İyunun 28-də AŞPA-nın yay sessiyası çərçivəsində təşkilatın 20-dən çox deputatı bəyanatla çıxış edərək Azərbaycanda insan hüquqlarının pozulmasını və ölkə hakimiyyətinin AŞ qarşısındakı öhdəliklərə məhəl qoymamasını pisləyib.
Bəyanatda Azərbaycan "Avropanın ən repressiv ölkələrindən biri" adlandırılıb. Burada seçkilər qorxu atmosferində keçirilir. Ölkədə siyasi motivli məhkəmə təqibləri və həbs cəzaları, amansız davranış və işgəncə tətbiqi praktikası yayılıb. Ümumilikdə, əsas insan hüquqlarına əməl olunmur. Siyasi həbslərə nümunə kimi korrupsiya faktlarını ifşa edən jurnalist və bloger Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsi göstərilib.
Digər nümunə kimi siyasətçi İlqar Məmmədovun işi göstərilir. Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının digər orqanları onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bir araya sığmayan bu cür hərəkətlərə görə məsuliyyət daşımalıdır, bəyanatda deyilir.
Sənədin qəbulunda təşəbbüsçü kimi norveçli deputat, Amnesty İnternational Norveç şöbəsinin rəhbəri Piter Eyde çıxış edib.
Sənədi dəstəkləyənlər arasında Ukraynadan üç deputat var: Vladimir Aryev, Olena Setnik və Mariya Yonova.
Bəyanat birbaşa hüquqi məsuliyyət doğurmur, lakin AŞ Nazirlər Komitəsi, AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycana dair qərarların qəbulunda nəzərə alınır.