim". Görkəmli rus yazıçısı Lev Tolstoy yazır: "Hər şeydən əvvəl ən yaxşı kitabları oxuyun, yoxsa onları mütaliə eləməyə macal tapmazsınız". "Hər gün dünyanın ən müdrik adamları ilə ünsiyyətə girməkdən qiymətli nə ola bilər" - deyən Tolstoy soruşur: "İnsanlar nə üçün oxuyurlar, nə üçün kitablara pul xərcləyir və onu bu qədər şərəfli tuturlar?". Dahi yazıçı öz sualına belə cavab verir: "İnsanlar xoşbəxt olmaq istəyirlər". Böyük rus yazıçısı F.M.Dostoyevski isə yazır: "Öyrənin və oxuyun. Ciddi kitabları oxuyun. Qalanını həyat yerbəyer edəcək". A.P.Çexovun fikirləri də maraqlıdır: "Kitablar qarşısında hamının rəngi-ruhu ağarır". Daha sonra o davam edir: "Tərbiyə olunmaq...yalnız Pikviki oxumaq və Faustdan monoloq əzbərləmək kifayət deyil... Bunun üçün gecəli-gündüzlü fasiləsiz zəhmət, müntəzəm mütaliə gərəkdir". Tanınmış şair Marina Svetayeva 1911-ci ildə yazırdı: "Mən yalnız təklikdə olarkən, kitab oxuyarkən, kitab üzərində işləyərkən hər şeyi unuduram... Kitablar mənə adamlardan çox şey verib. İnsan haqqında xatirələr kitablar haqqında xatırlamaların qarşısında həmişə solğun görünür". Görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin fikirləri isə vəsiyyət kimi səslənir: "Yox, insan kitabı ölməyə qoymayacaq...Ədəbiyyat insanın öz-özü ilə, özünün varlığı ilə söhbətidir. Bu söhbətə tələbat tükənəndə kitab yox, bəşəriyyət məhv olacaq".
Nə üçün Qiyasa həbsxanada kitab oxumağa icazə verilmir? Viktor Hüqo bu xüsusda yazır: “...İnsan düşüncəsi şəklini dəyişdikcə, ifadə üsulunu da dəyişəcək, hər bir nəslin rəhbər düşüncəsi üsul və vasitələrdən qidalanacaq, bu qədər möhkəm və əsaslı olan daş kitab daha möhkəm və daha əsaslı olan başqa bir kitaba təslim olacaq. İnsanın yaranışından xristian erasının XV əsrinə qədər arxitektura həmişə bəşəriyyətin böyük kitabı olmuş, bəşəriyyətin maddi və mənəvi inkişafının müxtəlif mərhələlərini ifadə etmişdir. İbtidai insanlar öz yaddaşlarının həddindən artıq yükləndiyini hiss etdikdə, bəşər övladının getdikcə çoxalan xatirələrini mühafizə etmək üçün şifahi sözün acizliyi meydana çıxdıqda bu xatirələri daha əyani, daha möhkəm və eyni zamanda daha təbii bir şəkildə təsvir etməyə başladılar: hər bir xatirəni bir abidə şəklində mühafizə etdilər. Son altı minillik dövrdə arxitektura olduqca qədim zamanlarda tikilmiş Hindistan məbədlərindən başlayaraq, Köln kilsəsinə qədər hər zaman insan nəslinin nəhəng kitabı olmuşdur. İnsan düşüncəsi özünü əbədiləşdirmək üçün nəinki arxitekturadan daha möhkəm və sarsılmaz, bəlkə də daha sadə və asan üsul kəşf edəcək. Memarlıq taxtdan salınır: Orfein daş hərfləri Quttenberqin qurğuşun hərfləri ilə əvəz edilir. Kitab binanı məhv edir. Çapçılığın kəşf olunması- bütün tarixi hadisələr arasında ən böyük hadisədir. Çapçılıq- bütün inqilabların anasıdır. Bəşəriyyətin fikirlərini ifadə etmək vasitəsi kökündən dəyişildi; insan fikri köhnə formasını yenisi ilə dəyişdi. Adəm dövründən bu yana bilik və elmi təmsil edən