Tural Hacıbəyli
Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı aylardır gedən proseslər mənim üçün yekunlaşdı. Kollegiyaya sənəd qəbulu elan edilən vaxtdan ilk ixtisas imtahanının verildiyi günədək AR VK-nın sədri, Rəyasət Heyətinin, İxtisas və İntizam Komissiyalarının üzvləri dəyişdi. Bu səbəbdən çoxlarında AR VK-da sistemin və yanaşmanın dəyişəcəyi ilə bağlı ümidlər yarandı. AR VK-nın rəhbərliyinin mətbuata verdiyi açıqlamalar da bu mənada az rol oynamadı. Məhz bunun nəticəsində tarixində ilk dəfə olaraq 1873 nəfər kollegiyaya üzv olmaq üçün sənədlərini təqdim etdi. Amma təəssüf ki, bütün bunlar illuziya və imitasiyadan başqa bir şey deyilmiş. Təqribən ilk ixtisas imtahanına bir ay qalmış test imtahanının təşkili, namizədlərə veriləcək sualların xarakteri, imtahanın keçirilmə qaydaları, namizədlərin imtahanlara hazırlaşması üçün proqram və s. ilə bağlı açıqlamalar və paylaşımlar yayıldı. Açıqlamalara görə Azərbaycanda vəkillərin sayı az olduğundan mümkün qədər sayın artırılması məqsədilə suallar 60% asan olacaqdı. Yenə inam, yenə ümid. Bunun da imitasiya olduğu test imtahanında namizədlərə paylanan sual kitabçasının birinci vərəqini açdıqda hamıya məlum oldu. Nəticədə 1873 nəfərdən yalnız 607 nəfər 60 ballıq baryeri aşaraq ikinci mərhələyə keçdi. Yəni namizədlərin üçdə ikisi birinci mərhələdəcə marafonu dayandırdı. Namizədlərin üçdə ikisinin birinci mərhələni keçməməsinin bir çox səbəbləri olsa da (hüquq təhsilinin səviyyəsi, təlim kurslarının müntəzəm və peşəkar təşkil edilməməsi, praktika keçmək imkanlarının məhdudluğu və s.), əsas səbəb test suallarının hazırlanması prosesinə peşəkar hüquqçuların və vəkillərin cəlb edilməməsi idi. Müxtəlif qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətlərdən, gələcək fəaliyyətində vəkilin ehtiyacı olmayacaq informasiyalardan, ölü maddələrdən və əvvəlki qəbul imtahanlarında salınmış sualların bir az dəyişdirilmiş variantından ibarət yeni test kitabçası tərtib edilmişdi. Məntəqə seçki Komissiyasının üzvləri hansı sayda və hansı orqan tərəfindən təyin edilir, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 14-cü Protokoluna görə hakimlərin səlahiyyət müddəti nə qədərdir, biri kollektiv mübahisələrin barışdırıcı üsulu deyil və s. buna misal ola bilər. Nəticədə 66 balla birinci mərhələni keçdim. Nəticə gözlədiyim qədər yüksək olmasa da namizədlərin üçdə ikisinin ikinci mərhələyə keçməməsi, test suallarının xarakteri və ikinci mərhələyə keçən şəxslərin əksəriyyətinin məhz 60-70 arası bal toplaması fonunda o qədər də faciəvi görünmürdü. 01 mart tarixindən namizədlər müsahibəyə, faktiki olaraq isə şifahi imtahana çağırılmağa başlandı. Şifahi imtahanda da elan olunmuş proqram üzrə namizədlərə ümumilikdə 14 məcəllədən, 2 konstitusiya aktından, 14 qanundan, 1 konvensiyadan, 1 konstitusiya qanunundan suallar veriləcəyi bildirilirdi. Bu qanunvericilik aktlarının maddələrinin sayı təqribən 6150-dir. Şifahi imtahanların başlandığı gündən namizədlərə verilən sualları toplamağa başladım. Suallardan görünürdü ki, əksəriyyəti ümumi suallardır və