Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə əlaqədar demokratik qüvvələrin Novxanıda, Rəsulzadənin abidəsi önündə bayram mitinqləri ilə yanaşı, Bakının mərkəzində “İstiqlal abidəsi”ni ziyarətlə tədbirləri də keçirilib.
Lakin bu tədbirlərə polis müdaxiləsi olub. Polislər abidəni əhatəyə alaraq, ziyarətə gedənlərin qarşısını kəsib, onları yalnız iki-iki, üç-üç abidənin önünə buraxıb.
Günün əvvəlində abidəni Qarabağ Azadlıq Təşkilatı və Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri ziyartə etmək istəyib, ancaq qarşıları kəsilib.
Yürüşə imkan verilmədi
Saat 12-də isə ReAl partiyası və bir sıra ictimai-siyasi fəallar “İçərişəhər” metrostansiyasından abidəyə doğru yürüş etməyə cəhd göstərib. Lakin bu yürüşə də imkan verilməyib.
Yürüşə çıxanlar əllərində Cümhuriyyət qurucularının portretlərini və dövlət bayrağını tutublar.
Yürüşə mane olmamaq üçün polislə aparılan danışıqlar nəticəsiz qalıb. Sonda belə razılığa gəlinib ki, yürüşçülər abidəni üçnəfərlik qruplarla ziyarət etsinlər.
Polis kütləvi yürüşə icazə verilməməsini küçə hərəkətinə əngəl yaratmaqla izah edib.
Təşkilatçilardan ReAl-ın sədr müavini Azər Qasımlı Azadlıq Radiosuna deyib ki, onlar tədbiri bu şəkildə keçirməyi planlamasalar da, rəsmilərin dediyi ilə razılaşmalı olublar.
Hətta gül və şokalad paylamaq da qadağandır
Polis D-18 Hərəkatının Cümhuriyyət bayramı ilə əlaqədar Bakının mərkəzində sakinlərə şokolad və qızılgül paylamasına da imkan verməyib. Təşkilatın hazırladığı şokolad hədiyyələrinin üzərində Məmməd Əmin Rəsulzadənin şəkli əks olunub. Eləcə də Hərəkat üzvləri adından qısa bir təbrik yer alıb: “D18 Hərəkatı Sizi Cümhuriyyət günü münasibətilə təbrik edir”.
Polis hədiyyələri Bakı sakinlərinə paylayan Hərəkat üzvlərini saxlayaraq xəbərdarlıq edib, onlara 5 nəfərdən çox adamın bir yerdə toplaşmasına icazə verilmədiyini söyləyiblər. Eləcə də şokoladların üzərində şüar yazıldığını, kütləvi şəkildə gül paylamağın imkansız olduğunu deyiblər.