simvolik ilan, öz qabığını dəyişdi. XV əsrdə mətbu söz hələ zəif olduğu və qüdrətli memarlıqdan yalnız qalan şirəni çəkə bildiyi üçün memarlığın zəifləməsi hələ az nəzərə çarpırdı. Lakin XVI əsrdən başlayaraq memarlıq ciddi surətdə zəifləməyə başlayır, artıq ictimai fikrin baş ifadəçiliyindən məhrum olur. Dahi bir arxitektor təsadüfən XX əsrdə də doğula bilər. Məsələn, XIII əsrdə, arxitekturanın hakim olduğu bir zamanda böyük şair Dante doğulmuşdu. Lakin memarlıq artıq hər şeyə üstün gələn, hakim və kollektiv bir sənət ola bilməzdi. Artıq bəşəriyyətin böyük dastanları, böyük binaları, böyük əsərləri tikilməyəcəkdir. Artıq bu dastanlar, binalar və əsərlər çap olunacaq. Kitabın qiyməti daha ucuzdur və daha uzaqlarda intişar tapa bilir. Mətbuat XVIII əsrdə XIV Lüdovikin sarayında kifayət qədər istirahət etdikdən sonra Lüterin əski qılıncını götürüb Volteri silahlandırmış və memarlıq sahəsində ağır zərbə endirdiyi qoca Avropanın üzərinə gurultulu hücum etmişdi. XVIII əsrin sonlarına yaxın hər şeyi yıxmış və qalib gəlmişdi. Artıq XIX əsrdə o yaratmağa başlamalıydı. Quttenberqdən başlayaraq bu günə qədər çap olunmuş bütün cildləri bir- birinin üzərinə qoysaq, Yerlə Ay arasındakı məsafəni doldurmaq mümkündür. Kitab çapının bu günədək bizə nə verdiyini təsəvvür etmək istəsək, o qarşımıza bütün bəşəriyyətin yorulmadan tikdiyi, özülü bütün yer kürəsinə dayanan və zirvəsi gələcəyin qatı dumanlıqları arasında gözdən itən nəhəng bir bina şəklində meydana meydana çıxar. Bu həqiqətən bir fikir, düşüncə qaynağıdır. Çapçılıq sonsuz spirallar üzərində artan və böyüyən bir binadır; burada dillər bir-birinə qarışır, burada yorulmaz fəaliyyət, istirahətsiz əmək, bütün bəşəriyyətin əməkdaşlığı var. Yeni tufan, yeni barbar hücumları olarsa, bəşəriyyət üçün vəd edilmiş məskəndir bu bina. Bu bina - insan nəslinin ikinci Babil qülləsidir. Kitab çapı o qədər böyük mexanizmdir ki, daima cəmiyyətin bütün intelektual şirəsini sorur və yeni işlər üçün yeni ideyalr püskürür".
Baxın, elə buna görə də, hakimiyət Qiyasın həbsxanada kitab oxumasından qorxur. Bəli, əgər Şəxsiyyətlərinə böyük hörmət bəslədiyim, cəsarətlərinə qibtə etdiyim Bayram və Qiyas bir cümlə ilə tarix yaza bildilərsə, deməli, həbsxanada Qiyasın imkanı var ki, həbsdə olduğu müddət ərzində saysız-hesabsız kitablar oxuyaraq ortaya, siyasi arenaya konkret düşüncə, ideya qoysun. Məsələn, Qiyas həbsxanada saysız-hesabsız kitablar oxuyub belə bir ideya irəli sürə bilər. O deyə bilər ki, Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Konstitusiyamızda isə yazılıb ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Deməli, xalq zərbəni hakimiyyyətin onurğa sütununa (zəif iqtisadiyyatına) vurmaqla hakimiyyətin qan damar sistemini sıradan çıxartmalıdır. Xalq elə etməlidir ki, hakimiyyət ondan asılı olsun. Sual oluna bilər: Necə? Qiyas isə cavab verə bilər ki, “Azadlıq”, “İstefa”, “Siyasi məhbuslara azadlıq”, “Qarabağ”, “Talana, yalana, monarxiyiya