cavab verilməsində çətinlik yoxdur. Yəni əksər suallar hansısa qanunvericilik aktının hansısa fəslini əhatə etdiyindən və ya praktikada geniş tətbiq edilən maddələr olduğundan cavab vermək o qədər də çətin deyildi. Məsələn, “Torpaqların dövlət ehtiyacı üçün alınması”, “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətin qəbuledilənlik kriteriyaları”, “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət”, “İnzibati Prosessual Məcəllədə iddianın növləri”, “Mülki Prosessual Məcəllədə işin baxılmamış saxlanması”, “Əmək Məcəlləsində istirahət və qeyri-iş günləri” və s. Şifahi imtahanda iştirak edən şəxslər bildirirdi ki, bəzən konkret sual verildikdə cavab maddədə olduğu kimi tələb edilmir və əsas namizədin həmin maddə barədə təsəvvürünün olub-olmaması yoxlanılır. Amma o da məlum oldu ki, namizədlərə şifahi imtahanda adı proqramda olmayan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunundan və “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamədən də suallar verilir. 1 may tarixinə saat 15:30-a şifahi imtahana dəvət edildim. Həyəcan, stress, psixoloji basqı fonunda AR VK-nın girişində qeydiyyatdan keçib namizədlərin toplandığı otağa daxil oldum. Ümumilikdə 17 namizəd çağırılmışdı. Növbə ilə çağırılan namizədlər təqribən 7-10 dəqiqə zaman kəsiyində bir-birini əvəz etməyə başladı. Təqribən iki saat yarım sonra yüksək həyəcan və stresslə şifahi imtahanın keçirildiyi otağa daxil oldum. İlk gördüyüm şəxs AR Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov oldu. Elə burdaca Kərəmi ağlamaq tutdu. Bir neçə il öncə Avropa Şurasının, Avropa İttifaqının və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının “Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” adlı birgə layihəsi elan olunmuşdu və mən də layihəyə qoşulmuşdum. Layihəyə görə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə vəkillərə və hüquq müdafiəçilərinə təlimlər keçilməli, təlimi uğurla başa vurmuş şəxslər AR Ədliyyə Akademiyasının təşkilatçılığı ilə (yeri və təlimdə iştirak edəcək şəxsləri akademiya təşkil etməli idi) Bakıda və regionlarda vəkillərə və hüquq müdafiəçilərinə təlim keçməli idilər. Mən də təlimi uğurla başa vuran bir neçə şəxsdən biri oldum. İlk təlimimiz Şəki şəhərinə təyin edildi. Mövzu, yer, təqdimat və s. məsələlər təşkil edildikdən sonra, təlimə bir-iki gün qalmış mənə zəng edilərək bildirildi ki, AR Ədliyyə Akademiyası mənim təlimçi kimi iştirak edəcəyim təlimləri təşkil etməkdən imtina edir və mən təlimdən kənarlaşdırılmalıyam. Kənarlaşdırıldım. İzahsız, şərhsiz. Vəkilliyə qəbulun ikinci mərhələsində məni şifahi imtahana çəkəcək şəxslərdən biri məhz məni təlimdən kənarlaşdıran AR Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov idi. Suallar məndən əvvəl və sonra namizədlərə verilən suallardan fərqli olaraq kifayət qədər çətin, praktikada az rast gəlinən, konkret cavab tələb edən maddələrlə bağlı idi: 1. Mənzil Məcəlləsində xüsusi təyinatlı mənzillərin növləri; 2. “Konstitusiya məhkəməsi haqqında” Qanunda Konstitusiya Məhkəməsinin qərarlarının hüquqi qüvvəsi; 3. Mülki