Müxtəlif adamları gizli səs yazıları, görüntülər və s. vasitəsilə rüsvay etməklə hədələyib pul almaqda suçlanan "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev 4 il azadlıqdan məhrum edilib.
Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
H.Vəliyev 2016-cı ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatda həbs olunandan sonra onun əmlakına da həbs qoyulmuşdu. Məhkəmə həmin əmlakı müsadirə etməyib. Hökmə əsasən, onun üzərindən həbs götürülüb.
Hökmdən öncə məhkəmədə son sözünü deyən baş redaktor bildirib ki, 25 ildir bu iqtidara xidmət edir, bunun 22 ilini seçki komissiyasının sədri olub:
"Məni həbs edənlər də, mən də hakimiyyətin üzvləriyik. 22 il idi ki, seçki komissiyasının sədri idim. İndiyə qədər etdiyim xidmətləri və mənə qarşı edilənləri tərəzinin gözünə qoya bilmirəm. Mərdi qova-qova namərd edirlər. Mən istəyirəm ki, cəza təyin edərkən mənim keçmişimə, fəaliyyətimə də qiymət verilsin. Mən həmişə iqtidarın yanında olmuşam. Mən o jurnalistlərdən deyiləm ki, ayağım çölə dəyən kimi gedib iqtidarın əleyhinə yazı yazım. Mən həmişə hökumətə xidmət etmişəm. Kimsə eşidə bilməz ki, bircə dəfə də olsun, qəzetimdə iqtidarın əleyhinə yazı yazım. Bəs, mən bu qədər xidməti niyə etmişəm?".
O, özünü təqsirli bilmədiyini və məhkəmədən ədalətli qərar gözlədiyini söyləyib.
H.Vəliyevin şantaj edib pul aldığı iddia olunan zərərçəkmişlər arasında icra başçısından tutmuş, ayrı-ayrı rayonların təhsil, maliyyə şöbələrinin rəhbərlərinədək müxtəlif vəzifə sahibləri olub. 2007-2013-cü illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Cəbrayılov bildirib ki, icra başçısı çalışdığı dövrdə H.Vəliyev onu şantaj edərək 15 min manatını alıb.