son”, “Korrupsiyya son” şüarlarını “Rədd olsun vergilər” şüarı ilə əvəz etmək lazımdır. Çünki istənilən mitinqdə həmin məsələlərə toxunulacaq. Hakimiyyət qarşısında isə şərt qoymaq lazımdır: əgər hökumət Gürcüstana pulsuz qaz verisə, onda bizi vergilərdən azad eləsin. Hakimiyyət Qarabağı işğaldan azad edə bilmirsə, bizi vergilərdən azad eləsin. Hakimiyyət mənasız idman yarışlarını keçirtməkdən imtina etmirsə, bizi vergilərdən azad eləsin. Hakimiyət korrupsiyaya himayədarlıq edirsə, onda bizi vergilərdən azad eləsin. İnsanlar vergiləri ödəyə bilmədiyi üçün intihar etməsinlər, əksinə intihar etməmək üçün vergiləri ödəməkdən kütləvi şəkildə boyun qaçırsınlar və s. Əlbəttə, hakimiyyət belə ideyaya görə adamı fiziki cəhətdən məhv edər. Halbuki XIX əsrdə müttəhimlər kürsüsünə çıxardılan və belə bir ideya irəli sürən Karl Marks barədə məhkəmə heç bir qərar qəbul edə bilmədi. Çünki Karl Marks məhkəməyə sübut edirdi ki, bugünkü Amerikanın Amerika olmasının əsas səbəbi məhz “Rədd olsun vergilər” şüarı olmuşdur. Belə bir şüar 6 ay ərzində istənilən hakimiyyəti məhvə aparıb çıxardar. Bu ideyanı həyata keçirmək üçün isə sistemli mübarizə və təbliğat lazımdır. Hər şeyə qulp qoyan müxalifətçilərin isə diqqətinə ərz edək ki, ABŞ prezidenti R.Niksonun belə bir ifadəsi var: təbliğata bir dollar yatırmaq, yeni növ silah yaradılmasına 10 dollar qoymaqdan daha sərfəlidir. O öz təklifini belə əsaslandırırdı - silah heç vaxt tədbiq olunmayacaq, təbliğat isə hər saat, hər gün işləyir. Bu ifadəni sovet agentləri SSRİ yə ötürmüşlər.
Anarın, Elçinin kitablarının yandırılmasına da bu istiqamətdən yanaşmaq lazımdır. Əgər insanlar siyasətdən kənarlaşdırılıblarsa, ədalətsizlik hökm sürürsə və mübarizə aparmağa, etiraz etməyə heç bir yol qalmayıbsa, xalq bu ədalətsizliyə görə birbaşa məsuliyyət daşıyan insanların kitablarını yandırmalı, onlara kim olduğunu isbat etməlidir. Bu artıq vandalizm deyil. Bu qana qandır, qisasa qisasdır. Xalq özünə sual verməlidir: onun yazıçı və şairləri kimlərdir? Cəlil Məmmədquluzadənin qəhrəmanları – Kənan Hacılar, Tural Cəfərovlar, Kəramət Böyükçöllər, yoxsa Mirzə Fətəli Axundzadələr, Mirzə Ələkbər Sabirlər? Əgər xalqın yazıçısı Mirzə Fətəli Axundzadədirsə, Mirzə Fətəli Axundzadə belələri (Anar, Elçin, Sabir Rüstəmxanlı) ilə davranmağın yollarını xalqa çoxdan göstərib...
“Maksim Qorki 100 il öncə Bayramla Qiyasdan nə yazmışdı?” adlı yazımda olduğu kimi bu yazını da yazmaqda məqsədim etiraz etməkdir. Bu yazıda Qiyasa kitab oxumağa icazə verilmədiyi üçün etiraz edirəm!
P.S. Kitab yandırmağı vandalizm hesab edən deputat əvvəlcə özünün təyinatla deputat seçilmədiyini sübut etməlidir, çıxıb xalqın qarşısında təyinatla deputat seçilmədiyini təkzib etməlidir. Yox əgər bunu edə bilmirsə, lüfgən bu millətə nağıl danışmasın. Mənim aləmimdə təyinatla deputat seçilməyin özü ən böyük cinayətdir.
P.P.S. Bu yazını sayta verdikdən sonra öyrəndim ki, Qiyasa kitablar buraxılır artıq.