Məcəllədə lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri; 4. Əmək Məcəlləsində işçilərin ixtisarı; 5. Cinayət Məcəlləsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi. Əvvəlki namizədlərdən fərqli olaraq verdiyim hər cavaba “maddədə konkret elə yazılmayıb, olduğu kimi demək lazımdır” iradıyla üzləşdim. Şifahi imtahan yekunlaşdı. Binanın çölündə şifahi imtahandan çıxan bir neçə şəxsdən verilan suallar və cavabları ilə maraqlandıqda isə demək olar ki, cavablar eyni idi: “Suallar olduqca çətin idi”, “Hələ belə çətin suallar heç kimə verilməmişdi”, “Bacardığım qədər cavab verdim, amma cavablarımdan əmin deyiləm”, “Bir-iki sualdan başqa heç birinə cavab verə bilmədim, suallar çox çətin idi” və s. 8 may 2018-ci ildə şifahi imtahanların nəticələri elan olundu. Nəticələrə görə şifahi imtahanda iştirak edən 99 nəfər namizəddən 10 nəfər kəsilmişdi ki, bunlardan biri də mən idim. Mən 2009-cu ildən, yəni 4-cü kursdan nümayəndə kimi vətəndaşları məhkəmələrdə təmsil etmişəm. 2010-cu ildən bu günədək hüquq ixtisası üzrə işləyirəm. Bu illər ərzində yüzlərlə şəxsə hüquqi xidmət göstərmişəm. Avropa İnsan Hüquqları Məhkəməsinə təqribən 15 şikayət göndərmişəm. Bunlardan biri üzrə şikayət təmin edilib, başqaları isə ya kommunikasiya mərhələsinin başlanmasını gözləyir, ya da qərarın elan edilməsini. Ölkə daxilində apardığım işə bərpa, torpaqların dövlət ehtiyacı üçün alınması zamanı kompensasiyanın ödənilməməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, inzibati tənbehlərlə bağlı onlarla iş aparmışam. Bəs nə üçün kəsilmişəm sualının cavabı isə çox sadədir. 8 illik iş təcrübəmdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına almaqdan qanunsuz olaraq imtina etdiyi qeyri-hökumət təşkilatlarını, siyasi baxışlarına görə ondan çox işdən azad edilən şəxsi, siyasi baxışlarına görə inzibati məsuliyyətə cəlb edilən şəxsləri ya məhkəmələrdə təmsil etmişəm, ya da onlar üçün ərizə və şikayətlər yazmışam. Nümayəndəlik institutunun ləğvinə etiraz edən Praktik Hüquqşünaslar Qrupunun üzvü olmuşam. Başlıcası isə heç bir əsas olmadan ölkədən çıxışına qadağa qoyulan, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı qapadılan, Azərbaycanda məhkəmə-hüquq sistemini daim tənqid etdiyinə görə AR VK-ya üzvlüyə qanunsuz olaraq qəbul edilməyən Ənnağı Hacıbəylinin oğluyam. Dəllalın, sürücünün, ərizə-şikayət yaza bilməyən bəzi şəxslərin adının olduğu siyahıda nə mənim, nə də əvvəlki elan olunan nəticələr üzrə növbəti mərhələyə buraxılmayan Ruslan Mustafayevin (vəkil Əsabəli Mustafayevin oğlu), Ramil Süleymanovun (REAL-ın üzvü) adları yoxdur. Çünki, AR VK-da mahiyyət, düşüncə, yanaşma, məqsədlər və təfəkkür dəyişməyib, dəyişən yeganə şey adlar və AR VK-nın yeni inzibati binasıdır. Son vaxtlar müstəqil, peşəkar, prinsipial vəkillərin VK-dan çıxarılması da bunu bir daha sübut edir. Bütün bunlar onu göstərir ki, islahat adı altında cəmiyyətə sırınan “yeniliklər” ölüyə verilən süni nəfəs kimi bir şeydir. Vəkillik isə hər dəfə islahat, yeni komanda, inkişaf adı ilə ölümcül hala salınır. Başımız sağ olsun!