İyunun 27-də Avropa Şurası Parlament Assambleyasının saytında Parlament Assambleyasında ayrı-ayrı deputatların və keçmiş AŞPA üzvlərinin Korrupsiyası İttihamları üzrə Müstəqil İstintaq Orqanının Məruzəsi dərc edilib.
Məruzədə korrupsiya faktlarında özünü göstərən etik normaların pozulmasında təqsirli bilinən 29 deputatın adı açıqlanıb.
Bu deputatların bir hissəsi Azərbaycan nümayəndələrindən AŞPA-da Azərbaycan hakimiyyətinin maraqlarını təşviq etmək məqsədilə pul və hədiyyələr almaqda təqsirli bilinib.
Belə ki, Komitə Zmaqo Yelinçiç Plemenitinin 2012-ci ilin iyulunda "Laundromat" qalmaqalına cəlb olunmuş Britaniya şirkətlərinin birindən 25 000 avro aldığını müəyyən edib.
"Onun seçkilərin monitorinqi zamanı Azərbaycanın xeyrinə hərəkət etməsi ilə bağlı şübhə var", deyə məruzədə qeyd edilir. Bu nəzərə alınaraq, Yelinçiç Plemeniti ömürlük Avropa Şurasına daxil olmaq hüququndan məhrum edilib.
Komitə deputatlar Karin Strents, Karin Voldsett, Luka Volonte (Azərbaycan hakimiyyətindən pul alınmasında əsas fiqur) barəsində də AŞPA-ya daxil olmaq hüququndan ömürlük məhrum edilmə qərarları çıxarıb.
Məruzədə vəsaitlərin ötürülməsinin təşkilatçısı kimi Azərbaycanlı deputatlar Müslüm Məmmədov və Elxan Süleymanov göstərilib, onlar da korrupsiyada iştirak etməyə və etik normaları pozmağa görə ömürlük AŞPA-ya daxil olmaq hüququndan məhrum ediliblər.
Komitə həmçinin qeyd edir ki, yuxarıda adı çəkilən şəxslər əməkdaşlıq etməkdən və korrupsiya faktlarının araşdırılması üzrə komissiyanın suallarını cavablandırmaqdan imtina ediblər.
AŞPA-ya daxil olmaq hüququndan məhrum edilənlər arasında səlahiyyətləri 2010-cu ildə başa çatmış keçmiş Azərbaycanlı deputat Gültəkin Hacıbəylinin də adı çəkilir. Məruzədə qeyd edilir ki, onun əməllərində etik normaların cüzi pozuntusu olub.