Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.
Abzas.net xəbər verir ki, bu barədə Avropa Şurasının məlumatında bildirilir.
Qərarı AŞPA Hüquq və İnsan Haqları Komitəsi verib.
İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat, “Azərbaycandakı siyasi məhbuslar” adlanan hesabat hazırlamalıdır.
2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər.
Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.
Onlar AŞPA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır.
“Buna görə də, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uygundur”, müraciətdə bildirilirdi.
AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi.