Cavid Ramazanlı
Statistikalar maraqsız və darıxdırıcı rəqəm yığınları kimi görünə bilərlər, onlarda canlılıq çatışmaya bilər. Lakin elə statistikalar var, çox vacib məsələləri əks etdirirlər. Azərbaycan Milli Statistika Komitəsinin bəzi məlumatları kimi.
Komitəyə görə, hazırda Azərbaycan Respublikasında 9,8 milyon insan yaşayır. 2 ildən sonra, 2020-ci ildə əhali sayının 10 milyon nəfərə çatacağı gözlənilir. Daha bir rəsmi göstəriciyə görə isə, ölkədə əhalinin 92 faizi Azərbaycan dilində danışır. Statistikalardan belə görünür ki, Azərbaycanda kifayət qədər böyük və monolit bir cəmiyyət yaranıb.
10 milyon həqiqətən də böyük rəqəmdir. Tarix boyu Azərbaycan Respublikasının mövcud olduğu ərazidə heç zaman bu qədər insan yaşamayıb. Gələcəyə inam yaradan maraqlı, cəlbedici göstəricilərdir bunlar. Bu rəqəmlərlə öyünən çox sayda insan da var.
Amma statistikalar bəzi çox vacib sualların ortaya çıxmasına da səbəb olur: məsələn, əksəriyyəti eyni dildə danışan 10 milyona yaxın insanın mənəvi zənginliyi, dünyagörüşü, estetik zövqü necə təmin olunur? (Hələ respublikadan kənarda bu rəqəmin qat-qat böyük olduğu deyilir, bəzi statistikalara görə isə ümumiyyətlə dünyada 40 milyona yaxın insan Azərbaycan türkcəsində danışır!)
Tarix kitablarını oxuyarkən, əksəriyyətimiz hər şeydən əvvəl qədim cəmiyyətlərin yaratdığı mədəniyyət abidələriylə maraqlanırıq. Sənət, mədəniyyət bir cəmiyyətin dili, dünyaya baxışı, zövqü, mənəvi zənginliyidir çünki...
Xüsusilə Azərbaycanda təhlükəli və xoşagəlməz sayılan siyasət kimi anlayışlardan fərqli olaraq, sənət nisbətən təhlükəsiz məfhum sayılır, əksər vaxt onun birbaşa siyasi hədəfi də olmur. Amma bununla belə sənət bir çox vacib şeyləri özündə ehtiva edir. O, insanları dəyərlər ətrafında birləşdirir, ruhi ehtiyacları təmin edir, davranışları və özünüifadəni formalaşdırır.
Suallar suallar yaradır: 10 milyona yaxın əhalisi olan Azərbaycan Respublikasında neçə ədəd müstəqil və ciddi fəaliyyəti olan sənət orqanı var? Həm ölkə daxilindəki, həm ölkədən kənardakı geniş bir kütləni hədəf alan, müstəqil, modern və funksional olan neçə ədəd jurnal, internet portalı, televiziya verilişi fəaliyyət göstərir? Ağla bir-iki dənəsi gəlir, onları da nə qədər sənət anlayışı çərçivəsindən dəyərləndirmək olar, şübhəlidir.
10 milyona yaxın əhalisi olan və bu əhalinin 90%-dən çoxunun dövlət dilini ana dili səviyyəsində bildiyi ölkədə effektiv, modern mədəniyyət və sənət orqanı yoxdur, jurnal, dərgi, televiziya proqramı yoxdur, müsabiqə yoxdur. Azərbaycanda kommersiya maraqları güdən kütləvi musiqi müsabiqələri xaric, qrup maraqlarından çıxış etməyən müstəqil və populyar sənət müsabiqələri keçirilmir.
İstənilən ölkə üçün dil strateji məsələdir. Elə ölkələr var, ədəbiyyat müsabiqələri oralarda daim cəmiyyətin diqqət mərkəzində olur. Azərbaycanda dövlət müsabiqələri xaric (bu müsabiqələrə kimlərin göz dikdiyi və hansı şərtlər altında keçirildiyi məlumdur), daimi və yaxşı təşkilatlanmış, sanballı mükafat verən ədəbiyyat müsabiqəsi keçirilmir. Hansısa əlamətdar günlə və hadisəylə bağlı epizodik müsabiqələr olur olmağına, amma bunlar nəhayətdə xüsusi təsirə və çəkiyə malik olmurlar.
