Bəhruz Səmədov
Müxtəlif ictimai-siyasi (siyasi psixilogiya, siyasətdə mədəni araşdırmalar) elmlərdə "münaqişənin rutinləşməsi" (routinization of conflict) siyasəti anlayışı mövcuddur. Bu siyasətin əsas mahiyyəti münaqişənin simvollarının və kodlarının gündəlik həyata sirayət etməsi və bir parçasına çevrilməsidir.
Konfliktin qavranılması və qəbul olunması əsasən media vasitəsi ilə həyata keçirilir. Zamanla, münaqişə individlərin koqnitiv sxemlərinin bir parçasına çevrilir. Gündəlik konfliktin aktuallaşması yavaş-yavaş individlərin kimliklərinə təsir edir. Fransız sosioloqu Pyer Burdyonun (Pierre Bourdieu) dediyi kimi, "hegemonik sosial vəziyyət individlərin şüuru tərəfindən filtrdən keçir və onların həyatının bir parçasına çevrilir".
Ancaq maraqlı olan başqa bir məsələ var. Hegemonik siyasi qüvvə (hegemon diskurs) bu cür kollektiv yaddaş siyasətindən məharətlə istifadə edir. Bu, təkcə vətəndaşları müharibəyə hazırlamaq demək deyil. Daha vacib məsələ onlarda "ontoloji stabillik" hissini yaratmaqdır. Münaqişə mədəniyyətinə aid insan üçün stabillik (oxu: hakimiyyətin dəyişməməsi, eynilik) çox önəmlidir (siyasi iqtidarın 90-cı illər haqda toposu yada salaq). Paradoksal olan budur ki, konfliktin öz həllini tapmaması da "ontoloji stabilliyin" bir parçasına çevrilir.
Göründüyü kimi, həllini tapmamış konfliktlər manipulyasiya obyektinə asanlıqla çevrilə bilər. Xüsusən də uzun zaman davam edən, birbaşa hərbi qaşıdurmaların olmadığı, ancaq zaman-zaman kəskinləşdiyi konfliktlər bu qəbildəndir. Bu tip münaqişələr özləri mədəni kodlar formalaşdırırlar. Antik zamanlarda bu cür münaqişələrin misalı kimi yunan şəhər-dövlətlərinin Persiya ilə, Romanın Karfagenlə müharibələrini missal gətirmək olar.
Uzun müddət davam edən münaqişələrin həll olunması xüsusi ilə çətindir, çünki münaqişənin mədəni kodları xalqların kimliyi məsələsinə çevrilir, onların kollektiv yaddaşlarının bir parçası olur. Münaqişənin olması təbii, gündəlik təcrübələrin bir parçasına çevrilir. Konflikt hətta koqnitiv sxemin, dünya haqda təsəvvürün (world view) mərkəzində dayanan elementinə çevrilir, milli kimliyin mövcüdluğuna haqq qazandırır, gələcək “böyük zəfərlər” isə individlərin həyatına məna yükləyir. Mədəni məhsullar, siyasi nitqlər, filmlər, heykəllər, tarixin müxtəlif hissələri eyni bir münaqişə üzərində qurulur. Məşhur Amerikalı linqvist George Lakoffun deyir ki, biz metaforalarla yaşayırıq, belə halda, “rutinləşdirilmiş münaqişə” metaforik təzahürünü də tapır (“erməni dəyirmanına su tökən müxalifət”).
#xankəndinivur mövzusu da buradan törəyir. Zaman-zaman bu cür aktuallaşmalar olmasa (həqiqəti əks etdirib-etdirməməsi isə əsas məsələ deyil), münaqişə mədəniyyəti öz mahiyyətini itirər. Ermənistanda son baş verən hadisələrdən sonra belə aktuallaşma gözlənilən idi. Münaqişə mədəniyyətinin var olması, yenidən və yenidən aktuallaşması isə alternativ diskurslara dözümsüz olan siyasi iqtidarların əsas dayaqlarından biridir. Bu cür aktuallaşmalar demokratiyanın qarşısının alınmasına, həllini tapmayan münaqişədən törəyən dəyərlərin ətrafında cəmiyyəti birləşdirməyə (təbii ki, münaqişənin hakim diskursun interpretasiyasında) xidmət edəndə, real həll yolları tapılmır. “Ontoloji stabillik”, beləliklə, pozulmur.
Güncəlləşmiş (rutinləşmiş) münaqişə və onun həllinin tapılmaması qeyri-demorkatik rejimlər üçün “daimi mühərrik” rolunu oynayır.