7-8 il əvvəl Milli Ədəbiyyat Müsabiqəsi keçirilirdi, xeyli maraq da doğururdu, bir neçə dəfə keçiriləndən sonra dayandırıldı. Nəsimi ədəbiyyat müsabiqəsi vardı, o da eləcə, bir neçə dəfədən sonra keçirilmədi. Nizami müsabiqəsi elan olundu, bir neçə dəfədən sonra keçirilmədi. Rafiq Tağı qətlə yetiriləndən sonra, onun xatirəsinə həsr olunmuş mükafat elan olundu, bir neçə dəfədən sonra o da verilmədi. Gənc yazıçı Mövlud Mövlud intihar edəndən sonra, onun da adına ədəbiyyat müsabiqəsi elan olundu, hazırda da davam edir. Lakin bu müsabiqənin də epizodik olacağına, bir neçə dəfədən sonra keçirilməyəcəyinə yəqin ki, çox az adam şübhə edir. Ən azından təcrübə bunu deməyə əsas verir.
Ümumiyyətlə, belə bir maraqlı fenomen var bizdə: hər il mütləq hansısa yazıçı, şair vəfat etməli, həlak olmalıdır ki, onun adıyla bağlı sənət dərgisi, sayt fəaliyyətə başlasın, mükafat verilsin və ya müsabiqə keçirilsin, bir neçə ildən sonra itkinin ağrısı kəsilən kimi isə bütün bu işlərə son verilsin.
Respublikada son illər yaxşı təşkil olunmuş, nisbətən sanballı mükafatlar təqdim edən müsabiqələri Azadlıq Radiosunun “Oxu Zalı” səhifəsi keçirirdi. Beləcə, Azərbaycan cəmiyyəti xeyli sayda istedadlı yazıçı və şairlə tanışlıq şansı qazanmışdı. Azadlıq Radiosunun fatihəsi veriləndən sonra isə, bu müsabiqə də daha keçirilmədi.
Dünyanın əksər yerlərində mədəni tədbirləri, müsabiqələri adətən holdinqlər, şirkətlər, kommersiya quruluşları həyata keçirirlər. Ciddi sənət layihələri kommersiya uğuru gətirməsə də, bundan daha artıqlarını gətirir. Bu yolla ölkənin mədəniyyətinə töhvə verilir. Azərbaycandakı holdinqlərin, şirkətlərin, bankların mədəniyyət strategiyası isə sadədir. Onlar əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərlə bağlı qeyd dəftərçəsi, yaxud təqvim nəşr etməklə işlərini bitmiş hesab edirlər. Əslində isə, mədəniyyətə dəstək adıyla tarixi şəxsiyyətlər, əlamətdar günlər kommersiya və reputasiya naminə istismar olunurlar.
Əməli bir iş ortaya qoymağa resursdan çox resurs var, onsuz da bütün dünya bizim maddi qaynaqlarımızdan danışır. Ancaq mane olan nəsə var. Mədəni tədbirlərin həyata keçirilməsinə ya siyasi hakimiyyət imkan vermir, ya müəyyən şəxslər, ya da mədəni səviyyə. Ola bilsin ümumilikdə hər faktorun müəyyən dərəcədə öz payı var. Sonda isə fakt faktlığında qalır: 10 milyon əhalisi olan, 30-40 milyon insanı ətrafında birləşdirən bir ölkənin müstəqil, populyar və funksional sənət orqanı və müsabiqəsi yoxdur.
Elə bu səbəblərə görə statistikaların sirli, maraq doğuran tərəfləri olur. Onlar bəzi mənzərələri apaçıq gözlər önünə sərə bilirlər.
Sözdə biz şeirə, sənətə iddia edən böyük bir toplumuq. Amma bir dənə də olsun doğru-düzgün sənət orqanımız və müsabiqəmiz yoxdur. Ya zəlzələdən, ya vəlvələdən...